"İşıqlandırsın"
Gün çıxıb ki, yenə dünyanı işıqlandırsın,
Yaxıb öz cismini hər yanı işıqlandırsın.
Bu nə sevda ki, məhəbbətdən əsər görsənmir,
Elə sevda elə, sevdanı işıqlandırsın.
Səndə də var meyl, məndə də, cəhd eylə, gülüm,
O təmənna bu təmənnanı işıqlandırsın.
Gözünü yuma ki, dərya qaralıbdır yenə də,
Gözünü aç yenə dəryanı işıqlandırsın.
Dərdimi gördü və loğman da təəccübləndi,
Et əlac dərdə ki. loğmanı işıqlandırsın.
Yazmışam “loğman”ı, bəs qafiyəsi düzmü məgər?
Tap elə qafiyə misranı işıqlandırsın.
Ey qəzəlxan, müəmma yaradırsan güya,
Elə nəzm et ki, müəmmanı işıqlandırsın.
Şahina, surəti tə’rif eləmək bəsdi daha,
Tə’rifin, sə’y elə, mə’nanı işıqlandırsın.
Tarix: 31.03.2013 / 17:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Qezeller
loading...