"Çün eşitdim, ey əzizim, sahibazar olmusan"
Çün eşitdim, ey əzizim, sahib azar olmusan,
Gərdişi - dövran ilə dərdə giriftar olmusan.
İncinib nazik bədən ol bəstər içrə, gah - gah,
Söylənən sözlərdən, aya, xeyli bimar olmusan?
Hadisati - ixtilafi - dövrdən zəhmət çəkib,
Möhnəti - amacgahi - çərxi - qəddar olmusan.
Payibənd etmiş səni ol həbsgahi - xanədə,
Neçə gündür ol səbəbdən tərki - bazar olmusan.
Dərdi - sər vermiş sənə asibi - dövrani - qəza,
Gül kimi rəngin solub, aludeyi - xar olmusan.
Mümkün olsaydı olurdum xidmətində müstədam,
Yüzümə çalma günahım, etmə bizar, olmusan.
Bilməzəm çərxi - fələk qılmış səni aşüftəhal,
Yoxsa biçarə Kərim tək sinəəfkar olmusan.
Mücrüm Kərim Vardani
Tarix: 30.03.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Qezeller
loading...