Ümidlərim üşüyür atəşində hicranın,
Sükunətim deyinir həsrətində cananın.
Nə bir soraq nə xəbər var mənim vüsalımdan,
Gümanlarım boğulur tüstüsündə əfqanın.
Səbir də vurnuxur axşam-səhər təlaş içrə,
Edir götür-qoy o yazıq bütün gün imkanın.
Könül küsüb yeməyi gec gələn uşaqlar tək,
Gələydi yarı qıçın sındıraydı şeytanın.
Ömür də yun kimi hər gün didildi könlümdə,
İtirdi can evi axir səliqə səhmanın.
Tamah yaman məni aldatdı bilmirəm neynim,
Üzüldü çıxdı əli əllərimdən imkanın.
Qan ağlayır qısılıb küncə məsum arzum da,
Sığallayan hələ yoxdur başın bu nalanın.
Baxışlarımda düşüb həkk olub qəmin ləkəsi,
Təmizləyim üzümün mən nə cür bu nöqsanın.
Bu Yasinin gününə ağlayan tapılmır heç,
Nə qədri dərdi olarmış, İlahi, insanın.
Tarix: 27.03.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Qezeller