Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaratmışdır ("Azərbaycan türk kultur dərgisi", Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Bir az sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk "Şərqi Rus" qəzetində (1903-cü il No20) çap olunmuşdur. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. ("Бакински рабочи" qəzeti, No60, 18 mart, 1923-cü il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cami 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan "Dünya" qəzeti M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı sil-silə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. ("Dünya" qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu "Fyuzat", həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı . 1908-ci il dekabrın 5-də Məmhəməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu pariyanın əsas orqanı olan "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur" ("Sühən" jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadəni ölkədən xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula müraciət edir. O, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Gök Alp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rə
ğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazanlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan "İran türkləri" (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: "Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor" (səh. 108).
O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin "Qamusi-aləm"inin birinci cildində (İstambul, 1889-cu il, səh.67) "Azərbaycan" məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan" qəzetində də bu məsələyə toxunur: "İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır". İstambulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) "Vəhdəti cinsiyə fəlsəfəsi"ni ("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış "Acı bir həyat" əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məhəmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik "Müsavat" partiyası"na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. "Müsavat" partiyasının quruluşu , "Azərbaycan", Ankara, No15(167), 1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil-ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Diriliyin" birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsi"ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş "Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər "Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazmıdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan "Açıq söz" qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi.
1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər ("Açıq söz" qəzeti", No431, 1917-ci il). Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında "Türk Ədəm Mərkəziyyət (federalist – M.Əliyev) partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti", "Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası" şüarları altında keçirilmişdir ("Baku" qəzeti, No80, 12 aprel, 1917-ci il).
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi. O, həmin dövrdə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik "Müsavat" partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı ("Açıq söz" qəzeti, No501, 18 iyun, 1917-ci il). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukaryananın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar ("Açıq söz" qəzeti No549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən "Türk Ədəmi Mərkəziyyət partiyası "Müsavat"ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır.
Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor" ("Azərbaycan" qəzeti, No41, 1918-ci il).
Gördüyümüz kimi, M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsi"ndən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: "Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edidilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!" ("Azərbaycan" (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi" (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı"nda oxuyuruq ki, M.Ə.Rəsulzadə "Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri çap olunmuşdur.
1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Yjdsq djcnjr" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap olunmamışdır. Bunu M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: "Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir ("Azərbaycan" jurnalı, Ankara, No3, 1955-ci il). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci ildə İstambulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda "Yeni Qafqaziya" jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstambulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kultur kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan "Britaniya ensiklopediyası"nda "Müsavat" partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan "Türk ensiklopediyası"nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif Rəsulzadə" və s. qeyd etmək olar. Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir" ("Sühən" jurnalı, tehran, No4, 1955-ci il). 1978-ci ildə, ölümündən 23 il sonra: - Ankarada M.Ə.Rəsulzadənin "Milli təsanüd" ("Milli həmrəylik") adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə "Əsrimizin Səyavuşu" və 1990-cı ildə isə "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. Azərbaycan milli dövlətinin yaradıcısı, xalqımızın böyık oğlu və görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini geniş oxucu kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib çatmışdır. Bu baxımdan ilk dəfə xalqımıza təqdim olunan M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" (Türk dilindən tərcümə edən Mayis Əlizadə), "Çağdaş azərbaycan ədəbiyyatı" və "Çağdaş Azərbaycan tarixi" (hər iki əsəri türk dilindən tərcümə edən Paşa Əli oğludur) əsərləri inanırıq ki, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.
Tarix: 23.08.2012 / 23:37 Müəllif: [Ram] Baxılıb: 4139 Bölmə: Siyasətçilər