Aspirindən ürək xəstəliklərinin profilaktikası üçün istifadə etməyə məcbur olan insanlar, yaş ötdükcə görmə qabiliyyətindən məhrum olmağa başqalarından iki dəfə çox risk etmiş olurlar. Bu barədə RBK xəbər verir. Bunu Niderlandın Nevrologiya İnstitutunun və Amsterdamdakı Akademik Tibb Mərkəzinin bir qrup həkimi aydınlaşdırıb.
Doktor Pol de Konqun rəhbərlik etdiyi alimlər Norveç, Britaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan və Estoniyada 65 yaşdan yuxarı 47 min nəfərin sağlamlığı və həyat tərzi barədə məlumat toplayıblar. Araşdırmanın 839 iştirakçısı hər gün aspirin qəbul edib. Onlardan 39-da alimlər "yaş makulyar degenerasiya" adlanan ağır göz xəstəliyi aşkar ediblər.
Makula və ya sarı ləkə torlu qişanın ən mərkəzi hissəsidir. Burada fororeseptorlar cəmləşib. Bütün torlu qişa deyil, məhz makula dəqiq rəngli görməni təmin edir, oxumağa imkan verir, rəngləri və insanların üzlərini bir-birindən fərqləndirməyə imkan verir. Yaşla bağlı makulyar degenerasiya sarı ləkədəki əsəb hüceyrələrinin məhv olması ilə bağlı xəstəlikdir. Xəstəliyin yaş formasında damarlardakı maye aid olduqları membrandan əsəb hüceyrələrinə çökür. Bu yerdə qansızma yaranır, şiş əmələ gəlir, daha sonra çapıq formalaşır.
Xəstəlik bir qayda olaraq dərhal hər iki gözü zədələyir və görmənin bərpaolunmaz itkisinə səbəb olur. Həm də çox zaman makulyar distrofiyadan qadınlar əziyyət çəkir. Quru makulyar distrofiya daha çox yayılıb. O, yaş makulyar distrofiya kimi təhlükəli olmasa da, görmənin pisləşməsinə gətirib çıxara bilər.
Aspirin ürək-damar xəstəliklərinin profilaktikasında ən geniş yayılmış vasitələrdən biridir, eyni zamanda, gözlərə də ziyan vurur. Pol de Konqun sözlərinə görə, aspirinin xeyri hər halda ondan gələn ziyanı üstələyir. Lakin preparatın qəbulu zamanı dozaya ciddi riayət etmək lazımdır.
Faktlar aspirinin özünün görmə qabiliyyətinin itməsinə gətirib çıxardığını təsdiqləmir. Lakin o, artıq başlamış olan xəstəliyi dərinləşdirə bilər. Bu barədə "Opthalmology" nəşrində dərc olunan araşdırmanın nəticələri deyir. Bununla yanaşı, qeyd olunur ki, aspirin yalnız yaş makulyar distrofiyanın kəskinləşməsinə yol açır və xəstəliyin quru formasına heç bir təsir etmir. İndi həkimlər xəstələrin nə dərəcədə çox aspirin qəbul etdiklərini aydınlaşdırmağa, yaş makulyar distrofiyanın inkişafında onun rolunu öyrənməyə çalışırlar.
Tarix: 16.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Oftalmologiya