" Döşənib gözlərimdə dar küçəniz " qəzəli
Xəfif bəhri
Döşənib gözlərimdə dar küçəniz,
Arzuma oldu bir məzar küçəniz.
Xam xəyallarla döymüşəm o qədər,
Olub artıq cadar-cadar küçəniz.
Gözlərimdən ki, düşdü, indi yaman
Korlanıb güzgü tək hamar küçəniz.
Deyinir bir ümid də öz-özünə,
Kəsib ömrün nə var, nə var küçəniz.
Daha dərdin mənimlə bölmür heç,
Yollarımdan düşüb kənar küçəniz.
Köçür artıq yavaş-yavaş deyəsən
Ürəyimdən qatar-qatar küçəniz.
Düzülüb Yasinin güman yoluna
Belə daş-daş, divar-divar küçəniz.
Tarix: 26.03.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Qezeller
loading...