Müctəssi-müsəmməni-məxbuni-məhzuf (əbtər)
MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilün (fə'lün)
Ömür at üstə gedir mən piyadə dərd ilə,
Gedir bu can beləcə gündə badə dərd ilə.
Sən öz əlin, qadası, öz başın, nə dərdin var,
Mənəm sızıldayan həddən ziyadə dərd ilə.
Tanış-biliş hamı öz iş-gücündə, həmdəm yox,
Bacarmayır bu qədər səbr, iradə dərd ilə.
Ağız açıb deməmiş, üz-gözümdə, hər şeydə,
Olur hər arzu, dilək, fikr ifadə dərd ilə.
Nə könlüm həsrət əlindən açıldı bir ləhzə,
Bacardı heç nə qan olmuş bu badə dərd ilə.
Bu dərdə, ey dəli könlüm, özün könül verdin,
Gəz indi qeyri qəmindən azadə dərd ilə.
Muğayat ol bu ömürdən ki, getməsin badə,
Könül, edərsiz onu istifadə dərd ilə.
Bu eşq dərdinə, Yasin, baş əy, xoş üz göstər,
Zərafət eyləyəsən, bax, məbadə dərd ilə.
Tarix: 26.03.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Qezeller