Sizcə, acımış insanın, ilk növbədə ağlından və könlündən nə keçir? Məncə sadə və tez hazırlanan yemək. Hələ qədim zamanlardan "fast-food”, yəni tez hazırlanan yeməklər çox populyar idi. Məsələn, Qədim Romada tez hazırlanan yeməkləri mayalı xəmirdən düzəldilmiş boşqablarda satırdılar və şəhər sakinləri nahar vaxtı yeməkxanalara tələsirdilər ki, həmin yeməkləri dadsınlar. Çin bazarlarında tez hazırlanan isti əriştə satılardı, Hindistanda-acı sousla düyü, Meksikada-bizim dürməyə oxşar takos, Rusiyada-küçələrdə satılan pirojki, Türkiyədə-dönər.
Sağlam qidaya üstünlük verənlərin, necə deyərlər, fast-fudu görən gözləri yoxdur. Zənnimcə, düzgün qida tərəfdarları əsl hamburgerin dadına baxsaydılar fikirlərini dəyişmiş olardılar.
Bulka arasında ketçuplu primitiv bir kotlet bu qaçhaqov həyatımızda əvvəl ABŞ milli mətbəxin favoriti oldu, sonra isə yarızarafat, yarıciddi bütün dünyanı fəth etdi. Bu günə qədər Hamburgerin vətəni adı uğrunda mübahisə aparır. Hamıdan da çox Ohoyo ştatı Seymur şəhərinin sakinləri buna iddialıdırlar. Deyilənlərə görə iki dilim çörəyin arasına bir kotlet qoyub hamburger adlandırmaq onların həmyerlisi Çarli Naqrinin ağlına hələ 1885-ci ildə gəlib. Bu şəhərin indinin özündə də hər ilin avqust ayının 1-ci şənbəsində hamburgerə aid bir məzəli festival-yarış keçirilir ki, həmin tədbirin sonunda iştirakçılar özləri ketçuplu kotletə bənzəyirlər.
Başqa bir versiyaya görə, hamburgeri ilk dəfə 1900-cü ildə Luis Lassen Nyu-Heyven şəhərində öz yeməkxanasında hazırlayıb. Yazığı yeməkxanadakı çəngəl-bıçaq oğurluğu o qədər bezdirib ki, ət məhsullarını iki dilim çörək arasına qoyub gələnlərə təqdim edərdi və öz etirazını belə bildirib.
Kulinariya tarixçiləri biznesmen Uotler Andersonun da adını müasir hamburgerlə hallandırırlar. 1921-ci ildə o, "White Castie Hamburqers” yeməkxanalar şəbəkəsini yaradır. Buranın şah yeməyi isə adi bulkanın arasındakı kotlet olur. Hamburgerin qiyməti heç də ucuz deyildi. Yəqin o hamburger indikilərin keyfiyyətindən çox fərqlənirdi.
Amma belə versiya da var hələ 1836-cı ildə Nyu-Yorkun "Delmonico”restoranında "Hamburq Steak” ən bahalı yeməklər sırasında idi. Bu isə yuxarıdakı hadisələrdən xeyli əvvəl olub.
Hamburgerin vətəni isə elə Almaniyanın Hamburq şəhəri də ola bilər. Almanlar ümumiyyətlə çəkilmiş ətdən hazırlanan yeməklərə daha üstünlük verirlər.
Hamburgerin tarixindən keçək onun hazırlanmasına:
Klassik hamburger
Mal ətindən farş-500qr
Bulka-4 ədəd
Pomidor-1 ədəd
Xiyar-1 ədəd
Kahı yarpağı-4 ədəd
Duz, qara istiot
Sous üçün
Ketçup-2x.q
Mayonez-2x.q
Xardal-1ç.q
Hazırlanması
1. Ət 2 dəfə ətçəkən maşından keçirilir, duz, istiot əlavə edilir. Farş fincanla 1.5 sm qalınlığında kəsilir. Kotletin diametri bulkanın diametrinə uyğun gəlməlidir.
2. Kotletlər 180 dərəcəyədək qızdırılmış sobada 10 dəq. hazırlanır.
3. Sobadan çıxararkən kotletlərin üstünə holland pendiri də qoymaq olar. Bu halda hamburgeri çisburger adlandıra bilərik
4. Bulkaların arası kəsilib 2 dəqiqə sobaya yerləşdirilir
5. Sonda hamburger yığılır-əvvəlcə bulkanın arasına kotlet qoyulur, sonra- pomidor və xiyar dilimləri, sonra-kahı yarpaqları. Bulkanın arasına 1 x.q sous əlavə edilir.
6. Sousu hazırlamaq üçün: ketçup, mayonez və xardal qarışdırılır.
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Dünya mətbəxi