Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lahmacun + Ayran resepti

Tərkibi:
8 ədəd lahmacun üçün
Xəmiri üçün:
1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1 3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz

Üstü üçün:
225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan – xırda-xırda doğranmış (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor – qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su
Süfrəyə Vermək Üçün:
cəfəri
limon
ayran (resept aşağıda)

Hazırlanması:
Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1 1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.
Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.
İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.
Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.
Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.
Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.

Ayran üçün:
4 stəkan qatıq
4 stəkan soyuq su
duz

Hazırlanması:
Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Dünya mətbəxi
loading...