Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ofis xəstəliklərindən necə qorunmalı?

Düşünəcəksiniz ki, ofis işinin nəyi zərərli ola bilər? Bütün günü isti, işıqlı otaqda oturursan, istədiyin vaxt qəhvə içirsən, sivilizasiyanın bütün faydalarına sahibsən. Amma elə ofis xəstəlikləri var ki, onlardan qorunmaq lazımdır.

Mədə-bağırsaq traktının xəstəlikləri

Baxmayaraq ki, ofis işçiləri üçün nahar etmək üçün yeməkxana ayrılıb, onlar, adətən, monitorun qabağında tez-bazar nə isə yeyir və ya ümumiyyətlə nahardan imtina edirlər. Bütün bunlar həzmetmə sistemində problemlər yaradır ki, bu da maddələr mübadiləsinin pisləşməsinə, artıq çəkiyə səbəb olur. Xüsusilə ABŞ və İngiltərədə ofis piylənməsi problemi yüksəkdir. İri şirkətlər korporativ siyasətə sağlam həyat tərzi siyasətini əlavə edib: işçilərə münasib qiymətə fitnes-kluba abunələr verilir, hətta ofisdə lifti bağlayırlar.

Gözdə ağrı və infeksiya

Görməyə ən böyük zərər, əlbəttə ki, monitor qabağında mütəmadi oturmaqdır. Həddindən artıq yüklənmədən gözdə ağrı və yanma əmələ gəlir. Nəticədə gözümüzü ovuşdurur, bununla da selikli qişaya infeksiya salırıq. Problemin yaranmaması üçün mütəmadi olaraq göz üçün hərəkətlər etmək və əlləri yumaq lazımdır. Unutmayın, göz və üzə əl vurmayın.

Allergiya

Bu, bəziləri üçün təəccüblü səslənəcək. Amma həqiqətdir. Çünki ofisdə işləyərkən işçilər kondisioner, printer, skaner və digər ofis texnikasından havaya yayılan toksiki maddələri təmizləmək üçün arabir otağı havalandırmağı unudurlar. Eyni zamanda iş stolunda nəm təmizlik işləri aparmaq lazımdır.

Psixi pozğunluq

Bu problem kənardan yorğunluq və etinasızlıq kimi görünür. Xüsusilə psixi pozğunluq payızda, günəş şüasının az olduğu müddətdə baş verir. Günəş şüası azdırsa, deməli, xoşbəxtlik hormonu olan serotonin də azdır.

Bel və boyunda xroniki ağrılar

Belə problem ofis işçilərinin 30%-də baş verir. Səbəbi isə aydındır - eyni vəziyyətdə uzun müddət oturmaq. Amma bu problemlə mübarizə aparmaq asandır: tez-tez açılışmaq və hər 20-30 dəqiqədən-bir vəziyyəti dəyişmək lazımdır. İdeal variant isə hər səhər idman etmək və ya fitnes-kluba getməkdir.

Rəsmi göstəricilərə görə, ofis işçiləri həftənin 45-70 saatını oturaq vəziyyətdə keçirirlər. Ona görə də bazar günləri divanda uzanmaq yox, aktiv istirahət etmək lazımdır. Bir çox ofis işçiləri belə rejimə alışıb və vərdişlərini dəyişmək istəmirlər. Adətən, oturaq işləri olanlar piyada gəzməyi sevmirlər. Bu ona görədir ki, uzun müddət oturduqda ayaq əzələləri zəifləyir.

Oturaq iş qan dövranını ləngidir, ayaqlar buzlayır, baş isə qaynar olur. Orqanizm yüngülvari qida alanda isə əzələlər zəifləyir, insan gücünü itirir və xəstələnir. Bundan başqa, oturaq iş kökəlməyə gətirib çıxarır ki, bu da bir sıra xəstəliklər törədir. Belə şəraitdə işləyənlərə məsləhət görülür ki, boş vaxtlarını havada, təbiət qoynunda keçirsinlər və çox gəzsinlər. Son araşdırmalara görə, gündə 15 dəqiqə gəzən və ya velosiped sürən qadınlarda ürək-damar xəstəliyi riski azalır.


Tarix: 08.01.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Saglamliq
loading...