Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikah -Zihar

1.Övrətinə yaxınlaşmamağı and içmək (Əl-İyla):

2.Zihar

3.Ziharın hökmü

Övrətinə yaxınlaşmamağı and içmək (Əl-İyla):
Əgər kişi arvadına dörd aydan az müddətdə yaxınlaşmayacağına and içərsə yaxşı olar ki, andının kəffarəsini versin və ailəsinə yaxınlıq etsin. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim bir işə and içib, başqa işin ondan daha xeyirli olduğunu görərsə, xeyirli olan işi görsün və andının kəffarəsini versin»[1].
Əgər kəffarə verməsə, səbr edib dediyi müddətin bitməsini gözləsin. «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz arvadlarına yaxınlıq etməməyə and içmişdi (əl-iyla etmişdi). Onun ayağı sınmışdı. Öz otağında iyirmi doqquz gün tənha qaldı, sonra qadınlarının yanına gəldi. Onlar dedilər: Ey Allahın elçisi, sən bir ay demişdin? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Ay da iyirmi doqquzdandır»[2].
Əgər kişi arvadı ilə heç vaxt, yaxud dörd aydan çox müddətdə yaxınlıq etməyəcəyinə and içərsə, ya andının kəffarəsini verib yaxınlıq etməli, yaxud dörd ayın ötməsini gözləməlidir. Bundan sonra qadın ərinin ona ya yaxınlıq etməsini yaxud da boşamasını tələb etməlidir. Uca Allah buyurur: «Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir. Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) eşidəndir, biləndir»[3].
Nafi deyir ki, İbn Ömər (Allah ondan razı olsun) uca Allahın, övrətlərinə yaxınlaşmamağı and içənlər haqqında dediklərinə belə deyərdi: Uca Allahın əmr etdiyi kimi, müddət (dörd ay) bitdikdən sonra ya gözəl münasibətlə qadını saxlamaq, ya da boşamaq lazımdır. Bundan başqa yol axtarmaq heçkəsə halal deyil[4].

Zihar
Kim arvadına, "sən mənim üçün anam kimisən" – sözlərini deyərsə artıq zihar etmişdir. Bununla arvadı ona haram sayılır. Allahın kitabında dediklərini etmədikcə, ona yaxınlıq edə, yaxud hər hansı yolla ondan həzz ala bilməz. Uca Allah buyurur:
«Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır! Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!»[5]
Xuveylə bint Malik ibn Səaləbə deyir ki, «ərim, Ovs ibn əs-Samit mənimlə zihar etdi. Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib şikayət etdim. O da mənimlə ərim haqqında münaqişə edir və deyirdi: Allahdan qorx, o sənin əmin oğludur. Az keçmədi ki, Quran ayəsi nazil oldu: (Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir! Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır. Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır! Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!» (əl-Mucadələ: 1-4). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Kölə azad etsin. Qadın dedi: Buna imkanı yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: İki ay dalbadal oruc tutsun. Qadın dedi: Ey Allahın elçisi, o yaşlı adamdır, oruc onluq deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Elə isə altmış yoxsulu yedirsin. Qadın dedi: Onun sədəqə etməyə heç nəyi yoxdur. Qadın deyir ki, həmin vaxt bir zənbil xurma gətirdilər və mən dedim: Ey Allahın elçisi, mən ona başqa bir zənbil xurma ilə kömək edə bilərəm. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Sən artıq yaxşılıq etmisən. Get bu xurma ilə onun əvəzinə altmış nəfər yoxsulu yedizdir və əmin oğlunun yanına qayıt. Rəvayətçi deyir: Zənbil isə altmış saa[6] xurma tutur.[7]
Urvə ibn əz-Zubeyr, Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: Eşitməyi ilə hər şeyi əhatə edən Allah pakdır, müqəddəsdir. Mən Xovlə bint Sələbənin söhbətinin bir hissəsini eşidir, qalanını isə eşitmirdim. O, öz ərindən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şikayətlənir və deyirdi: Ey Allahın elçisi, cavanlığımı ona həsr etmişəm, bətnimi ona açmışam. İndi isə yaşa dolduqda, uşaqların arası kəsildikdə məndən zihar edib. Allahım mən sənə şikayətlənirəm. Çox keçmədi ki, Cəbrail bu ayələri nazil etdi: «(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi...»
Kim öz qadınına: sən bir gün, yaxud bir ay və ya başqa vaxta qədər mənə anam kimisən – deyərsə, artıq zihar etmişdir. Əgər o andına sadiq çıxarsa ona heç bir kəffarə düşmür. Əgər dediyi müddətdən öncə arvadına yaxınlıq edərsə zihar kəffarəsi verməlidir.
Sələmə ibn Saxr əl-Bəyadi deyir: Mən qadınlara çox yaxınlıq edər və heç kəsin mənim qədər yaxınlıq etdiyini düşünmürdüm. Ramazan ayı gələndə ay bitənə qədər arvadımdan zihar etdim. Bir gecə o mənimlə söhbət edərkən onun bədənindən nə isə gördüm və mən özümü saxlaya bilməyib ona yaxınlıq etdim. Səhər açılanda tayfamın yanına getdim və başıma gələnləri danışdım və dedim: Bu haqda mənim üçün Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşun. Onlar dedilər: Biz bunu edə bilmərik. Ola bilər Allah bizim haqqımızda ayə nazil edər, yaxud Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə bir söz deyər və bu, bizim üçün eyib olaraq qalar. Lakin səni öz günahınla birgə buraxırıq. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına get və başına gələnləri danış. Evimdən çıxıb onun yanına gəldim və hadisəni danışdım. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bunu sən etmisən? Mən dedim: Bəli, mən etmişəm. Ey Allahın elçisi, budur mən gəlmişəm və Allahın mənə verəcəyi hökmə səbr etməyə hazıram. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Kölə azad et». Mən dedim: Səni haqq ilə göndərənə and olsun, mən özümdən başqa heç kəsə sahib deyiləm. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Elə isə iki ay dalbadal oruc tut». Mən dedim: Ey Allahın elçisi, elə başıma gələn bu bəla oruc səbəbi ilə olmayıbmı?! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Ya sədəqə ver, ya da altmış kasıbı yedizdir». Mən dedim: Səhi haqq ilə göndərənə and olsun ki, bu gecə şam yeməyimiz olmadan yatmışıq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bənu Zureyqin sədəqəsini toplayan adamın yanına get, qoy sədəqəni sənə versin. Onunla altmış kasıbı yedizdir və qalanından istifadə et»[8].
Hədisdən görsəndiyi kimi Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun zihar etməsinə etiraz etmədi. Sadəcə onun vəd etdiyi vaxtdan öncə qadınına yaxınlıq etməsinə etiraz etdi.

Ziharın hökmü
Zihar etmək haramdır. Çünki uca Allah bu əməlin pis və yalan söz olduğunu vurğulayaraq zihar edənlərə etiraz etmişdir: «Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır»[9].
***


[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6208. Müslim: 3/ 1271/ ? 1650. Nəsai: 7/ 11. İbn Macə: 1/ 681/ ? 2108.
[2] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 3233. Buxari: 9/ 425/ ? 5289. Nəsai: 6/ 166. Tirmizi: 2/ 99/ ? 685.
[3] əl-Bəqərə: 226-227.
[4] Hədis səhihdir. əl-İrva: 2080. Buxari: 9/ 426/ ? 5290.
[5] əl-Mucadələ: 3-4.
[6] Bir saa, 2,6 kq-a bərabərdir. (tərc.)
[7] Hədis həsəndir. Səhih Sünən Əbu Davud: ? 1934. Əbu Davud: 6/ 301/ ? 2199. Rəvayətdə deyilən, "zənbil altmış saa edir" – sözləri səhih deyil.
[8]Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1677. İbn Macə: 1/ 665/ ? 2062. Əbu Davud: 6/ 298/ ? 2198. Tirmizi: 2/ 335/ ? 1215. Onun rəvayəti müxtəsərdir.
[9] əl-Mucadələ: 2.


Tarix: 02.05.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Maraqlı melumatlar
loading...