Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİNİN SÜTUNU - NAMAZ

Namaz bütün müsəlmanlara fərz (qəti vacib) olan ibadətdir. Ərəb dilindəki “səlat” sözünün dilimizdə işlənən variantıdır. “Səlat” sözünün lüğəvi mənası “dua” deməkdir. Dini anlamda namaz – şəriətdə göstərilən müəyyən əməllər şəklində təkbirlə başlayıb salamla sona çatan Allaha ibadət formasıdır.

Yetkinlik yaşına çatmış hər bir müsəlman öz öhdəsinə düşən namazları qılmalıdır. Qurani-kərimdə namazın vacibliyi barədə buyurulur: “Namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir” (Nisa, 103). Öhdəsində olan namazları vaxtında qıla bilməyən şəxs sonradan da olsa, onları mütləq qılmalıdır (qəza etməlidir).

Namazları vaxtlı-vaxtında qılan şəxs Allahın ən mühüm əmrini yerinə yetirmiş olur. Bu adamın həm dünyada, həm də axirətdə Allahdan mükafat gözləməyə haqqı var. Əksinə, namaz qılmayan, yaxud buna etinasız yanaşan şəxslər böyük bir əmri pozduqları üçün, qiyamətdə Allahın qəzəb və narazılığı ilə qarşılaşacaqlar. Quran ayələrindən məlum olur ki, vacib namazları yerinə yetirməyən, yaxud namaza saymazyana yanaşan adamlar qiyamətdə əzaba düçar olacaqlar (Müddəssir, 43; Məryəm, 59; Maun, 4-5). Islam müqəddəsləri bildirmişlər ki, namaza etinasız yanaşan şəxslərə Onların şəfaəti şamil olmayacaq.

Müsəlmanlara namazın fərz (qəti vacib) buyurulması hicrətdən əvvəl – merac hadisəsi zamanı baş vermişdir. Həzrət Mühəmməd Peyğəmbər (s) namazın əhəmiyyəti barəsində danışarkən, Islam dinini bir çadıra, namazı isə həmin çadırı dik və möhkəm saxlayan dirəyə bənzətmişdir. Hədislərin birində buüurulur: “Qiyamət günündə bəndənin əməlləri içində ən əvvəl yoxlanılacaq əməl namazdır”. Peyğəmbər namazı “gözümün nuru” və “möminin meracı” (yəni Allahı tanımağa doğru yüksəlişi) adlandırırdı. Imam Əli ibn Əbu Talib (ə) möminləri namaza həvəsləndirərək deyirdi: “Əgər bəndə namaz qılmaq sayəsində qiyamətdə ona nə qədər mükafat veriləcəyini bilsə, başını səcdədən qaldırmaz”.

Namaz qılmaq həm sağlam, həm də qeyri-sağlam insanlara, həm qocalara, həm də cavanlara, həm qonağa, həm də ev yiyəsinə, həm əmniyyətdə, həm də müharibə şəraitində eyni dərəcədə vacibdir. Çətin şəraitdə namazın qılınma tərzində müsəlmanlara müəyyən güzəştlər verilsə də, onlar namaz vəzifəsindən bütövlükdə azad edilməmişlər. Məsələn, xəstə şəxs ayaq üstə edilməsi lazım gələn namaz əməllərini icra edə bilmirsə, onları oturaq halda, əgər bu da mümkün deyilsə, uzanmış vəziyyətdə yerinə yetirməlidir.

Namaz bəzi xüsusiyyətlərinə görə başqa ibadət növlərindən fərqlənir. Məsələn, namaz qılmaqla məşğul olan şəxs bu halda başqa işləri yerinə yetirə bilməz. Onun namaza aid olmayan hərəkətlər etməsi qadağandır. Amma məsələn, insan oruc tutduğu halda, həm də ticarət edə bilər Deməli, namaz elə ibadətdir ki, insanın tamamilə ona tabe olmasını tələb edir.

Namaz qılan şəxs zahirdə namaza diqqətli olmaqla yanaşı, daxilən də bütün fikirlərini namazda toplamalıdır. Buna xüşu, yəni Allahın hüzurunda təvazökarlıq və ehtiram halı deyilir. Namaz bəzilərinin düşündüyü kimi, sadəcə idman növü də deyil. Namazda yalnız bədən deyil, qəlb də iştirak edir. Insan Allaha şükr etmək və Onun razılığını qazanmaq naminə namaz qıldığını qəlbində niyyət edir, söylədiyi sözlərin (yəni namazda oxunan surə, dua və zikrlərin) haqq olduğunu öz ağlı ilə təsdiqləyir, dili ilə bunları söyləyib dil ibadətini yerinə yetirir və hərəkətləri ilə deyilənləri tamamlayır. Beləliklə, namazda, insanın həm bədəni, həm də ruhu iştirak edir.

Qurani-kərimdə Allah-təala namazın əxlaqi faydalarına işarə edərək Peyğəmbərimizə müraciət edir: “Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər” (Ənkəbut, 45). Namaz qılan şəxs mütləq öz davranışına nəzarət edir, hər bir hərəkətin namaz ruhu ilə səsləşib-səsləşmədiyinə diqqət yetirir. Belə insan namaz qılmazdan əvvəl günah iş görməz, həmçinin, namaz üstündən durub günah işlərin ardınca getməz. Nəzərə alaq ki, gündəlik namazların vaxtı müsəlmanın gününü bütövlükdə (sübh tezdən axşama kimi) əhatə edir. Deməli, namaz qılan adam bütün gün ərzində özünü pis işlərdən çəkindirməli olur.

Gündəlik vaxtın nizamlanmasında və insanın dəqiq, punktual ruhda tərbiyələnməsində də namazın rolu inkaredilməzdir. Müsəlman şəxs namazların qılınma vaxtına riayət etməklə (çünki hər namazı ona məxsus vaxtın başlanğıcında qılmaq böyük savabdır) dəqiqliyə öyrəşir. Həmçinin, o, gündəlik işlərini namazların vaxtına uyğun olaraq nizamlayır, işin müəyyən hissəsini növbəti namaza kimi yerinə yetirməyə çalışır; bununla da iş günü səmərəli və bərəkətli olur.

Namaz insanda təmizliyə və paklığa riayəti gücləndirir. Namaz qılan şəxsin bədəni, geyimi, namaz qıldığı yer pak olmalıdır. Məsələn, dırnaqlar vaxtında kəsilməli, qolda kir və ləkə olmamalı, ayaqlar tərləməsin və kirlənməsin deyə tez-tez yuyulmalıdır.

Fərz (qəti vacib) olan namazlar gün ərzində 5 dəfə qılınır və 17 rükət həcmindədir: sübh namazı – 2 rükət, zöhr namazı – 4 rükət, əsr namazı – 4 rükət, məğrib namazı – 3 rükət və işa namazı – 4 rükət. Cümə günü cümə namazının qılınması da əhli-sünnə məzhəbində fərzdir. Bunlardan əlavə, həm əhli-sünnə, həm də cəfəri məzhəbində nafilə namazlarının qılınması böyük savaba malikdir.
Gündəlik namazlardan əlavə, bayram namazı, ayat (xüsuf və küsuf) namazı, ramazan ayında qılınan təravih namazı, cənazə üçün qılınan cənazə namazı, həccdə qılınan təvaf namazı, hacət namazı kimi namaz növləri də vardır. Bunların bəzilərinin hökmü şiə və sünni məzhəblərində fərqlənir. Məsələn, ayat namazı şiə məzhəbində vacib olduğu halda, əhli-sünnə məzhəblərində təkid edilən sünnət və hətta məndub (müstəhəb) sayılır. Şiə məzhəbinə görə, vəfat etmiş atanın (bəzi müctəhidlərə görə ananın da) qəzaya getmiş namazlarını qılmaq (və ya muzdla qıldırmaq) böyük oğula vacibdir. Müstəhəb olan xeyli başqa namaz növləri də vardır ki, bunların qılınma qaydası müvafiq kitablarda izah edilir.


Tarix: 21.11.2012 / 23:53 Müəllif: [Ram] Baxılıb: 930 Bölmə: Maraqlı melumatlar
loading...