Əxlaq mövzusu üzərində bütün dinlər dayanmışdır. Əslində bütün batil dinlərin qurucuları insanları əxlaqlı olmaları üçün tərbiyə etmişlər. Amma əxlaq mövzusuna ən böyük qiyməti və yeri yenə də islam dini vermişdir. Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir.
Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə Islam gözəl həyat bəxş edər. Allah taala buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (əh-Nəhl: 97).
Bu ayədə Allah taala dinə riayət edən kişi və qadınlara dünyada xoş həyat, axirətdə isə etdiyi əməllərin bol savabını vəd edir. Yaxşı həyat hərtərəfli rahatlığı əhatə edir. Gözəl əxlaqa yiyələnmək xoşbəxt həyatın səbəblərindəndir. Hikmətli insanların bildiyinə görə insanın əxlaqı kamilliyə doğru getdikcə onun həyatı daha rahat və ləzzətli olar.
Bu şəriət, müsəlman ictimaiyyətinin bir-birlərinə qarşı mərhəmətli, şəfqətli, mehriban olmalarını öyrətmək, onların bədəninin bir üzvü ağrıyarkən digərinin ona cavab verdiyi bir bədən kimi olduqlarını çatdırmaq, bir-birini möhkəm saxlayan bina divarı kimi olmalarını çatdırmaq üçün gəlmişdir. Bu mənada Qurani Kərimdə belə bir ayə vardır. Allah taala buyurur:
”Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat: 10).
Həmçinin bu şəriət kasıb, fağır, miskin, yetim, aciz kimi zəiflərə qarşı mərhəmətli olmağı, böyüklərə, fəzilətli və elmli adamlara hörmət etməyi əmr etmişdir. Bu şəriət, müsəlman cəmiyyətlərin gözəl və xoşbəxt həyat yaşamaları üçün, cəmiyyətin hər bir fərdinə nəzər salıb, hüquqlarını onlara bildirməyi əmr edən kamil düsturdur. Allah taala Peyğəmbəri Məhəmmədi təkəbbürlük, zalımlıq, düşmənçilik və yekəxanalıq edən Cahillik dövrü cəmiyyətinə göndərmişdir. O, bu sifətlərin hamısını rədd edib onları gözəl və misli olmayan əxlaqla əvəz etmişdir. Həmçinin onlarda olan bəzi gözəl əxlaq keyfiyyətləri olan qeyrət, hamilik, vəfalılıq kimi xüsusiyyətləri isə gözəl əxlaqı ən başlıca vəzifə, mühüm qayə edən bir din kimi tamamlamışdır. Peyğəmbər din ilə göndərilmişdir. Onun şəriətinə görə əxlaqı yüksələn insanın imanı da bir o qədər yüksələr. Peyğəmbər (sav) buyurmuşdur: “Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır” (Əbu Davud: 5\ 60\ ? 4682. Tirmizi: 3\ 466\ ? 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.)
Peyğəmbər (sav) insanlar arasında ən kamil iman və ən gözəl əxlaqa sahib olandır. Rəbbi onu tərifləyərək buyurmuşdur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm:4).
Belə olmasına səbəb, onun Peyğəmbərin Qurani Kərimdə buyurulan gözəl sifətlərə, xüsusiyyətlərə və fəzilətlərə yiyələnməsi, qadağan edilmiş pis və kobud xüsusiyyətlərdən əl çəkməsi olmuşdur. Ona görə də ona ən yaxın olub, onu gözəl tanıyan zövcəsi Aişədən (r) Peyğəmbərin (sav) əxlaqı haqda soruşulduqda belə demişdir: “Onun əxlaqı Quran idi” (Müslim: 1\ 513\ ? 746.)
Yəni, o Quranda buyurulan ədəb-ərkan, əmr və qadağalara Quranda buyurulan hər hansı bir (digər) peyğəmbərin gözəl əxlaqı xüsusiyyətlərinə riayət edərdi. Peyğəmbərin , gözəl əxlaqa yiyələnməsi, bütün qadağalardan çəkinməsi məsələni daha da açıqlayır.
İslam ədəbi və əxlaqı özünün orta mövqeyi və ədaləti ilə digərlərindən fərqlənir. O yerində mərhəmət və şəfqəti əmr edir, lazımi məqamlarda, cəza tədbirlərini tətbiq edərkən, Allah yolunda cihad edərkən və s. - vaxtlarda isə qətiyyətli olmağı tələb edir. Nəfsə görə qəzəblənməyi qadağan edir, pis əməllərin şahidi olduğu zaman Allah xatirinə qəzəblənməyi tələb edir. Allahın Öz kitabında və Peyğəmbərinin Sünnəsində bizə çatdırdığı bütün işlərdə belə olmaq lazımdır. Allah taala buyurur:
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, ...” (əl-İsra: 9).
Allah taala Öz kitabı Quranın ən gözəl, adil və doğru yola dəvət etdiyini vurğulayır. Bu, bütün işlərdə, ibadətlərdə, əlaqələrdə, ədəb və əxlaqda öz əksini tapır.
Bu din insanları ən gözəl əxlaqa səsləyir. Elə bir gözəl əxlaq və ya xüsusiyyət yoxdur ki, İslam şəriəti onun yerinə yetirilməsini tələb etməsin. Həmçinin elə bir şər və pis sifət yoxdur ki, İslam şəriəti ondan çəkindirməsin. Hətta bu din ən gözəl əxlaqı imanın əsaslarından biri etmiş və belə əxlaqa yiyələnənin ən kamil iman sahibi və başqalarından daha üstün olduğunu buyurmuşdur. Bu yerdə Peyğəmbər (sav) buyurmuşdur: “Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır” (Əbu Davud: 5\ 60\ ? 4682. Tirmizi: 3\ 466\ ? 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.)
İslama görə əxlaq imanla əladərardır və öz qaynağını dindən alır. Əsasən islamda əxlaq prinsipləri Allahın kitabı olan Qurani Kərim və sevimli peyğəmbərimizin (s.ə.s) həyatı, sözləri və hədislərindən əldə edilir. Şəriətin əmr etdiyi kimi yaşamaq, əxlaqlı bir həyat yaşamaq hesab olunur. İslam əxlaqı beynəlxalq prinsipləri ilə insan və cəmiyyətin xoşbəxt olmasını hədəf götürür. İslam, inanc əsaslarıyla bərabər tutarlı bir əxlaqi həyat təqdim etdiyi üçün iman, əxlaq və ibadət arasında ayrılmaz bir bağ qurmuşdur.
Din və əxlaq tarix boyu çox yaxın əlaqə içərisində olmuşdur və bir-birindən ayrılmaz şəkildə bağlanmışdır. Din əxlaqı əsas meyar hesab edir və əxlaqsız din heç vaxt düşünülməz. Dinin əsası da Allahın razılığını özündə göstərən əxlaqdır. İslamın əsas məqsədi də əxlaqlı bir insan və cəmiyyət yetişdirməkdir. Uca din olan islam, insanlara əxlaqla dolu bir həyat yaşamağı təqdim edərək, onların əxlaqca yüksəlməsini təmin edir. Belə ki, peyğəmbərimizin (s.ə.s) əxlaqı tamamlamaq üçün göndərilməsi bu məqsədi açıq bir şəkildə dilə gətirir. Din insanın şəxsiyyətini inkişaf etdirərək yüksəldir və insanın davranışlarıyla maraqlanır. Onun davranışlarını tərbiyə edir. Din daima əxlaqlı yaşamağı tövsiyə edir. Ona görə də dini belə tərif etmişlər: “Din, insanların səadətə çatmaq üçün inanaraq həyatlarına tədbiq etdikləri əxlaqi dəyərlərin cəmidir”. Buna görə də inancına görə ən yüksək olan, əxlaqına görə də ən yüksək şəxsiyyət hesab olunur. Din insanın Allaha olan imanına görə özünə, başqalarına və digər varlıqlara qarşı vəzifələrini bildirərək ona dəyərli, etibarlı rəhbərlik edər. Din insanlara hansı ideyalara yönəlmələrini, necə davranmalarını, hansı bir xarakterdə olmalarını bildirir. Din tərəfindən təqdim olunan yaşama tərzi əxlaqi bir yaşama tərzi hesab olunur. Din, görünən dünyanın o biri tərəfində bilmədiyimiz, görünməyən, bizə məlum olmayan və indiki həyatımızla əlaqəli olan başqa bir həyatdan xəbər verir. Başqa bir həyata hazırlaşan dindar insanın qəlbinə, davranışlarına və həyatına böyük bir əxlaq pəncərəsi açılır.
Millət öz vətəndaşlarının gözəl əxlaq və xoş sifətə malik olması ilə səciyyələnərək inkişaf edir, dünya millətləri arasında mövqeyi böyüyür, mədəniyyəti çiçəklənir. Insanlar arasında sevginin, xoş münasibətin itməsi onların dəyər-qiymətlərinin itməsinə, təməl prinsiplərinin qırılmasına, mövqelərinin sarsılmasına səbəb olur.
Bu səbəbdən də İslam dini əxlaq məsələsinə mühüm yer ayırır, insan davranışını və onun başqaları ilə münasibətini tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim”. Başqa rəvayətdə isə “Əxlaq normalarını tamamlamaq üçün” kimi buyurulur. O, (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin davranşda yüksək əxlaq kodeksinə malik olmaları üçün böyük səy göstərmişdi. Abdullah bin Amrın peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna sübutdur: “Həqiqətən, sizin ən xeyirliniz ən gözəl əxlaqa sahib olanınızdır”. Başqa rəvayətdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mənə ən əziz olanınız ən gözəl əxlaqa sahib olanınızdır”. Uca Allah öz rəsulunu onun sahib olduğu hörmətə və nəsil-nəcabətə görə tərifləmədi. Bunu yalnız onun sahib olduğu yüksək əxlaqa görə etdi. Allah taala buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4) Aişə rəvayət edərək bildirir ki, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki seçim arasında qaldıqda günah olmayan ən asanı seçərdi. Günah olduqda isə o günahdan ən uzaqda olan insana çevrilərdi. Rəsulullah heç vaxt öz şəxsi işinə görə intiqam almazdı. Yalnız Allahın qanunları pozulduğu təqdirdə, Allah üçün intiqam alardı”. Beyhaqi (Allah ona rəhmət etsin!) buyurur: “Gözəl əxlaq dedikdə nəfsin ən tərifə layiq əməllərə doğru istiqamətləndirilməsi nəzərdə tutulur ki, bu da həm bilavasitə Allahla bağlıdır, həm də insanlar arasında münasibətlər zamanı ortaya çıxır”. Qurani-Kərimə müraciət etsək Allah taalanın bu kəlamı yada düşər: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf, 199).
Əbu Hureyrədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Möminlərin ən kamil imanlısı ən gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz qadınlara xeyirli olanınızdır”. Başqa rəvayətdə isə belə buyurulur: “Tərəzidə ən ağır gələcək şey gözəl əxlaqdır”.
Gözəl əxlaqın fəziləti barəsində Aişədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mömin olan kəs gözəl əxlaqı ilə oruclu və gecə namazına duran şəxsin səviyyəsinə çatar”. Nəvvas bin Səman (Allah ondan razı olsun!) rəvayət edir ki, rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xeyirxahlıq və günah haqda soruşdum. O, buyurdu: “Xeyirxahlıq gözəl əxlaqa malik olmaqdır. Günah isə qəlbində bir şeyin düyün atdığı zaman insanların bunu bilməməsini istəməyindir”.
Yuxarıda da qeyd etdiyimiz kimi Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaqın nümunəsi, bütün gözəlliklərin cəmidir. Onun xanımı həzrəti Aişə Anamız bir dəfə belə söyləmişdi: “Onun əxlaqı Qurandır”. Onun (s.ə.s.) bu dünyadakı həyatından bəri yüzillər keçmişdir. Amma Onun əxlaqı bizim üçün bir örnəkdir, yaşantısı, oturuşu, duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir sözlə, bütün davranışları bizim üçün məktəbdir. Onun (s.ə.s.) kimi ola bilməyə çalışan və bu niyyətlə az-çox şeylər qazana bilən nə xoşbəxtdir. Dediyimiz kimi, İslam əxlaqın qaynağı Qurani-Kərim və Peyğəmbərimizin həyatı, sözləridir. Qurani-Kərim təkcə əxlaq kitabı deyil, o, eyni zamanda bir dua kitabı, təfəkkür, ehkam kitabı, bir çox elmlərin qaynağıdır. Əxlaq isə Qurani-Kərimdə geniş yer tutmuş bir mövzudur. Çünki Qurani-Kərim insanlara bu dünyada və Axirətdə xoşbəxt olmağın, Allah-Təalanın rizasını qazanmağın yollarını göstərir. Bu mənada Qurani-Kərimə bəzən nur, işıq da deyirlər. Yəni doğru yolu göstərən işıq. Hətta Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədisi-şəriflərində gözəl əxlaq haqqında “elə islamın özüdür” buyurmuşdur.
Digər hədisi-şəriflərə diqqət yetirək:
- Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən gözəl olanıdır.
- İman yetmiş şöbədir. Ən üstünü “La İlahə İlləllah”, ən aşağısı isə yol üstündə insanlara əziyyət verən bir şeyi oradan götürməkdir. Həya da imanın bir bölümüdür.
- Allaha and olsun ki, heç bir qul öz nəfsi üçün istədiyi gözəlliyi qardaşı üçün də istəmədikcə tam iman etmiş olmaz.
- Tərəziyə qoyulan əməllər arasında gözəl əxlaqdan daha ağır gələcək bir şey yoxdur. İnsan gözəl əxlaqı sayəsində nafilə oruc tutub, nafilə namaz qılan insanlar dərəcəsinə yüksəlir.
Göründüyü kimi, həm uca kitabımız Qurani-Kərim, həm də Rəsulullah (s.ə.s.) əxlaqa çox böyük önəm vermişlər. Həqiqətən də, əgər insanın əxlaqı gözəl deyilsə, onun ibadətindən özünə nə fayda olar ki? Amma bir məsələni gərək heç zaman unutmayaq. Gözəl əxlaq inancın və ibadətin üzərində qurulur. Ona görə də insan ibadəti ilə əxlaqını gözəlləşdirməyə çalışmalıdır. İki cür əxlaq var: fitri əxlaq, bir də islami əxlaq. İnsan doğulanda bəzi əxlaqı özü ilə gətirir. Məsələn, geyim məsələsi, primitiv şəkildə də olsa, başqalarına hörmət və s. Amma insan böyüdükcə əxlaqın ikinci bölümünə, yəni islami tərəfinə əyilməzsə, özü ilə gətirdiyi o fitri əxlaq da bir yerdə tükənər və o adam gözəl əxlaqlı sayılmaz. Bu bir növ ona bənzəyir ki, yerə basdırdığınız ağac tingi öz canındakı suyun, şirənin hesabına yarpaq açır, bəlkə lap çiçəkləyə də bilir. Amma bu müddət ərzində o, torpaqla ünsiyyət qura bilməsə, yəni torpaqdan özünə lazım olan maddələri sora bilməsə öz canındakı şirə tükənəndən sonra qurumalı olur. Ona görə də insan gələcəyindən əmin olmaq üçün həddi-buluq çağına yetəndən sora əxlaqını ibadətlə gözəlləşdirməlidir. Kimsə bədgüman olmasın. Bu dünya ruhla nəfsin savaşıdır. Heç kim yaxşı əxlaqına da güvənməsin. Çünki insan ölənə qədər nəfsi ilə mübarizə aparmalıdır. Bircə faktı xatırldaq, Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) bir gündə yetmiş dəfə tövbə-istiğfar edərmiş. Təsəvvür edin, heç bir günahı olmayan, dünyaya ən üstün əxlaqı nümayiş etdirmiş Allahın (c.c.) sevimli qulu və rəsulu bu qədər tövbə-istiğfar edirsə, görün bizim nə qədər ibadətə, duaya, Allaha yalvarmağa ehtiyacımız var.
Gözəl əxlaq gözəl xüsusiyyətlərin toplusudur. Yəni bir adama gözəl insan demək üçün onda hər şeydən öncə Allah sevgisi və Allah qorxusu olmalıdır. Əgər bir adamda bu iki duyğu, düşüncə varsa, onun pis olması mümkün deyil. Bu dediklərimiz də həmin insanın davranışlarında, hər hansı məsələ haqqında qərar qəbul etməsində özünü göstərir.
Kim öz nəfsinin istəyinə deyil, Allah-Təalanın buyurduqlarına əməl edərsə, heç şübhəsiz, həm gözəl əxlaq sahibi olar, həm də Allah-Təalanın rizasına qovuşar. Yazımızın sonunda bir gərəkli nüansı da diqqətinizə çatdıraq. Tövbənin, duanın bir gözəl yolu var. Peyğəmbərimiz onu bizə öyrədir: Onun bir duasından misal gətirək: pintilikdən, xəsislikdən, qorxaqlıqdan və acizlikdən Allaha sığınıram.
Nəticə olaraq bildirək ki, əxlaq mövzusu islamda çox böyük bir şəkildə işlənmişdir. Bununla bağlı islam universitetlerində xüsusi əxlaq bölməsi, islam ədəbiyyatında, hədis elmində, təfsir elmində əxlaq bölməsi açılmış, xüsusi olaraq isə əxlaq elmi ayrıca tədris olunur. Bütünlüklə əxlaq elmini tam olaraq bu qədər kiçik həcmli məruzədə çatdırmaq mümkünsüzdür. Əxlaqın iki əsas böyük qaynağı isə Qurani Kərim və Məhəmməd peyğəmbərin həyat yolu və sözləridir.
Tarix: 10.04.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 790 Bölmə: Maraqlı melumatlar