Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey müsəlman, əbəs yerəmi yaranmısan?!

Allah təalə Qurani-Kərimdə buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?! (Mu’minin;115)”
Yəni, Allah təalənin səni əbəs yerə yaratmaqla xəta etdiyinimi zənn edirsən? Şübhəsiz ki, O (subhənəhu və təalə) pak və müqəddəsdir.Demək ki, yaradılmağında bir hikmət vardır! Allah təalənin Zariyət surəsi,56-cı ayədə: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım”- dediyi halda necə ola bilər ki, insan hələ də yaradılış səbəbini dərk etməsin,anlamasın?
Gözünü qaldır və bir daha o, əzəmətli ayəni oxu! Allah təalə bu ayədə bizləri ibadət etməyimiz və yalnız Ona ibadət etməyimiz üçün yaratdığını söyləmişdir.

Bəli, bizi Allah (subhənəhu təalə) yaratmışdır və mələkləri bizə səcdə etdirmişdir.Bizi ən gözəl surətdə xəlq etmişdir və bizə həyatımız üçün lazım olan bütün nemətləri vermişdir: “Gündüzlər daha rahat hərəkət etməyimiz üçün Günəşi ən böyük işıq mənbəyi etmişdir,gecələri bizi rahatsız etməsin deyə Aya şam işığına bənzər bir işıq vermişdir,bir neçə dəqiqə onsuz yaşaya bilmədiyimiz havanı və üç gündən artıq onsuz qala bilmədiyimiz suyu yaratmışdır, bizə bütün meyvələri ən gözəl şəkildə təqdim etmişdir, soyuqdan, istidən qorunmağımız üçün bizə sığınacaq vermişdir.Təbii burada Xaliqin nemətlərini sadalamağa ehtiyac yoxdur.Çünki hər birimiz bu açıq-aşkar,sonsuz nemətləri görürük.Allah təalə Qurani-Kərimdə buyurur:” Siz Allahın nemətlərini saymaq istəsəniz, sayıb qurtara bilməzsiniz.”(Nəhl;18)
Bir gün Əli İbn Əbu Talibin (Allah ondan razı olsun) tələbəsi Həsənul Basridən (Allah ona rəhmət etsin) bu ayənin təfsirini soruşurlar.Şeyx belə cavab verir:
-Doğrudur! Allah təalənin nemətləri sonsuzdur.Hətta gözümüzün qırpılmasında iki nemət vardır.
Bəli, illər keçdikcə tibb elmi Həsənul Basrinin (Allah ona rəhmət etsin) bu sözünün gerçək mənasını anladı.Əgər gözümüz bir neçə dəqiqə qırpılmadan,açıq şəkildə qalsa kor ola bilərik.Lakin Allahın lütfü sayəsində, heç insan özü də bilmədən gözləri qırpılır və açılır, gecə yatarkən hiss etmədən nəfəs alır-verir,sağa və sola çevrilir.Hansı ki, alimlər sübut etmişdilər ki, insan tərpənmədən bir neçə saat yatarsa qan hərəkətini dayandırar, ürəyə və beyinə lazımınca qan ötürülə bilməz, bununla da insan bədəni ya iflic olar, ya da ümumən məhv olub gedər. Həmd olsun Allaha.
Allah (subhənəhu təalə) kainatı bu gözəllikdə yaratmışdır.Lakin yaratdıqlarının heç birinə əbədi həyat verməmişdir.Eləcə də insan.Heç bir insan əbədi deyildir.Hamı (çoxlarına acı olan) bu həqiqəti anlayır.Vaxt keçdikcə insan öz əvvəlki ixtiyarını itirir.Gənclikdə görə bildiyimiz işləri müəyyən bir vaxtdan sonra yerinə yetirmək iqtidarında olmuruq.Yaşadığımız həyat, ömürdən gedən hər bir saat,hər bir dəqiqə və saniyə bizi ölümə bir addım daha yaxınlaşdırır. Gedəcəyimiz yer də vallahi ki, ya Cənnət olacaq, ya da Cəhənnəm.

Bir gün xəlifə Ömər bin Abdul Əzizin yanına Allah dostlarından biri gəlir və xəlifə ona nəsihət etməsini xahiş edir.O buyurur:
-Ya Ömər, Adəmdən bu yana heç bir baban həyatda qalmamışdır.Hamısı ölmüş və torpağın gözünə sürmə olmuşdur.Eləcə də sən ölüb gedəcəksən, bəs bu millətin halı necə olacaq? Heç düşünmüsənmi?” Ömər bin Abdul Əzizin gözləri yaşarır,lakin yenə nəsihət etməsini xahiş edir.Allah vəlisi buyurur:
-Ya Ömər, bil ki, Cənnət və Cəhənnəmdən başqa gedə biləcək bir yer yoxdur.”
Bəli, bu son sözlərin dəhşətindən xəlifə hönkürtü ilə ağlamağa başlayır və hüşunu itirir.Bir müddət özünə gələ bilmir.
Ey müsəlman, Allah təalə səni yaratdı və böyütdü.İndi isə istədiyi vaxt bu əmanəti geri götürə bilməzmi?
Həmin ölüm anı mütləq və mütləq gələcəkdir.Bu Allahın bir vədidir.O isə vədinə heç zaman xilaf çıxmaz. Ölüm gələcək,ananı baladan,insanı sevdiklərindən ayıracaqdır.Neçə-neçə insanlar olub ki, dünya ləzzətindən doymamış ölüm onları aparmışdır.Bu ölüm bir gün bizim üçün də vardır.Dünən aramızda olanlara bu gün artıq mərhum deyirik.Bizə də bir gün “Mərhum filan işi etdi” deyiləcəkdir.
Ey müsəlman qardaş və bacım.Ölümün nə vaxt gələcəyini heç kəs bilməz.Bəlkə bu gün, bəlkə sabah o artıq qapını döyəcək.Bəlkə də heç bu risaləmi sonacan oxuya bilmədin.Yox əgər sonacan oxuyub bitirdinsə bil ki, Allah təalə sənə bir daha fürsət verdi.Lakin bu son fürsət də ola bilər.Elə isə qalx və ölümünə hazırlaş.
Qurani-Kərimdə çox ayədə Allah (subhənəhu təalə) ölüm anını xatırladır.Bu ayələri oxu və fərz et ki,Allah təalə bu ayələrdə sənin haqqında məlumat verir.Fərz et ki,ölüm ayağındasan və ətrafında sənin atan,anan,uşaqların və zövcən vardır.Onlar göz yaşları içində səni seyr edirlər.Kiçik oğlun səni qucaqlayıb deyir:
-“Ey atacan, nə olub cavab vermirsən”. Sən isə ayağına baxırsan ki, ayağın quruyub.Çünki Ruh ayaqdan çıxmağa başlayır və sonda göz ruhun ardınca baxıb ona tabe olur.Və bu zaman sən fikirləşirsən ki, əmanətləri geri qaytarmamısan, kiməsə borcun qalıb, onu ödəməmisən.Hələ indiyə kimi günahlarından tövbə etməmisən,sübh namazına yatıb qalmaqdan tövbə etməmisən.Evin əşyalarını tamamlamamısan.Harasa bilet almısan, lakin səfər etməmisən.Elələri də vardır ki, uşaq gözləyirlər.Elələri də vardır ki, 4-cü kursdadır, hələ diplomunu almayıb.Artıq görəcəkdir ki, o dünyanı tərk edir.
Bax bu zaman (Allah təalənin xəbər verdiyi kimi) insan deyəcəkdir: “Rəbbim məni qaytar.Bəlkə zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm.”
Bir gün Həsənul Basri (Allah ona rəhmət etsin) bir dostunun dəfn mərasimində iştirak edir.Elə ki, cənazəni qəbrə qoyurlar, Həsənul Basri (Allah ona rəhmət etsin) yanında dayanan dostuna deyir:
-Səncə Allah təalə bu dostumuzu bir daha həyata qaytarsaydı,o yaxşı işlər görərdimi?
-Əlbəttə ya şeyx, Ona bu fürsət verilsəydi, o ancaq saleh əməllər edib, Axirətə hazırlaşardı. Həsənul Basri buyurur:
-Amma təəssüf ki, o qayıtmayacaqdır. Lakin sən onun yerində ola bilərsən.
Onun üçün nə qədər sağsan, nə qədər o qəbrə qoyulmamısan, vaxtının qədrini bil və dünya sevgisindən əl çək, ölümünə hazırlaş!

Əgər bu gün bizlərə kainatın ən böyük kitabı olan Quran təsir etmirsə,Rəsulullahın (sas) sözləri təsir etmirsə, əskiklik bizdədir, müsəlmanlar! Çünki Qurani-Kərimdə əskiklik yoxdur,Rəsulullahda (sav) əskiklik yoxdur.Səhabəyə əmr etdiyini bizlərədə əmr etmişdir.Lakin səhabələr bu əmri necə həvəslə yerinə yetirmişdilərsə, biz də həmin həvəslə bu əmrdən qaçırıq. Niyə?
Nəfsimizi hesaba çəkmədiyimiz üçün, dünyaya bağlanıb ölümü unutduğumuz üçün.Vallahi ki, başqa səbəb yoxdur.
Özünü müsəlman adlandıran kimsə hər gün özünü hesaba çəkməlidir.Ki, Axirətdə hesabı yüngül olsun.Səhər yuxudan qalxarkən, işə gedərkən, evə gələrkən, uzanarkən,oturarkən və s.-hər bir vaxta nəfsini hesaba çək:
Peyğəmbərimiz (sas) səhərəcən, ayaqları şişənəcən ibadət edirdi.Niyə? Axı Onun (sas) keçmiş və gələcək günahları bağışlanmışdır. Allah rzası üçün.Allahın razılığını qazanmaq üçün bu qədər ibadət edirdi.Bəs sən? Kimin rzası üçün hərəkət edirsən və kimin razılığını qazanmağa çalışırsan?
Aişə anamız (Allah ondan razı olsun) buyurur:
-Bir gün Rasulullahdan (sas) soruşdum:”Ya Rasulallah!Axı Allah təalə sənin keçmiş və gələcəyini bağışlamışdır.Sən niyə bu qədər ibadət edirsən?” Rasulullah (sas) mənə belə cavab verdi:
-İstəmirsənmi Allaha haqqı ilə şükür edən bir qul olum?
Eləcə də səhabələr, tabiinlər və digər əməli saleh bəndələr.Onların həyatına fikir versək görərik ki, bizim əməllərimiz cüzidir.Onların xeyirli əməlləri ilə müqayisədə bizim etdiklərimiz toz kimi görünür.
Onun üçün gələcək həyatınızı düşün.Əbədi həyatı.O həyat ki, orada ölüm də öldürüləcəkdir.
Sələflərin həyatına baxsaq onlar bir ayə,bir hədis oxuyanda rəngləri dəyişilərdi.Qəbr həyatını,Axirəti yada salardılar.Bəs biz?Allahın lənətinə düçar olmuş şəxslər bizi əyləndirdikcə,Allahın rzasından uzaq olan sözlər danışıb,qəh-qəhə çəkib gülərkən, biz necə? Heç Axirət həyatını düşünürükmü? Hansı ki, o gün heç bir yardımçımız olmayacaqdır.O gün bizə yardım edə biləcək bir şey vardır.O da ibadətdir,saleh əməllərdir.
İbadətlərinizi çoxaldın, müsəlmanlar!
Aişə (Allah ondan razı olsun) ölüm ayağında ikən ağlayır və buyurur:
-Bir gün Rasulullahdan (sas) soruşdum:”Ya Rasulullah, Qiyamət günündə, anaların körpələrini atıb qaçdığı bir gündə çevrilib, arxana baxıb:” Bir Aişə adlı zövcəm vardı”-deyə məni xatırlayacaqsanmı? Peyğəmbər (sas) cavab verdi:
-Ya Aişə,üç yer vardır ki, səni orada xatırlaya bilməyəcəm!Birinci hesab yerində, ikinci Sırat körpüsündə,üçüncü Cənnət və Cəhənnəm əhlinin ayrıldığı yerdə.Bu üç yerdə səni xatırlaya bilməyəcəm,ya Aişəm.Öz başının çarəsini qıl!
Sübhənəllah.Yaxşı, bəs biz nəyə arxayınıq? 5-10 manat verilmiş zəkata, 1 ay tutulmuş oruca, 3-4 rükətlik namazamı? Peyğəmbərlərin,səhabələrin, siddiqlərin ürəyi titrədiyi və göz yaşı axıtdıqları zaman, biz elə gəzirik elə bil Cənnət ilə müjdələnmişik.
Bax səhabərin həyatına.Əbubəkr (Allah ondan razı olsun) elə bir namaz olmazdır ki, orada göz yaşı axıtmasın.Bəzən isə namazı bitirə bilməyib hüşunu itirərdi.Ömər (Allah ondan razı olsun) namazda ağlamaqdan üzündə iki qara xətt əmələ gəlmişdir.Osman (Allah ondan razı olsun) namazda o qədər ağlayardı.Hətta səhabələr deyir, Osmanın namaz qılarkən səcdə yerinə baxsaydın elə bil su tökülmüşdür.Əli (Allah ondan razı olsun) dəstəmaz alarkən rəngi dəyişilərdi.Bunun səbəbini soruşanda buyurardı:Məgər bilmirsinizmi kimin hüzuruna çıxıram?.
Bax, ey müsəlman! Bu dörd böyük xəlifə sağ ikən bilirdilər ki, Cənnətə daxil olacaqlar.Amma onların imanlarına bax, özünün imanına bax! Onlarda Cənnəti istəyirdi,sən də Cənnəti istəyirsən..
Elə isə etdiyin günahın böyük,kiçikliyinə baxmayaraq Rəbbinə elə indi tövbə et və Allahdan ümidini kəsmə.Çünki kafirlər toplumundan qeyrisi Rahməndən ümidlərini kəsməzlər.Ölümünü unutma.Və yeganə çıxış yolu ölümünə hazırlaşmağındır.

Bir gün İsa (aleyhissəlam) əyilib quzunun qulağına nə isə deyir.Bunu bütün yəhudilər seyr edirlər.Aradan günlər keçdikcə quzunun əriyib, zəiflədiyini görürlər.Gəlib deyirlər:
-Ya İsa ibni Məryəm! Sən quzuya nə dedin ki, bu heyvan zəifləyib bu hala düşdü?
İsa (aleyhissəlam) cavab verir:
-Sizə hər gün söylədiyimi ona bir gün və bir dəfə söylədim.
-Nə dedin, Ya İsa?
-Dedim ki, öləcəksən,çünki ölüm haqdır və qulağına dedim ki,hər bir can ölümü dadacaqdır.Baxın, o heyvan anladı, amma siz anlamadınız.

Ey müsəlman, bil ki, sən öləcəksən.Əyninə dünyadakı geyimlərdən fərqli olaraq dümağ kəfən geyindiriləcək.Səni öz ata və qardaşlarının əli ilə qazılmış qəbrə qoyacaqlar.Üstünü isə nəm və soyuq torpaq ilə örtəcəklər. Sənin üçün özünü öldürməyə hazır olan atan, hər kəlməsin də “qurban olum, qadan alım” deyən anan səni dəfn etdikdən sonra geri-evə qayıdacaqlar.Onlar bir neçə gün yas saxladıqdan sonra əvvəlki həyatlarına davam edəcəklər.Ər arvad alacaq, arvad ərə gedəcək, ana digər uşaqlarına baxıb hər şeyi unudacaq, atanın başını iş qatacaq və beləcə sən torpağın altında tək-tənha qalacaqsan.Əgər onlara dünya qədər mülk versən belə,onlar səninlə bir saatlıq da olsa həmin qəbrdə qalmazlar.
Onun üçün ey bacı və qardaşlarım,nə qədər gec deyil, nə qədər Günəşin batdığı yerdən çıxdığını görməmişik, gəlin Allaha səmimi qəlbdən tövbə edək və Ona dost olmağa çalışaq.Çünki Allah öz dostlarını Qiyamət günü rüsvay etməz.Bax bu zaman siz ölümünüzü belə sevmiş olacaqsınız.Çünki ölümünüz sizi əbədi səadətə qovuşduracaqdır.

Necə ki, ölüm mələyi gəlib Allah dostu İbrahim peyğəmbərin (aleyhissəlam) canını almaq istəyəndə,İbrahim (aleyhissəlam) buyurmuşdur:
-Ya Rəbbim.Məgər dost da dostun canını alarmı? Allah təalə ölüm mələyi vasitəsi ilə xəbər göndərib buyurmuşdur:
-Məgər dost da dosta qovuşmaq istəməzmi?
Bunu eşidərkən İbrahim peyğəmbər (aleyhissəlam) dua etdi və dedi:
-Allahummə, məni tez özünə çatdır.

Bəli.Onun üçün, ey qardaş və bacım, bu fani dünyadan Axirəti qazanmağın üçün istifadə et.Bil ki, nə qədərdə yaşasan da, yenə dünyadan köçməli olacaqsan.Nuh (aleyhissəlam) qədər də yaşayacaqsan? Nə qədər var dövlət yığsan da, ölüm gələndə onları tərk edəcəksən.Qarun qədər də varlı olacaqsan?
Bax. Keçirdiyin hər boş saniyə sənin əleyhinə işləyir.O saatı sən ibadətlə keçir.Çünki elə ki öldün, artıq əməllər bitdi. Qiyamət saatından sonra əbədi həyat başlayacaqdır.
Fikirləş, Cənnətdə Allah təalə sənin üçün necə nemətlər hazırlamışdır.Ən böyük nemət Allah təaləni və Rasulullahı (sas) görməkdir.Orada heç bir sıxıntı olmayacaqdır.Heç müsəlman da Fikirləş, Cənnətdə Allah təalə sənin üçün necə nemətlər hazırlamışdır.Ən böyük nemət Allah təaləni və Rasulullahı (sas) görməkdir.Orada heç bir sıxıntı olmayacaqdır.Heç müsəlman da Rasulullah (sas) ilə əbədi olaraq yaşamaq istəməzmi? Onun üçün hələ imkanın var.İbadətlərini artır və daha məsuliyyətli ol.
Bil ki,Qiyamət günü Peyğəmbər (sas) möminləri öz hovuzu ətrafında gözləyəcəkdir.
Həmd olsun Allaha, bu məqaləni sona çatdırmağa izn verdi.İnşəllah, güman edirəm imanımızı təzələmək üçün bir vasitə oldu.Allah təalədən diləyirəm, bizi əməli saleh bəndələridən etsin, günahlarımızı bağışlasın və bizi Uca Cənnətdə Peyğəmbərimiz (sallallahu aleyhi və alə əlihi və səlləm) ilə bir yerdə etsin.
Vəlhəmdulilləhi Rabbil A’ləmin! Vəs Salətu Vəs Sələmu A’lə Əşrəfil Ənbiyə vəl Mursəlin. Seyyidinə Muhəmmədin və A’lə Əlihi və Səhbihi Əcmə’ın! Allahu a’lim.


Tarix: 13.04.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 603 Bölmə: Maraqlı melumatlar
loading...