Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BİR TÖVBƏNİN TARİXÇƏSİ

Həzrət Musa Peyğəmbərin (ə) zamanında Bəni-Israil qövmünün içinə qıtlıq düşdü. Uzun müddət yağış yağmadığı üçün məhsul olmadı. Camaat aclıqdan əziyyət çəkirdi. Qövmün başçıları, abidlər 70 dəfə istisqa (yağış diləmə) namazı qıldılar, amma faydası olmadı.

Həzrət Musa (ə) Allaha dua edib öz qövmü üçün nicat istədi. Allah Ona vəhy etdi: “Sənin ümmətinin arasında bir nəfər var ki, 40 ildir günah edir, mənim əmrlərimi pozur. Onu öz içinizdən qovun, mən də sizə yağış göndərim”.
Musa Peyğəmbər (ə) camaatı bir yerə toplayıb, Allahın kəlamını onlara elan etdi və buyurdu: “Allahın dediyi günahkar adam kimdirsə, irəli çıxsın, bizləri tərk edib getsin”. Heç kim yerindən tərpənmədi. Həqiqi günahkar da adamların arasında idi. Amma özünü tanıtdırmaqdan utandı, qövmü tərk edib getməkdən qorxdu, ona görə də susmağa üstünlük verdi. Həzrət Musa (ə) sözünü təkrar etdi: “Təqsirkar kimdirsə, qoy bizi tərk etsin. Razı olmasın ki, onun gunahı üzündən bu qədər adam əziyyət çəksin”. Günahkar bəndə yenə xəcalətdən və qorxudan səsini çıxarmadı. Amma ürəyində bərk peşman olub Allaha xitabən dedi: “Ilahi! Mən nadanlıq üzündən sənə asi olmuşam. Indi səmimi qəlbdən tövbə edirəm. Günahlarımdan keç, bu ümməti bəladan xilas et”. O adamın duası qurtarmamışdı ki, güclü yağış yağdı.
Həzrət Musa Peyğəmbər (ə) təəccüb içində Allaha minacat etdi: “Yarəbbi, Sən dedin ki, günahkar adamı aramızdan xaric edək, sonra bizə yağış göndərəcəksən. Amma bu ümmət Sənin əmrini cavabsız qoysa da, yağış yağdırdın”. Allahdan vəhy gəldi: “Ey Musa! Mənim günahkar bəndəm sidq ürəkdən tövbə etdi, dərgahıma üz tutdu. Mən bu vaxta kimi onun üzündən sizi yağışdan məhrum etmişdim. Amma bil ki, bu gün məhz onun hörmətinə sizə yağış göndərdim. Mənim dərgahımda səmimi tövbənin dəyəri bu qədər böyükdür”.
Musa (ə) xahiş etdi: “Allahım, əgər Sən yağışı onun xatirinə yağdırmısansa, demək, o adam Sənin razılığına nail olub, övliyadır, Sənin dostundur. O adamı mənə tanıtdır ki, əllərindən öpüm”. Allah buyurdu: “Ya Musa! Mən istəmərəm ki, o adam öz keçmişinə görə sizdən utanıb xəcalət çəksin. O, günah edəndə, mənə asi olanda mən öz mərhəmətimlə onun kimiyini gizli saxlamışdım. Indi deyirsən ki, tövbə edəndən sonra bu sirri faş edim?”.


Tarix: 21.11.2012 / 23:45 Müəllif: [Ram] Baxılıb: 475 Bölmə: Maraqlı melumatlar
loading...