Sədəqə, kasıblığı ortadan qaldırmağa hesablanmış, ölçüsü, miqdarı və sərhədi olmayan, hər zaman edilən gəlirli bir ticarətdir. Bir tərəfdən kasıblığı ortadan qaldırmağa çalışmaqla bərabər, digər tərəfdən də qulа Rəbbinin rıza və cənnətini qazanmağa səbəb olan ticarətdir.
Allah buyurur: "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir" (əl-Bəqərə, 261); "Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!"(əl-Bəqərə, 272)
Sədəqənin savabı və fəziləti bu cür dəyərlidir, ucadır. Ancaq Allah bu savabı yardımı səbəbilə insanlara minnət etməyən və təhqir etməyənlərə verəcəkdir. Sədəqə verənin ehtiyac sahibinə verdiyi sədəqəyə görə yuxarıdan aşağı baxması, onu xor görməsi və verdiyini onun üzünə vuması Quranda qadağan edilmişdir.
Allah buyurur: "Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!
Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!" (əl-Bəqərə, 262-264)
Sədəqənin ən fəzilətlisi keyfiyyət baxımından ən yaxşı olanıdır. Buna görə də kasıba yardım edən, malının pisini və ya özünün istifadə edə bilməyəcəyi şeyi verməməlidir.
Allah buyurur: "Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!"(Bəqərə, 267); "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!" (Ali İmran, 92).
İslam, alan əl olmasına baxmayaraq, kasıbın şərəfini qorumuşdur. Verən əlin əziyyət və minnət etməsini qadağan etmiş, verdiyi malın keyfiyyət baxımından ən yaxşısı olmasını istəmişdir.
Tarix: 03.01.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Maraqlı melumatlar