Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ZƏKAT-Zəkatın dini əhəmiyyəti

MÖVZUDA BU MƏSƏLƏLƏRDƏN DANIŞILIR:
Zəkatın dini əhəmiyyəti
Zəkatın verilməsinə təşviq
Zəkatdan imtina etməyin qadağan olunması
Zəkatdan imtina edənin hökmü
Zəkatın dini əhəmiyyəti

Zəkat, İslamın əsaslarından və fərz əməllərindən biridir.
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq"[1].
Qurani Kərimin səksən iki ayəsində zəkat namazla bərabər qeyd edilmişdir (bu isə onun hansı dərəcədə əhəmiyyətli olduğundan xəbər verir. tər.).

Zəkatın verilməsinə təşviq

Allah təala buyurur: "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir."[2]
Allah təala buyurur: "(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!"[3]
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu xəbər verir: "Kim öz halal qazancından bir xurma dəyərində sədəqə verərsə, uca Allah bunu sağ əli ilə qəbul edib, sizin öz dayçanızı böyüdüb dağ boyda etdiyiniz kimi, O da həmin malı sədəqə sahibi üçün o qədər bərəkətləndirər. Heç şübhəsiz, Allah yalnız halalı qəbul edir"[4].

Zəkatdan imtina etməyin qadağan olunması

Allah təala buyurur: "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!"[5]
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: «Allahın mal-dövlət bəxş etdiyi kəs onun zəkatını vermirsə, Qiyamət günü Allah onun mal-dövlətini, gözlərinin üstündə qara xal olan zəhərli ilana döndərəcəkdir. İlan onun boynuna sarılacaq və onun yanaqlarından yapışıb deyəcək: mən sənin xəzinənəm, mən sənin mal-dövlətinəm. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayəni oxudu: «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! [6]»[7]
Uca Allah başqa bir ayədə buyurur: «... (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)»[8]
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Malının zəkatını verməyən qızıl və gümüş sahibi üçün qiyamət günü cəhənnəm odundan bir qapı açılacaq və yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alnına, böyürünə və kürəyinə dağ basılacaq. Hər dəfə soyuduqda yenidən təkrarlanacaqdır. Bu əzab, müddəti əlli min il olan bir gündə bəndələr arasında haqq-hesab başlayana və özünün ya cənnətlik ya da cəhənnəmlik olduğunu bilənə qədər davam edəcəkdir.
Orada olanlar dedilər: Ey Allahın elçisi, bəs dəvəsinin zəkatını verməyən?
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Həmçinin dəvə sahibi də, onun haqqını (zəkatını) verməsə qiyamət günü üzü üstə bir çuxura atılacaq, hər bir dəvə ayaqları ilə onu tapdalayacaq və dişləyəcək, onun isə qaçmağa yeri olmayacaq. Birinci dəvə bunu etdikdən sonra digəri onu əvəz edəcəkdir. Bu əzab, müddəti əlli min il olan bir gündə, bəndələr arasında haqq-hesab edilənə və özünün ya cənnətlik ya da cəhənnəmlik olduğunu bilənə qədər davam edəcəkdir»[9].

Zəkatdan imtina edənin hökmü

Zəkat, İslam ümmətinin yekdilliklə qəbul etdiyi vacib əməllərdəndir. O, geniş vüsət alıb dinin lazımlı əməllərindən və onun vacibliyini inkar edən isə İslamdan çıxmış sayılır və kafir kimi ölür. Yalnız, İslamda yeni olan insan şəriət hökmləri barəsində cahilliyinə görə üzrlü sayılır.
Zəkatın vacibliyini etiqad edib onu verməkdən imtina edərsə, buna görə günah qazanar, lakin dindən çıxmaz. Belə halda rəhbər ondan, zəkatı və əlavə cəza olaraq malının yarısını məcbur almalıdır. Bunun sübutu Bəhz ibn Həkimin rəvayətidir. O atasından, atası da babasından rəvayət edir ki, o, Peyğəmbərin belə dediyi eşitmişdir: «Çöldən qidalanan qırx dəvəyə görə ikiyaşlı dişi dəvə (zəkat) verilir. Hesablamada dəvələr arasında (köklüyünə və ya arıqlığına, kiçikliyinə və ya böyüklüyünə görə) fərq qoyulmur. Kim zəkatını savab qazanmaq üçün verərsə, savabına yetişər. Kim zəkatı verməkdən imtina edərsə, Allahın haqqlarından biri olaraq, biz ondan zəkatı və üstəlik malının yarısını alarıq. Bu maldan, Məhəmmədin ailəsinə heç nə halal deyil»[10].
Zəkatın vacibliyini etiqad edib onu verməkdən imtina edənlər qüvvə ilə müqavimət göstərərlərsə, zəkatı verənə qədər (müsəlman rəhbər tərəfindən) onlara qarşı döyüşülməlidir. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: «İnsanlar lə iləhə illəllah Muhəmmədən rəsuləllah kəlməsinə şəhadət verməyib, namaz qılmayıb, zəkat verməyincəyə qədər onlara qarşı döyüşmək mənə əmr olundu. Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla, canlarını və mallarını qorumuş olarlar. Onların haqq-hesabları isə Allah dərgahındadır»[11].

Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdən sonra Əbu Bəkr xəlifə olanda ərəblərin bir hissəsi kafir olmuşdular. (Əbu Bəkr onlara qarşı döyüşə hazırlaşanda) Ömər dedi: "İnsanlarla hansı əsasa görə döyüşürsən?" Axı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurub: "İnsanlar: Lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsini - deyənə qədər onlarla vuruşmaq mənə əmr edilmişdir! Əgər bu kəlməni desələr, haqlı anlar istisna olmaqla, öz qanlarını və mallarını qorumuş olarlar. Onların haqq-hesabları isə Allah dərgahındadır».
Cavabında, Əbu Bəkr deyir: Allaha and olsun, zəkatı namazdan ayıranlara qarşı döyüşəcəyəm. Zəkat malın haqqıdır. Əgər onlar Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ödədikləri dəvə çidarını mənə ödəməkdən imtina etsələr mən buna görə onlarla döyüşərəm. Ömər (Allah ondan razı olsun) deyir: Bundan sonra mən gördüm ki, Allah, Əbu Bəkrin (Allah ondan razı olsun) köksünü cihad üçün genişlətmişdir. Nəhayət mən onun haqq olduğu dərk etdim![12].

----------------------------------------------------------
[1] Buxari: 1/ 49/ 8. Müslim: 1/ 45/ 20/ 16. Tirmizi: 4/ 119/ 2736. Nəsai: 8/ 107. Hədisin bu tərtibatı Müslimə məxsusdur.
[2] ət-Tövbə: 103.
[3] ər-Rum: 39.
[4] Buxari: 3/ 278/ 1410. Müslim: 2/ 702/ 1014. Tirmizi: 2/ 85/ 656. Nəsai: 5/ 57.
[5] Ali İmran: 180.
[6] Ali İmran: 180.
[7] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 2327. Buxari: 3/ 268/ ? 1403.
[8] ət-Tövbə: 34-35.
[9] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 5729. Müslim: 2/ 680/ ? 987. Əbu Davud: 5/ 75/ ? 1642.
[10] Hədis həsəndir. Səhih Sünən ibn Macə: ? 4265. Əbu Davud: 4/ 452/ ? 1560. Nəsai: 5/ 25. Əhməd: 8/ 217/ 28.
[11] Buxari: 1/ 75/ ? 25. Müslim: 1/53/ ? 22.
[12] Buxari: 3/ 626/ ? 1399-1400. Müslim: 1/ 51/ ? 20. Əbu Davud: 4/ 414/ ? 1541. Nəsai: 5/ 14. Tirmizi: 4/ 117/ ? 2734.


Tarix: 12.04.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 426 Bölmə: Maraqlı melumatlar
loading...