Zilhiccənin ilk on gününün fəziləti haqqında Quran və sünnədən dəlillər gəlmişdir. Aşağıda ayə və hədislərdən bəzilərini dəlil olaraq sizə təqdim edirik:
Həmd (şükür, tərif, minnətdarlıq), Aləmlərin Rəbbi olan Allaha aiddir. Salat və salam da peyğəmbərlərin əfəndisi (ağası, xatəmi, sonuncusu), Məhəmmədə (ona və ailəsinə salam olsun) olsun.
Heç şübhəsiz ki Allah Təalanın, saleh qullarına ilin müəyyən günlərini çox saleh əməl işləmələri üçün təsis etməsi, Onun qullarına olan lütf və lütfkarlığındandır. Elə məhz bu günlərdən biri də Zilhiccə ayının ilk on günüdür.
Zilhiccənin ilk on gününün fəziləti haqqında Quran və sünnədən dəlillər gəlmişdir. Aşağıda ayə və hədislərdən bəzilərini dəlil olaraq sizə təqdim edirik:
Allah Təala belə buyurmuşdur:
“ And olsun dan yerinə; And olsun on gecəyə…” (əl-Fəcr (Dan yeri) surəsi, 1-2).
İbn Kəsir -Allah ona rəhmət etsin- ayədəki on gecədən məqsədin; İbn Abbas, İbn Zubeyr, Mücahid və başqalarının dedikləri kimi: “Zilhiccənin ilk on günüdür” demişdir.
İbn Abbasdan -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
"Allah Təala nəzdində içərisində edilən saleh əməlin daha sevimli olduğu bu on gündən -yəni Zilhiccə ayının ilk on günündən- başqa bir gün yoxdur.
Səhabə: “Ey Allahın Elçisi! Allah yolunda cihaddamı (bu gündə edilən əməllərin əvəzini verə bilməz)?” dedilər.
Rəsulullah (ona və ailəsinə salam olsun): “Allah yolunda cihad belə (bu gündə ediləcək əməllərin əvəzini verə bilməz). Ancaq Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən kimsə bunun xaricindədir” buyurdu.
Allah Təala belə buyurmuşdur:
“ Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!” (əl-Həcc (Həcc) surəsi, 28).
İbn Abbas -Allah ondan razı olsun-: “Ayədə keçən məlum günlərdən qəsd; Zilhiccənin ilk on günüdür” demişdir.
Abdullah b. Ömərdən -Allah ondan və atasından razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Allah Təala dərgahında içərisində saleh əməl işlənən bu on gündən əcri daha böyük və Onun daha çox xoşuna gələn başqa bir gün yoxdur. O halda, bu günlərdə bol-bol təhlil (lə iləhə illallah), təkbir (Allahu Əkbər) və tahmid (əl-həmdulillah) gətirin”.
Hafiz İbn-i Həcər -Allah ona rəhmət etsin- Fəthu'l-Bari adlı əsərində belə demişdir:
"Göründüyü kimi Zilhiccənin ilk on gününün digər günlərdən üstün olmasının səbəbi; ibadətlərin əsası olan namaz, oruc, sədəqə və həcc kimi ibadətlərin eyni zamanda əda edilməsindən ötəridir. Bu üstünlükləri digər günlərdə əldə etmək mümkün deyil”.
ZİLHİCCƏ AYININ İLK ON GÜNÜNDƏ EDİLMƏSİ MÜSTƏHAB OLAN ƏMƏLLƏR:
1. Bol-bol nafilə namaz qılmaq.
Fərz namazları əda etmək üçün məscidlərə erkən getmək və bol-bol nafilə namaz qılmaq. Çünki nafilə namazlar, insanı Allah Təalaya yaxınlaşdıran ən fəzilətli əməllərdəndir.
Necə ki, Səvbandan -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“(Namazda) Allaha çox səcdə et. Çünki sən, Allaha hər səcdə etdikcə, o səcdə səbəbiylə Allah da sənin (cənnətdəki) dərəcəni yüksəldər, bir günahını da silər”.
Bu əcr (mükafat) hər vaxt üçün etibarlıdır.
2. Nafilə oruc tutmaq.
Heç şübhəsiz ki, bu günlərin hamısını və ya gücü çatdığı qədərini, xüsusilə də Ərəfə gününü orucla keçirmək, əməllərin ən fəzilətlisidir. Çünki Allah Təala, orucu özü üçün seçmişdir.
Necə ki, Əbu Hureyrədən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Allah –subhanəhu və təala- buyurur ki: Oruc, mənim üçündür, onun mükafatını da mən verərəm. Çünki o (oruclu), şəhvətini, yeməsini və içməsini mənim üçün tərk etmişdir. Oruc, cəhənnəmə (və ya cəhənnəmə aparan şəhvətlərə) qarşı bir qalxandır. Oruclu üçün iki sevinc anı vardır: (Birincisi:) İftarını açdığında sevinər. (İkincisi: Qiyamət günü) Rəbbinin hüzurunda orucunun savabını tapdığında sevinər. And olsun ki, oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir”
Huneydə b. Xalid, xanımından, o da Peyğəmbərin (ona və ailəsinə salam olsun) bəzi xanımlarından rəvayət etdiyinə görə, o belə demişdir:
“Rəsulullah (ona və ailəsinə salam olsun) Zilhiccə ayının ilk 9 günü, Məhərrəm ayının 10 günü, hər ayın ilk Bazar ertəsi günü ilə sonrakı iki Cümə axşamı günləri olmaq üzrə 3 gün oruc tutardı” (Əhməd, Əbu Davud, Nəsai).
İmam Nəvəvi -Allah ona rəhmət etsin-: “Zilhiccə ayının ilk on günü tutulan oruc çox müstəhəbdır", demişdir.
Əbu Səid əl-Xudridən-Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Hər kim, Allah üçün bir gün oruc tutsa, o gün tutduğu oruc səbəbiylə Allah onun üzünü yetmiş illik məsafə qədər cəhənnəmdən uzaq edər” (Buxari və Müslim).
Peyğəmbər (ona və ailəsinə salam olsun) Ərəfə gününün orucu haqqında isə belə buyurmuşdur:
“Ərəfə gününün orucunun, (oruc tutan kimsənin) bir əvvəlki il ilə bir il sonrakı ilin (kiçik) günahlarına kəffarə olmasını ümid edirəm” (Müslim).
Bu hədis onu bildirir ki, Ərəfə günündə tutulan oruc həm keçən ilin, həmdə gələn ilin günahlarını yuyur. Allah rəsulunun qəlbində belə bir açıq ümid olmuşdur. Çünki onun ümidlənməsi bizim kimi boş yerə deyildir.
Lakin Ərafatda olan, yəni həcc edən kimsənin, Ərəfə günü oruc tutması müstəhəb deyil. Çünki Peyğəmbər (ona və ailəsinə salam olsun) Ərafatda oruclu olaraq vəqfədə dayanmamış, əksinə insanlar özünün oruclu olmadığını görsünlər deyə bir qədəh süd içmişdir.
3. Həcc və ümrə etmək.
Bu günlərdə edilən əməllərin ən fəzilətlisi, həcc və ümrədir. Həcc və ümrənin ən fəzilətli əməl olduğuna dəlalət edən bir çox hədis vardır.
Belə ki, bunlardan birində Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“İki ümrə arasında edilən (kiçik) günahlara, bu iki ümrə kəffarə olar. (günahları silər). Qəbul olunan həccin qarşılığı, ancaq cənnətdir” (Buxari və Müslim).
4. Bu günlərdə çoxlu təkbir (Allahu Əkbər), təhlil (Lə İləhə İllallah) və təhmid (Əl-Həmdulillah) gətirmək (demək).
Bununla bağlı İbn Ömərin -Allah ondan və atasından razı olsun- yuxarıda zikr edilən rəvayətində ifadə etdiyi kimi, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
"Allah Təala nəzdində içərisində saleh əməl işlənən bu on gündən əcri daha böyük və Onun daha çox xoşuna gələn başqa bir gün yoxdur. O halda, bu günlərdə bol-bol təhlil, təkbir və təhmid gətirin” (Əhməd bin Hənbəl).
İmam Buxari -Allah ona rəhmət etsin- bu barədə belə demişdir:
“Abdullah b. Ömər və Əbu Hureyrə -Allah ikisindən də razı olsun- Zilhiccənin ilk on günündə bazara çıxıb yüksək səslə təkbir gətirər, insanlar da onlarla birlikdə təkbir gətirərdilər”.
Yenə, İmam Buxari -Allah ona rəhmət etsin- bu barədə belə demişdir:
“Ömər b. Xəttab -Allah ondan razı olsun- bu günlərdə Minadakı çadırında təkbir gətirər, Hayf məscidində olan və onu eşidən müsəlmanlarla birlikdə bazar və bazardakı insanlar Mina təkbir səsləriylə inləyəcək şəkildə təkbir gətirərdilər”.
Abdullah b. Ömər, Minada bu günlərin hamısında, fərz namazlardan sonra, yatağında, çadırında, məclisində və yolda təkbir gətirərdi.
Ömər b. Xəttab, oğlu Abdullah və Əbu Hüreyrənin davranışları olduğu üçün, bu günlərdə açıqdan və yüksək səslə təkbir gətirmək, müstəhəbdir.
Biz müsəlman olaraq, indiki vaxtda itən, unudulan və tərk edilən, hətta -kədərlənərək söyləmək lazımdır ki- ilk müsəlmanların yaşadıqlarının əksinə, bəzi saleh kəslərin belə haradasa unutduğu bu sünnəni, təkrar yaşatmağımız lazımdır.
BU GÜNLƏRDƏ DEYİLƏN TƏKBİRİN SÖYLƏNİŞ ŞƏKİLLƏRİ:
a). Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər.
b). Allahu Əkbər , Allahu Əkbər, La ilahə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil-Həmd.
c). Allahu Əkbər, Allahu Əkbər , Allahu Əkbər, La ilahə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Vəlillahil-həmd.
5. Qurban bayramının birinci gününün fəzilətli olması
Qurban bayramının birinci gününün fəziləti çox böyükdür. Bir çox müsəlman bu günün fəzilətindən, şanının dəyərini bilməkdən və fəzilətinin saysız oluşundan xəbərsizdir. Bəzi İslam alimləri bu günü, ilin müzakirəsiz (ixtilafsız) ən fəzilətli günü, hətta Ərəfə günündən belə üstün görmüşlər.
İmam İbn Qeyyum -Allah ona rəhmət etsin- bu barədə belə demişdir:
“Allah qatında günlərin ən xeyirlisi, Həcci Əkbər günü olan qurban günüdür”.
Necə ki, Abdullah b. Kurddan -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Allah Təbarəkə və Təala qatında günlərin ən böyüyü (ən əzəmətlisi); qurban günüdür. Ondan sonra təşrik günlərinin başlanğıcı və cəmrələri daşlamaq üçün Minada qalmaq üçün başlanan on birinci gündür” (Əbu Davud, Albani səhihləmişdir).
Bəzi alimlər də aşağıdakı səbəblərdən ötəri Ərəfə gününün daha fəzilətli olduğunu söyləmişlər:
1. O gündə tutulan oruc, iki ilin kiçik günahlarına kəffarə olar.
2. Allah Təala, o gündə qullarını cəhənnəm əzabından bağışladığı qədər başqa bir gündə bağışlamaz.
3. Allah Təalanın rəhmət və comərdliyi, Ərafatda olan qullarına yaxın olar və Allah Təala, onlarla mələklərinə qarşı fəxr edər.
Lakin doğru olan görüş (rəy), ilin ən fəzilətli gününün qurban bayramının birinci günü olduğunu söyləyən birinci görüşdür. Çünki buna dəlalət edən hədisə zidd başqa bir hədis rəvayət olunmamışdır.
İstər qurban bayramının birinci günü olsun, istərsə də Ərəfə günü ən fəzilətli gün olsun, müsəlmana düşən vəzifə; hacı olsun, evində qalan olsun, bu günlərin fəzilətini dərk etmək və əlinə keçən bu fürsəti ən yaxşı şəkildə qiymətləndirməkdir.
Allah təala biz qullarına bu günlərin dəyərini verməkdə kömək etsin. Amin!
Tarix: 11.04.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Maraqlı melumatlar