Günlərin birində alim tələbəsindən soruşur: Nə vaxtdan bəri mənim tələbəmsən?
Tələbə: Düz otuz üç ildir ki, sizin tələbənizəm.
Alim: Bu müddət ərzində məndən nə öyrənmisən?
Tələbə: Bu illər ərzində sizin sayənizdə səkkiz məsələdən agah olmuşam.
Alim: İnna lillahi və inna ileyhi raciuun, ömrümü sənə həsr etmişəm, sən isə yalnız səkkiz məsələ öyrənmisən?
Tələbə: Ustadım, yalan danışmağı sevmirəm, inanın ki, yalnız səkkiz məsələdən başqa sizdən heçnə öyrənməmişəm.
Alim: Yaxşı, danış görüm nədir bu səkkiz məsələ?
Tələbə:
1.Ətrafıma baxdım və gördüm ki, hərə bir şeyə aşiqdir, lakin heç kəs aşiq olduğu şeyi qəbrə apara bilmir. Buna görə də xeyir işlərlə məşğul olmağı sevdim ki, onları qəbrə də apara bilim.
2.Allahın Qurani-Kərimdə buyurduğu: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!” (79/40-41) ayəsinə nəzər saldım. Qeyd olunanlardan ibrət götürdüm və Allah qorxusuna nail olmaq üçün əlimdən gələni əsirgəmədim, nəfsimlə mübarizə apardım.
3.Ətrafıma baxdım və gördüm ki, hər kəs sahib olduğu qiymətli əşyasını qoruyur ki, itməsin, xarab olmasın. Allahın Qurani-Kərimdə buyurduğu: “Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət nemətləri) isə əbədidir” (16/96) ayəsini oxuduqdan sonra isə əlimə düşən hər qiymətli əşyanı Allah üçün sərf etməklə onun əbədi qalmasına nail olmağa çalışdım.
4.Ətrafımda kiminin malı-mülki ilə, kiminin də hörməti, nüfuzu və yaxut da əsli-nəcabəti ilə öyündüyünü gördüm. Allahın Qurani-Kərimdə buyurduğu “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)” (49/13) ayə ilə rastlaşdıqdan sonra isə təqva əhlindən olmağa çalışdım ki, Allah yanında hörmətim olsun.
5.İnsanların bir-birinə lakə yaxdığını, bir-birini lənətlədiyini gördüm. Bütün bunlar paxıllıqdan irəli gəlir. Allahın “Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!”(43/32) ayəsinə nəzər saldıqdan sonra isə paxıllıqdan uzaq durdum və başa düşdüm ki, Allahın qisməti deyilən bir şey var və bütün naliyyətlər Allahın qismətindən aslıdır.
6.Ətrafımdakıların bir-birinə qarşı düşmənçilik etdiklərini, bir-birləri ilə savaşdıqlarını, hətda bir-birlərini öldürdüklərini gördüm. Allahın Qurani-Kərimdə “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.”(35/6) buyurduğunu oxuduqdan sonra insanlarla ədavət aparmaqdan əl çəkdim və yalnız şeytanla düşmən oldum.
7.İnsanların ruzi əldə etmək məqsədi ilə özlərini bütün vasitələrə, eləcə də harama əl atmağa məcbur etdiklərini gördüm. Allahın Qurani-Kərimdə buyurduğu “Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.”(6/38) ayəsini oxuduqdan sonra isə başa düşdüm ki, mən də bu zümrələrdən birinə mənsubam. Bundan sonra mənim olanla kifayətləndim, mənim olmayanın isə ardınca baxmadım.
8.Gördüm ki, insanlar özləri kimi yaratılmış müxtəlif varlıqlara arxalanırlar. Kimi mal-dövlətinə, kimi səhhətinə və s. Allahın Qurani-Kərimdə buyurduğu “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.”(65/3) ayəsini oxuduqdan sonra isə yaradılmışlara təvəkkül etməkdənsə Yaradan Allaha təvəkkül etməyin ən doğru olduğunu başa düşdüm.
Tələbəsini diqqətlə dinləyən alim, “bərəkəllah” deməklə onun otuz üç ilinin boşa getmədiyini bildirir.
Tarix: 12.04.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 251 Bölmə: Maraqlı melumatlar