Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məsqət Tarixi

V-VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX-X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.

Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.

Əl-Bəlazuri xəbər verir ki, Məsqətin Ənuşirəvanın təyin etdiyi şahları olmuşdur və sonra əlavə edir ki, indi artıq onların məmləkəti yoxdur. Qədim zamanlarda bu vilayətin müstəqil hakimləri olmuşdur, lakin h.218 (833)-ci ildə əl-Bab əmirləri Məsqəti zəbt etdikdən sonra onların müstəqilliyinə son qoyulmuşdur. Vilayətə Mücqubad, Mehyariyə və Samsuyə mülk və qalaları daxil idi.

Maskutlar Cənubi Dağıstanda, Xəzəryanı ovalıqda, Samur və Vəlvələ çaylarının arasında yaşayırdılar. Onların daha cənubda ta Abşeronadək məskunlaşması müşahidə edilir. Göründüyü kimi, Məsqətin əhalisi qarışıq olub, türkdilli massagetlər, habelə Qafqaz və İran tayfalarından ibarət idi.

Əl-Bəlazurinin məlumatına görə, Mərvan ibn Məhəmməd VIII əsrdə islamı qəbul etmiş xəzərləri Məsqətdə, "Samurla Şəbəran arasında ləkzlər vilayətindəki düzənlikdə yerləşdirmişdir". Məsqət şəhəri Samur çayının yaxınlığında, onun sağ sahilində olub, hələ Sasanilər vaxtından məlum idi.

"Hüdud əl-aləm"də verilən məlumatlara görə Məsqətdən islam ölkələrinə çoxlu qul gətirilirdi. O, Sərirə, yəni avarlar ölkəsinə tabe idi. Əl-Bəlazuri və İbn əl-Fəqih onun müstəqil şəhər olduğunu göstərirlər. Əl- Məsudi xəbər verir ki, burada Sasanilər dövründən daş tikililər var idi. "Tarix-i əl-Bab"da Məsqət X-XI əsrlərdə deyləmlilərin və rusların hücumlarına məruz qalmış bir şəhər kimi dəfələrlə xatırlanır.

XI əsrin ikinci yarısında Şirvanşah I Fəribürz Məsqət vilayətinə sahib olmaq uğrunda əl- Bab əmirləri ilə müharibələr aparmış, onun bütün torpaqlarını zəbt edib Şirvan vilayətinə qatmışdı. XI əsrin ikinci yarısında Məsqət şəhəri, Yəzidiyyə və Bakı kimi türklərin dağıdıcı hücumlarına məruz qalaraq viran edilmişdi. Bundan sonra Şirvanşah Fəribürz öz mülklərinin mərkəzini Məsqətdəki Mehyariyəyə köçürməyi qərara alır. Ortasında qəsr olan şəhərə çevrilmiş Mehyariyə malikanəsinin ətrafına divar çəkildi. Şirvanşah çox vaxt Mehyariyədə yaşayaraq, buradan əl-Baba basqınlar edirdi. H.464 (1071)-cü ildə türk Yağma Şirvanşahdan tələb edir ki, əl-Bab qalasını və Məsqəti təslim etsin. H.468 (1075)-ci ildə Səlcuqlular onları tutdular. Bab və Firuz Qubad şəhərləri də Məsqət vilayətinə daxil idi.


Tarix: 10.01.2015 / 12:57 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Ümumi
loading...