Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlaqələr

Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön Asiyanın qonşu rayonları ilə təmasda və qarşılıqlı əlaqədə keçmişdir. Mərkəzi Zaqafqaziyanın ən qədim yaşayış yerlərində dairəvi planlı kərpic tikililər inşaatda ənənəvi formanı təşkil edir. Eyni vaxtda belə tikililər Şimali Mesopotamiyada geniş, yayılmışdır. Dairəvi planlı çiy kərpic memarlığını Yaxın Şərqdə yayan Xalaf mədəniyyəti qəbilələri olmuşdur.

Xalaf qəbilələrinin tarix səhnəsinə çıxması ilə Ön Asiyada əlaqələr, etnomədəni proseslər nəzərə çarpacaq dərəcədə genişlənir. Zaqafqaziyanın, o cümlədən Azərbaycanın eneolit qəbilələrinin dairəvi planlı tikililəri ilə Xalaf qəbilələri tikililəri arasındakı münasibəti konkret izah etmək çətindir. Ancaq güman etmək olar ki, həmin regionların inşaatında yeni formalı tikililərin geniş yayılması müəyyən qarşılıqlı əlaqələrin nəticəsində mümkün olmuşdur.

Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün Eneolit dövrü ərzində olmuşdur. Belə ki, Naxçıvanın Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılmayıbdır.

Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Obeyd mədəniyyəti materiallarında öz əksini tapmışdır. Obeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzunmüddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Obeyd qəbilələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı Leylatəpədə memarlıq formaları, dulusçuluq kürələri, dulus məmulatı bu ərazidə əsrlərlə davam edən yerli mədəniyyətdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər (iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali Mesopotamiyanın, məsələn, 3-cü Yarımtəpə Obeyd yaşayış yerində eyni ilə təkrar olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri qoymur.

Eneolit dövründə əlaqələrin istiqaməti tək Mesopotamiya ilə bitmirdi. Arxeoloji materiallar Azərbaycanın şərq və cənub vilayətlərlə əlaqələrini müəyyənləşdirməyə imkan verir. Bu cəhətdən bəzək əşyalarının xüsusi əhəmiyyəti vardır. Kültəpə və Çalağantəpə qəbirlərində bəzi daş növlərindən hazırlanmış muncuqlar, şəksiz, buraya gətirilmədir. Firuzə daşından muncuqlar bu qəbildəndir. Firuzə daşı qədimdə Əfqanıstan və Şərqi İrandan Ön Asiyanın bir çox rayonlarına yayılırdı.

Kültəpə, Çalağantəpə və başqa yaşayış yerlərinin sakinləri sümükdən və daşdan bəzək hazırlama məharətinə malik idilər. Ancaq bəzi qəbirlərdən mindən artıq muncuğun tapılması onların qonşu ölkələrdən mübadilə məqsədi üçün gətirilməsini söyləməyə əsas verir. Çalağantəpədə bir uşaq qəbrindən tapılan iki mindən artıq muncuğun 1580 ədədi sədəfdən düzəldilmişdir. Başqa qəbirlərdə də belə, həm də qara, boz rəngli bərk daşdan çox zərif işlənmiş cilalı muncuqlara rast gəlinmişdir. Görünür, harada isə cənubda, dənizsahili rayonlarda mübadilə üçün sədəfdən külli miqdarda muncuq hazırlanırmış.

Eneolitin son dövründə Azərbaycan qəbilələri Ön Asiyanın qonşu rayonlarının əhalisi ilə nisbətən intensiv əlaqələrdə olmuşdur. Mövcud əlaqələr bəzən Mesopotamiyadan Azərbaycana ayrı-ayrı qəbilə qruplarının köçməsinə gətirib çıxarırdı.


Tarix: 07.01.2015 / 17:42 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Ümumi
loading...