Fətəli xan və Əmir Həmzənin qoşunları Xudat yaxınlığında Gavduşan adlanan çöllükdə qarşılaşdı. Fətəli xan üçün, əslində, bu gözlənilməz döyüş idi. O, döyüşdən əvvəl vacib hazırlığı görməyə, demək olar ki, macal tapmamışdı. Bununla belə onun hərbi yürüşlərində bəlkə də ən qanlı toqquşma olan Gavduşanda əvvəlcə üstünlük Fətəli xanın tərəfində idi. Ağır olmasına baxmayaraq, bu döyüşü də Quba xanı öz xeyrinə həll etmək üzrə idi. Əmir Həmzə tərəfdən vuruşan Məhəmməd Dişsiz, qazıqumlu Eldar bəy, məsum Şeyxəli bəy həlak oldular. Əmir Həmzə böyük itkilər verirdi. Lakin birdən, yenə də gözlənilmədən düşmən tərəfdən yeni, sanki buna kimi ehtiyatda saxlanılan qüvvə irəli çıxdı. Qəfil güclü zərbələrdən Fətəli xanın döyüşçüləri arasında çaşqınlıq yarandı. Əmir Həmzənin olduqca zirək və mərd oğlu Əli bəy hücuma keçərək, Fətəli xanın qoşunlarını mərkəzdən dağıtmağa başlamışdı. Bu hücum döyüşün müqəddəratını həll etdi. Fətəli xan təzyiqə davam gətirə bilmədi. O, geri çəkilməli oldu. Pərən-pərən düşən qoşunların bir hissəsi ilə Salyana qaçdı. Ağır məğlubiyyətdən sonra Fətəli xan yaxın adamlarından birini Qızlar qalasında məskunlaşan rus ordu komandanı general-mayor Medemlə danışıqlara göndərdi.
Tarix: 08.01.2015 / 01:10 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Ümumi