Qarabağ xanlığında məaf adı daha çox işlək idi. Hərbi qulluqda və ya mülkü xidmətdə göstərdikləri müəyyən səylərə görə adi şəxslər xanlardan tarxanlıq torpaq, mülk, soyurqal alırdılar. Onlar xan fərmanı, təliqəsi ilə hər cür mükəlləfiyyətlərdən azad olunurdular. Vergidən azad şəxslərə məaflar deyirdilər.
Bir arxiv sənədində deyilir: "məaflar vəzifəsi ondan ibarətdir ki, xanların hökmü ilə düşmənə qarşı hücuma göndərilir, yerli rəislərin göstərişlərini yerinə yetirir, gözətçilərə başçılıq edir, ancaq xəzinəyə vergi vermirdilər" (Bax: MDTA, fond 91, iş 78, vər. 268)
Məaflıq həm bir şəxsə, həm də bütövlükdə bir obaya, hətta elə də aid edilirdi. Xanlıq dönəmində Cavanşir, Otuziki və başqa ellərin sıravi eldaşları da məaf sayılırdılar. Ona görə ki, onlar savaş zamanı canları, qanları ilə borclarını ödəyirdilər. Bu barədə Qarabağın iki xanın vəziri, görkəmli hüquqçu olmuş Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı. (Bax: Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıçı", 2001, səh.)
Ruslar Qarabağda möhkəmləndən sonra xanlığın qayda-qanunlarını ləğv edib, öz qanunlarını qoydular. Qarabağ elləri məaflıqdan salındı. Onlar da başqaları kimi vergi ödəməyə başladılar. Lakin ayrı-ayrı adamların məaflıq hüququ saxlandı. Onlar xan tərəfindən verilmiş məaflıq təliqələrini qazı tərəfindən təsdiq etdirib vergi idarələrinə təqdim etdilər.
Mehdiqulu xan Cavanşirin hakimiyyəti dönəmində Şuşa şəhərində yaşayan məaflar: Rüstəm Fətəli oğlu (1791-1852), Babakişi Həzrətqulu oğlu (1792-?), Məşədi Ağa Məmmədqulu Səfi oğlu (1792-?), Kərbəlayı Yusif Kərbəlayı Paşa oğlu (1792-?), Ağakişi ağa Atakişi ağa oğlu Keştazlı (1793-?), Iskəndər Iskəndər oğlu (1794-?), Məmmədqasım Hüseyn oğlu (1799-1858) və başqaları.
Tarix: 08.01.2015 / 02:37 Müəllif: Feriska Baxılıb: 124 Bölmə: Ümumi