Pedaqoji fəaliyyətlə məşğul olan Məmməd Məmmədov 1939-1940 illərdə Bərdənin Şirvanlı kənd orta məktəbində tədris hissə müdiri, 1940-1942 illərdə Bərdə şəhər orta məktəbində dərs hissə müdiri, direktor işləmişdir. O, 1943-1945 illərdə Laçın şəhər orta məktəbində dərs hissə müdiri,direktoru, 1945-1947 illərdə Laçın pedaqoji texnikumun direktoru vəzifələrində çalışmışdır.
Məmməd Məmmədov 1947-1952 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda kafedra müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 1949-1951 illərdə Ağdam şəhər 2 saylı orta məktəbdə kimya müəllimi işləmişdir.
Ağdam rayon partiya komitəsinin 1952-ci ilin fevral ayının 10-da keçirilmiş plenumunda Məmməd Məmmədov rayon partiya komitəsinin ikinci katibi seçilmiş, avqust ayının 31-nə kimi bu vəzifədə çalışmışdır. “Lenin yolu” qəzetinin 1952-ci il, 14 fevral tarixli sayında bu barədə məlumat verilmişdir. O, 1952-1954 illərdə Respublika İkiillik Partiya Məktəbində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Məmməd Məmmədov 1954-1955 illərdə MJS-də katib işlədikdən sonra 1 dekabr 1955-ci ildə yenidən Ağdam Rayon Partiya Komitəsinin ikinci katibi seçilmişdir. O, bu vəzifədə 7 dekabr 1957-ci ilə kimi çalışmışdır.
Məmməd Məmmədov 6 iyun 1956-cı ildə Ağdam rayon partiya komitəsinin II katibi kimi Azərbaycan pambıqçılarının nümayəndə heyəti tərkibində on gün müddətində Özbəkistanda olmuşdur. Məmməd Məmmədovun iştirakı ilə nümayəndə heyətinin bu səfəri Azərbaycanın və Özbəkistanın mətbuat səhifələrində işıqlandırılmışdır. “Kommunist” qəzetinin 20 iyun 1956-cı il sayında dərc edilmiş “Qardaş Özbəkistanın pambıq tarlalarında nə gördük” sərlövhəli məqalədə bu səfərdən geniş bəhs edilmişdir.
Məmməd Məmməd Azərbaycan SSR Ağdam Dövlət Müəllimlər İnstitutunda kafedra müdiri vəzifəsində çalışarkən tədqiqatla da məşğul olmuşdur. Lakin sonralar müəyyən səbəblər üzündən elmi fəaliyyətini davam etdirə bilməmişdir. Məmməd Məmmədov 1957 ildən həyatının sonuna kimi müəllimlik peşəsinə üstünlük vermiş, kimya, biologiya fənnini tədris etmişdir.
Məmməd Məmmədovun ixtisaslı kadrların hazırlanmasında xidmətləri böyükdür. Onun dərs dediyi şagirdlər arasında müxtəlif peşə sahibləri - elmlər namizədləri, elmlər doktorları vardır. Məmməd Məmmədov SSRİ-nin müxtəlif medalları ilə təltif olunmuş, 18 dekabr 1974-cü ildə “Qabaqcıl maarif xadimi” döş nişanına, 13 aprel 1983-cü ildə “Baş müəllim” adına layiq görülmüşdür. O, uzun illər Azərbaycan “Bilik” cəmiyyətinin üzvü olmuşdur.[8]
Məmməd Məmmədov Ağdam rayon partiya komitəsinin II katibi işlədiyi illərdə Papravənd və Seyidli seçki dairələrində iki dəfə Ağdam rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir.
Orxan Zakiroğlu (Baharlı) “Ağdamın adlı-sanlı pedaqoqları, alimləri” (Sabah, 2001) əsərində Məmməd Məmmədovun həyat və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilmiş, "Məmməd Məmmədov (Soykökü, həyatı və fəaliyyəti)" (Bakı, 2014) adlı kitabında tanınmış maarif xadiminin soykökü, həyatı və fəaliyyəti araşdırılmış, Azərbaycan tarixində əhəmiyyətli rol oynamış sələflərindən söhbət açılmış, onu yaxından tanıyanların xatirələri verilmişdir.
Məmməd Məmmədov AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun dayısıdır.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Məmməd Məmmədovun nəvəsidir.
Tarix: 08.01.2015 / 02:40 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Ümumi