Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Demokratik Respublikası (1918-1920)

1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur.

ADR höküməti Tiflisdən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil edir. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur. Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir.

Beləliklə, ərazisi 98 min km2 və əhalisi 2 mln.800 min olan ADR parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir.

1920-ci ilin yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu. Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam qaldırmağa hazırlaşırdılar.

1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf, neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11 Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur..


Tarix: 07.01.2015 / 16:15 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Ümumi
loading...