Əl-Müqəddəsi Arran haqqında bu məlumatı verir:
"Arrana gəldikdə bu ərazi bütün Azərbaycan vilayətinin üçdə birini təşkil edir və dəniz ilə Araz çayı arasında bir yarım Cəzirəyə bənzəyir. Malik (Kür) çayı isə vilayəti uzununa iki yerə bölür. Onun paytaxtı Bərdə, şəhərləri isə bunlardır: Beyləqan, Şəmkir, Cənzə, Baric, Şamaxı, Şirvan, Bakı, Şabran, Bab ül-Əbvab, Lahican, Qəbələ, Şəki, Malazkerd və Tebla."
— Əl-Müqəddəsi, səh. 374
İbn Havqəl yazır:
"Arran ərazisi Bab ül-Əbvab hüdudlarından Tiflis hüdudlarınadək uzanır"
— İbn Havqəl, səh. 346 .
İstəxri yazır:
"Arranın sərhədləri Bab ül-Əbvabdan Tiflisədək və Araz çayı yaxınlığında Həciran (Naxçıvan) adı ilə məşhur olan yerədək uzanır. Arranda Bərdə və Bab ül-Əbvabdan böyük şəhər yoxdur"
— Əl-İstəxri, səh. 181
Yaqut Həməvi yazır:
"Azərbaycanla Arran arasında Araz adlı çay axır. Bu çayın qərbində və şimalında olan yerlər Arrana aiddir"
— Əl-Yaqut, I, səh. 183
Naməlum müəllifə məxsus Cami əd-düvəl əsərində yazılır:
"Arrana gəldikdə, bu məşhur ölkədir [ki], cənubdan Azərbaycanla, qərbdən Ermənistanla, şərqdən və cənubdan Azərbaycanla, şimaldan isə Kəbk dağları ilə sərhəddir. Onun əsas şəhərləri bunlardır: Naşava şəhəri, buna Naxçıvan da deyilir, beşinci iqlimindədir (onun) uzunluq dairəsi 780, en dairəsi 420-dir; Bab ül-Əbvab, Gəncə, Şəmkir, Beyləqan və Sərir Allan"
— V.Minorsky - Studies in Caucasian History, p.170(19).
Mirzə Camal Cavanşir bildirir:
"Qarabağ vilayəti Arran ölkəsinin bir hissəsidir: bu ölkəyə Kür və Araz çayları arasında olan vilayət və torpaqlar və bu torpaqlardakı Gəncə, Naxçıvan, Ordubad, Bərdə və Beyləqan şəhərləri daxil idi"
— Mirzə Camal Cavanşir - Qarabağ tarixi, səh. 11
Arranın tərkibinə Artsak, Şəki vilayəti daxil idi.
XIII əsrdə müəllifi bilinməyən "Əcayib-əl-Dünya" adlı orta əsrlər səlnaməsində Arran vilayətinin 30 fərsax (200 km) en və 40 fərsax (270 km) uzunluğu əhatə edən bir ərazini tutduğu qeyd olunur. Kür çayının Araz çayına qədərki sağ sahili bütövlükdə Arrana aid edilir (çayın sol sahili isə Şirvan adı ilə tanınmışdır). Ərazinin sərhədləri tarix boyu dəyişmiş, bə`zən müasir Azərbaycan Respublikasının ərazisini əhatə etmiş, bəzən isə kəskin kiçilmişdir.
Orta əsr ərəb tarixiçi, səyyah və coğrafiyaçıları Arran və onun bəzi böyük şəhərləri, Bərdə, Beyləqan, Gəncə və digərləri haqqında ümumi məlumat vermişdirlər.
Hazırda isə Mil və Muğan düzlərinin əraziləri (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) Aran adı altında Azərbaycan Respublikası ərazisində yerləşir.
Tarix: 10.01.2015 / 12:50 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Ümumi