Yoqlar hesab edirlər ki, orqanizmin təmizlənməsi vasitələrindən biri sudur. Qəbul olunan suyun (vari pitih) miqdarı insan orqanizminin tələblərinə uyğun olmalıdır. Su həm müalicəvi, həm də gigiyenik əhəmiyyətə malikdir. Su hüceyrələr, toxumalar və bədən mayelərinin (qan, limfa, mədə və bağırsaq şirələri, tüpürcək, öd) əsas hissəsini təşkil edir. Qan dövranında su hüceyrələrə oksigen və qida maddələrini çatdırır və ən güclü həlledici olduğuna görə maddələr mübadiləsi nəticəsində əmələ gələn parçalanma məhsullarını (tullantıları) xaric edir. İnsan orqanizmində su bir çox funksiya yerinə yetirir, buna görə də orqanizmin ona tələbatı çoxdur. Müəyyən edilmişdir ki, bir gün ərzində insanın böyrəkləri, ağciyərləri və dərisi 15 stəkan su ifraz edir. Bu itkiləri ödəmək məqsədilə insan gündə 2,5 litr təmiz su (çay, limonad, kofe, şorba və s. su hesab edilmir) içməlidir. Duş və ya vanna qəbul edərkən 1,5 litr su bədənə dəri vasitəsilə hopulur. Lakin insanlar, demək olar ki, adi təmiz su içmir.
Yoqlar hesab edirlər ki, xəstəliklərin çoxusu orqanizmdə suyun qıtlığı ilə bağlıdır və su bir dərman kimi bu pozuntuların əksəriyyətini aradan qaldıra bilər. Bunu doktor Fireydon Batmanghelidj (ABŞ) da, mikroanatomiya və molekulyar fiziologiyaya əsaslanaraq, öz tədqiqatları ilə sübut edir. Suyun miqdarı lazımi səviyyədə olmayanda, qan deintoksikasiya (zəhərli maddələrin zərərsizləşdirilməsi) funksiyasını tam şəkildə təmin edə bilmir və, nəticədə, böyrəklər, ağciyərlər və dəri orqanizmdə yığılan toksik maddələri qismən xaric edir. Bu da müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Bundan başqa, su həm də ömrün uzadılmasına bilavasitə imkan yaradır. Məlumdur ki, insan qocalanda onun orqanizmin toxumalarında suyun miqdarı azalır (yaşdan asılı olaraq, insan bədəninin çəkisinin 65%-dən 90%-ə qədər hissəsini su təşkil edir). Yoqlar bulaqdan götürülmüş ya da buzdan əridilmiş suyu içməyə məsləhət görür, çünki belə su xüsusi struktura malikdir və hüceyrələrin daxilində olan suyun parametrlərinə, demək olar ki, uyğun gəlir. Buzdan əridilmiş suyu hazırlamaq üçün çiy suyu minalı qaba tökün və dondurucu kameraya yerləşdirin. Su buza çevrildikdən sonra qabı kameradan çıxardıb hava temperaturunda saxlamaq lazımdır ki, buz ərisin. Suyun dibinə çökmüş lopalan (donmuş duzlar) asta-asta ayırın. Bundan sonra suyu içmək olar. Belə suyu yalnız bir gün saxlamaq olar, çünki bu müddətdən sonra o öz faydalı keyfiyyətlərini tamamilə itirir. Əridilmiş su buzun molekulyar strukturunu saxlayır və insan orqanizmi üçün çox xeyirli olur.
Əgər buzdan əridilmiş suyu hazırlamağa vaxtınız yoxdursa, onda təmiz, çiy (xlorsuz) su əldə edin, onu göy şüşəli qaba tökün və gün işığı düşən yerə qoyun. Belə su göy enerji ilə aktivləşdirilir. Bəzən suyu mis qaba töküb içinə şunqit (Kareliyada çıxarılan süxur), təbii çaxmaq daşı və ya gümüş salıb ozonlaşdırırlar. Belə su müalicəvi effektə malikdir.
Su içməyə gündə 3-4 stəkandan başlayıb hər on gündən bir suyun miqdarını 1 stəkan artırırlar. 60-70 gündən sonra Siz gündə 10 stəkana qədər içəcəksiniz (qışda 8-10, yayda isə 10-12 stəkan). Suyu içən zaman çalışın ki, o ağzınızda 10-15 saniyə qalsın. Qaynanmış suyu qəbul edirsinizsə, onu bir neçə dəfə stəkandan stəkana süzün. Belə su hava ilə qarışdıqca özündə prana (enerji) toplayır. Yoqlar məsləhət görür ki, olduğunuz hər bir yerdə (evdə, küçədə, işdə) Sizin yanınızda həmişə içməli su olsun.
Yeməyə 10 dəqiqə qalmış suyun qəbulunu başa çatdırın. Meyvə-tərəvəz qəbul etdikdən 30 dəqiqə, nişasta tərkibli qidadan 2 saat, zülal tərkibli qidadan 3-4 saat sonra su içə bilərsiniz. Qida qəbulu zamanı su içmək məsləhət görülmür, çünki yemək, demək olar ki, çeynənilməmiş şəkildə udulur, həm də su mədə və digər həzm şirələrini durulaşdırıb həzm prosesini çətinləşdirir. Yuxudan qabaq bir stəkan su için ki, o gecə vaxtı orqanları təmizləsin və səhər vaxtı zərərli maddələr sidiklə birlikdə xaric olunsun. Belə su qəbulu rejiminə riayət etsəniz, Siz təbii susuzluq hissinizi özünüzə qaytaracaqsınız. Qanınızı “durultmağa” qorxmayın, bundan, yoqların sözü ilə, yalnız “qurumuş” adamlar qorxur. Ehtiyac olanda, insan orqanizmi suyun artığını tez ifraz edir.
Suyun öz yaddaşı var, əgər Siz suyu xoş və ya pis fikirlərlə içsəniz, onda bədəniniz müvafiq informasiyanı qəbul edib orqanizmdə fikirlərə uyğun psixofiziki proseslərin getməsinə yol verəcək. Bu qida qəbuluna da aiddir, çünki qidanın tərkibində də su var. Yoqlar suyu yalnız xoş fikirlərlə (su sərinləşdirir, yorğunluğu götürür, güc, enerji verir və orqanizmi pak edir) qəbul edir, onu ağızda saxlayıb dil ilə onu bir neçə dəfə çevirə-çevirə öz-özünə təlqin edir. Yapon alimi doktor Emoto Masaru müasir tədqiqatlarında suyun yad-daşa malik olduğunu və hər bir informasiyanın suya verbal surətdə “yazıla” bildiyini təsdiq etmişdir. Ona görə də, yeməkdən qabaq Süfrə duası oxunur. Bununla biz həm Allahımıza göndərdiyi nemətlərə görə minnətdarlığımızı bildiririk, həm də mənfi informasiyanı “silib” onun əvəzinə müsbətini “yazırıq”. Süfrə duası hər dində var.
Bəzən fiziologiyadan xəbəri olmayan adamlar hesab edirlər ki, suyu az içmək lazımdır (xüsusən ürəyi zəif olanlar üçün) və 10-12 stəkan böyrəkləri gücə salır, həm də bu qayda isti Hindistan iqliminə aiddir.
Yoqlar 10-12 stəkan içməyə ona görə təklif edirlər ki, bu rəqəm maddələr mübadiləsinin ehtiyacına əsaslanır. Onlar insan orqanizmindəki mayelərin miqdarını daxili orqanların, əzələlərin, sümüklərin, vətərlərin, dərinin və s. sahələrinin ümumi tələbatına görə hesablayıblar. Suyu bir nəfəsə içsəniz, əlbəttə, gücə düşəcəksiniz. Hesab edin ki, bunu bir nəfəsə 9-cu mərtəbəyə ayaqla qalxmaq ilə müqayisə etmək olar. Lakin xəstə ürəklə yorğunluğu (tədricən) ala-ala 15-ci mərtəbəyə də, ondan yuxarıya da qalxmaq olar. Suyu da bir nəfəsə içmək olmaz, gün ərzində yoqlar suyu hər 15-20 dəqiqədən bir balaca (2-3) qurtumlarla içir. Beləliklə, bir stəkan 1-1,5 saata içilir və ürəyə heç bir zərər yetirilmir. Böyrəklərə qaldıqda isə, su onların “çörəyi”dir, böyrəklərdən nə qədər çox su keçsə, o qədər yaxşı olar. Bu səbəbdən, xalq təbabətində böyrəklərin ifrazedici funksiyası pozulanda, çoxlu üzüm və qarpız yeməyə məsləhət görülür, onların tərkibində çoxlu su olduğuna görə onlardan orqanizmin yuyucu vasitəsi kimi istifadə edirlər. Yoqlar “yanğını söndürmək” üçün süni alkoqolsuz içkilərdən istifadə etməyə məsləhət görmür (kola, limonad, meyvə suyu, qazlı su və s.), çünki onların tərkibində şəkər, konservantlar və orqanizmə lazım olmayan digər maddələr var. Bundan başqa, maqnitləşmiş ya da “soyuq qaynayan” sulara və s. çox ehtiyatla yanaşmaq lazımdır. Yoqların tövsiyələri əsrlərin sınağından keçib. Müasir texnikanın yeniliklərindən istifadəsi nəticəsində hüceyrələrdə yalnız 3-4-cü nəsildə aşkar oluna bilən dəyişikliklər əmələ gələ bilər.
Yoqların su içmə üsulunu tətbiq etdikdə, bir neçə ildən sonra Sizdə həqiqi susuzluq hissi yaranacaq.
Tarix: 27.12.2012 / 18:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 742 Bölmə: Saglamliq