Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlıq boynunun xəstəlikləri

Erroziya və xərçəng

Müasir dövrdə qadınları ən çox narahat edən xəstəliklərdən biri də uşaqlıq boynunda yaranan xəstəliklərdir. Bu xəstəliklərin bir qismi asan müalicə olunsa da, digər qismi müalicəsi uzun vaxt aparan stressə səbəb olan bədxassəli xəstəliklərdəndir. Buna görə də bu xəstəliyi yaxından tanımaq və vaxtında müdaxilə edib böyük fəsadların yaranmasının qarşısını almaq lazımdır. Bu məsələdə də ən yaxşı öyrənmək üsulu mütəxəssis həkimdən məsləhətlər almaqdır. Müsahibəmiz də məhz bu barədədir.

Həkim, zəhmət olmasa, uşaqlıq boynu haqqında ümumi məlumat verərdiniz?

Uşaqlıq boynu uşaqlığın uşaqlıq yoluna baxan aşağı hissəsidir. Bu orqanın xüsusiyyəti ondan ibarətdir ki, uşaqlığın daxili təbəqəsinin xarici təbəqəyə keçən yeri özünə-məxsus quruluşdadır. Keçid zonası adlanan bu hissə həm infeksiyaya həm də xərçəngə meylli nahiyədir. Buna görə də cinsi fəaliyyətə başlamış bütün qadınlarda uşaqlıq boynunun iltihabi xəstəliklərinə rast gəlmək mümkündür.

Bəs erroziya nədir və nədən əmələ gəlir?

Geniş mənada erroziya epitel qatının ölməsi– defekti deməkdir. Uşaqlıq boynunun həqiqi erroziyalarına az hallarda rast gəlinir. “Erroziya” diaqnozu qoyulan xəstələrin çoxunda isə biz “yalançı erroziya” dediyimiz ektropionla qarşılaşırıq. Yəni, xəstələrin çoxunda uşaqlıq boynunun xarici qişasında əslində defekt olmur.

Sadəcə, uşaqlıq boynunun iltihab nəticəsində xaricə doğru böyümüş daxili qişası müayinədə erroziya kimi görünür. Qeyd etdiyimiz kimi, erroziya iltihab nəticəsində əmələ gəlir. Uşaqlıq boynunun iltihabına səbəb olan mikroblar hamıya yaxşı tanış olan mikoplazma, xlamidiya və müxtəlif bakteriyalardır. Cinsi əlaqə zamanı uşaqlıq boynuna daxil olan bu mikroblar xronik iltihaba səbəb olurlar ki, bu da daxili qatın xaricə doğru böyüməsinə, yəni erroziyaya gətirib çıxarır.

Xəstəliyin əlamətləri hansılardır?

Çox vaxt xəstələrin heç bir şikayəti olmur və xəstəlik yalnız kontrol müayinələrdə təsadüfən aşkar edilir. Bəzən, xüsusilə, cinsi əlaqə zamanı meydana çıxan az miqdar da qanaxma və ağrı ola bilər. Erroziya diaqnozu qoymaq üçün ginekoloji müayinə və baxış kifayət edir. Amma xəstəliyi xərçəngdən ayırd etmək üçün sitoloji və ya histoloji analiz lazım ola bilər. Bu analizlərdən xərçəng önü xəstəliklərdən danışarkən bir daha bəhs edərik.

O zaman gəlin xəstəliyin müalicəsi haqqında danışaq. Amma əvvəlcə deyin, xəstəlik nə dərəcədə təhlükəlidir, müalicə olunmazsa xərçəngə çevrilə bilərmi?

Uşaqlıq boynunun erroziyası bəzən öz-özünə, müalicəsiz də sağalır. Sağalmayan, geniş erroziyalarda destruktiv müalicə metodlarından istifadə edilir. Başqa sözlə desək, xaricə doğru böyümüş daxili epitel qatı elektrokoaqulyasiya, dondurma və ya dərman maddələri vasitəsilə məhv edilir, daha sonra xarici qat həmin nahiyəyə doğru böyüyərək normal toxuma halını alır.

Amma bu müalicələri tətbiq etməzdən qabaq erroziyanın xərçəng olmadığından əmin olmaq, bu məqsədlə uşaqlıq boynundan yaxma götürüb sitoloji analizə göndərmək lazımdır. Yəni, əslində erroziya xərçəngönü xəstəlik deyil və heç vaxt xərçəngə keçmir, amma xərçəng də erroziya şəklində meydana çıxa bildiyi üçün bunları bir-birindən fərqləndirmək lazımdır.

Söylədiklərinizdən elə başa düşmək olur ki, bütün erroziyalı xəstələrdən yaxma götürmək lazımdır.

Bəli, nəinki erroziyalı xəstələrdən, əslində ginekoloqa müraciət edən bütün xəstələrdən yaxma götürüb sitoloji analiz etmək lazımdır. Xəstənin müraciət səbəbi nə olursa olsun, şikayəti olmadan, kontrol müayinəyə gəlmiş xəstələrdən də uşaqlıq boynundan yaxma götürülməsi məsləhət görülür. Məqsəd təkcə erroziyanı xərçəngdən ayırmaqdan ibarət deyil. Məqsəd, ümumiyyətlə cəmiyyətdə uşaqlıq boynu xərçəngini hələ gizli mərhələdə ikən aşkar edib müalicə etməkdən ibarətdir.

Xərçəngdən söhbət açılmışkən, uşaqlıq boynu xərçəngi nədən əmələ gəlir və bu xəstəlikdən necə qorunmaq olar?

Günümüzdə tam sübut olunub ki, uşaqlıq boynu xərçəngi viruslar tərəfindən törədilir. İnsan papilloma virusu ailəsinin müəyyən tipləri uşaqlıq boynu xərçənginin törədiciləri hesab olunur. Bu o demək deyil ki, uşaqlıq boynu xərçəngi qrip, qızılca, məxmərək kimi insandan insana yoluxur. Əlbəə ki, xərçəngi törədən viruslar insandan insana keçir və keçmə yolu da cinsi əlaqə vasitəsilədir. Bu yolla uşaqlıq boynunun keçid zonasına daxil olan viruslar həmin toxumada məskən salıb artıb çoxalırlar. Bu yoluxmanın sonrakı gedişi isə müxtəlif cür ola bilir. Xəstələrin çoxunda virus heç bir əlamət vermir və bir müddətdən sonra orqanizmin immuniteti sayəsində toxumadan təmizlənir. Bəzi hallarda isə virus toxumada uzun illər qala bilir.

Toxumada qaldığı müddətdə özünü hər hansı əlamətlə biruzə verməsə də, hüceyrələrdə yaratdığı dəyişikliklər xərçəngin yaranma prosesinə başlanğıc verə bilir. Belə hallarda virusun orqanizmə daxil olduğu andan xərçəng əmələ gəlməsinədək 10 ilə yaxın zaman keçir. Bu zaman aralığında uşaqlıq boynu toxumasındakı dəyişikliklərə xərçəngönü prosses deyirik. Belə ki, bu mərhələdə xəstəliyi tam müalicə etmək, xərçəngə çevrilmədən, orqanizmi bu ağır xəstəlikdən xilas etmək mümkündür.

Yəqin ki, xəstəliyi erkən mərhələdə aşkar etmək də məhz uşaqlıq boynundan yaxma götürməklə mümkündür.

Bəli, tamamilə doğrudur. Uşaqlıq boynundan yaxma götürməkdə məqsədimiz də xərçəngönü mərhələdə xəstəliyi yaxalamaqdan ibarətdir. Bu metod ilk dəfə Papanikolau adlı patohistoloq tərəfindən tətbiq olunduğuna görə alimin adı ilə Paptest adlanır. Xüsusi fırça ilə uşaqlıq boynunun xarici səthi və uşaqlıq yolundan yaxma götürüldükdən sonra sitoloji analizdə yaxmadakı hüceyrələr araşdırılır və xərçəngönü prosesə cəlb olunmuş hüceyrələr varsa, qeyd edilir.

Bu atipik hüceyrələrin yaxmada aşkar edilməsi o demək deyil ki, xəstədə xərçəngönü xəstəlik var. Başqa sözlə desək, Paptest diaqnostik baxımdan 100% informativ bir test deyil, amma bizə şübhələnməyə imkan verdiyinə və sonrakı diaqnostik metodlara əl atmağa sövq etdiyinə görə çox qiymətli bir metoddur.

Deməli, Paptest bir şübhələnmə metodudur, bir xəbərdarlıq testidir. Bəs dəqiq diaqnoz necə qoyulur?

Paptest müsbət çıxarsa, sonrakı müayinə metodları hansılardır? Paptestin nəticəsində atipik hüceyrələr tapılarsa, sonrakı addım kolposkopiya olmalıdır. Kolposkopiya uşaqlıq boynunun kolposkop adlanan xüsusi optik sistemlə böyüdülüb nəzərdən keçirilməsi metodudur. Bu cihaz vasitəsilə uşaqlıq boynunda xərçəngönü sahələri böyüdülmüş halda gözlə görə bilirik və bu sahələrdən biopsiya götürmək imkanı əldə edirik. Əlbə ə ki, xərçəng diaqnozu ancaq biopsiya ilə qoyulur.

Yəni, toxuma parçalarının mikroskop altında tədqiq edilməsi ilə. Xərçəng kimi xərçəngönü xəstəlik diaqnozu da ancaq biopsiya ilə qoyula bilər. Beləliklə, Paptest və kolposkopiyadan sonra son söz biopsiyanındır. Biopsiya metodları müxtəlifdir. Uşaqlıq boynu kanalının xarici dəliyinin 4 ayrı nöqtəsindən biopsiya götürmək empirik metod kimi artıq çox da istifadə olunmur.

Kolposkopiya altında zədələnmiş toxuma sahəsini görərək həmin nahiyədən biopsiya götürmək ilk baxışda məntiqli görünən metoddur. Amma onu da yaddan çıxarmaq olmaz ki, xərçəngönü dəyişikliklər çox vaxt nəinki gözlə, heç kolposkopiya ilə də görünə bilmir. Buna görə də uşaqlıq boynu kanalının xarici dəliyini 360 dərəcə götürmək daha çox tövsiyə olunur. Bu metoda konizasiya deyilir.

Bu metod necə həyata keçirilir?

Konizasiya kiçik bir əməliyyatdır. Narkoz altında silindrik bir orqan olan uşaqlıq boynundan konus şəklində bir parçanın kəsilməsi şəklində icra edilir. İki cür konizasiya metodu vardır: soyuq və isti konizasiya. Soyuq konizasiya cərrah bıçağı ilə edildiyi halda isti konizasiyada bu məqsədlə xüsusi olaraq hazırlanmış, ilgək formasında olan elektrokoaqulyasiya bıçağından istifadə edirik.

İsti konizasiyanın üstün cəhəti odur ki, elektrokoaqulyasiya bıçağı toxumaları kəsərkən eyni zamanda da yandırır, bu da qanaxmanın minimal olmasına və əməliyyatın daha qısa sürməsinə imkan verir. Bunun sayəsində əməliyyat 5 dəqiqədən də qısa müddət ərzində həyata keçirilir. Əldə etdiyimiz konus şəklində toxuma parçası patohistoloji analizə göndərilir və gələn cavab əsasında da sonrakı taktika seçilir.


Tarix: 26.12.2012 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1918 Bölmə: Saglamliq
loading...