Müasir dövrdə gözlə bağlı ən çox yayılan xəstəliklərdən biri də gözdə allergiyadır. İsti hava şəraitində insanlar daha çox bu xəstəlikdən əziyyət çəkirlər.
Bir çoxları göz alergiyasından müalicə olunmağın və qorunmağın yollarını düzgün qavramadıqları üçün səhv addımlar ataraq gözdə olan fəsadların daha da artmasına şərait yaradırlar. Bu səbəbdən, göz xəstəlikləri üzrə mütəxəssis Mahmud Xəlilovla məhz göz allergiyası haqqında danışacağıq
Mahmud həkim, göz allergiyası nədir və nədən yaranır?
Bu xəstəlik, allergik, yəni bədəndə müdafiə sistemini aktivləşdirən bir xəbərdarlığa qarşı, makiyaj vasitələri kimi kimyəvi maddələr və ya bilinməyən bir səbəblə gözümüzün verdiyi reaksiyadır.
Bu da mövsümi bir xəstəlikdir. İsti aylarda daha çox üzə çıxır və eyni zamanda isti ölkələrdə daha çox rast gəlinən xəstəlikdir. Qızartı, sulanma, görmənin zəifləməsi kimi hallarla müşahidə olunur. Ən çox səbəb olanlar toz, günəş və istidir. Bunlar azaldığı vaxt xəstənin şikayətləri də azalır. Ən azından isti mövsümdə olduğu qədər olmur. Mövsümi allergiyadan başqa ola bilər ki, gözdə hər hansı bir dərmana qarşı allergiya olsun.
Yaxud da linzalar vasitəsilə allergiya yarana bilər. Çünki hər nə qədər müasir linzalar zərərsiz sayılsa da uzun müddət gözdə qaldığı vaxt yad cisim funksiyası daşıyır və istəristəməz gözdə bəzi fəsadlar yaranmasına səbəb olur.
Bu linzalar gözdə qıcıqlanma yaradaraq bir müddət sonra allergiya yaradır. Həmin vaxt qızarma, şişmə, qıcıqlanma baş verir. Bu zaman linzaları tezdən taxıb axşama kimi rahatca ondan istifadə edən insanlar bir neçə saatdan sonra linzaların gözdə qıcıqlanma, yanma yaratdığını hiss edirlər. Bundan başqa, ümumiyyətlə allergiyalı insanlarda göz allergiyasının da olması mümkündür.
Məsələn, astma-bronxit xəstəliyi olan insanlar göz alergiyasından da əziyyət çəkə bilərlər. Ümumiyətlə, göz bayıra açıq bir orqandır. Hər nə qədər qoruyucusu olsa da yenə də allergiya yaradan səbəblər çox olduğu zaman davam gətirmir.
Makiyaj vasitəsilə də göz allergiyası baş verə bilər. O zaman belə çıxır ki, qadınlarda bu xəstəliyin yaranma ehtimalı daha yüksəkdir?
Təbii ki, makiyaj edən zaman qadınlar xüsusi diqqətli olmalıdır. Onlar gözlərini makiyaj vasitələrilə doldur mamalıdırlar. Bir az ehtiyatsızlıq gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Adicə göz yaşı zamanı gözə vurulan makiyaj vasitələri həm çölə, həm də içəri axa bilər. Bu da öz növbəsində qeyd etdiyimiz allergiyanın yaranmasına səbəb ola bilər. Bu zaman göz qızarır, şikayətlər getdikcə artmağa başlayır.
Ümumiyyətlə, makiyaj vasitələrindən istifadə edərkən, onun keyfiyətli olmasına diqqət yetirmək lazımdır. Ancaq nə qədər keyfiyyətli olsa da həddindən artıq istifadə edildiyi zaman zərərli təsir göstərə bilər. Bəzən olur ki, gözdə başqa bir xəstəlik olur ancaq o qədər də hiss olunmur. Və makiyaj vasitəsilə gözdə allergiya yarandığı vaxt bu xəstəlik də özünü ağrılarla, fəsadlarla büruzə verir.
Göz allergiyası hansı yaş qruplarında çox olur və hansı əlamətlərlə özünü göstərir?
- Əsasən, uşaqlarda olur. Böyüdükcə azalsa da yenə də 20 – 25 yaşlarınadək davam edə bilir. Bu zaman valideynlər bunu anlamadıqları üçün hər bahar gələndə niyə uşaqlarının gözünün qızarmasını başa düşmürlər.
Göz allergiyası zamanı qızarma, qaşıntı, incitmə və sulanma kimi əlamətlər özünü göstərə bilər. Bu hal tez-tez təkrar oluna bilər. Bu zaman xəstələr yuyuna bilmir, günəşə çıxa bilmir. Bəzən də gözün kənarına yığılan irinlə müşahidə olunur.
Göz allergiyasının getdikcə, kor olmağa səbəb olması kimi bir ehtimalı varmı?
Göz allergiyasından kor olma ehtimalı yoxdur. Ancaq başqa gözdaxili bir xəstəliklə birlikdə olduğu zaman məsələn, kiretekonusla birlikdə olduğu zaman kor olma təhlükəsilə üzləşə bilər.
Bu da xəstənin məsuliyyətsizliyindən irəli gələ bilər ki, müalicə olunmaz və xəstəlik getdikcə artar. Bu da daha böyük fəsadlara səbəb olar. Ancaq göz allergiyasından kor olma ehtimalı demək olar ki, heç yoxdur.
Göz alergiyası genetik xəstəlik sayılırmı?
- Bütün xəstəliklərin dərininə gedəndə onların bir qisminin genetik olduğu üzə çıxır. Allergiya da gendən keçmə bir xəstəlik sayıldığı üçün göz allergiyası da bu qəbilədən sayılır.
Ancaq bunun bir qismini genetik səbəblərə şamil etmək olar. Bəlli olduğu kimi göz allergiyasının yaranmasına səbəb olan bir sıra səbəblər var ki, bu barədə yuxarıda danışmışıq.
Azərbaycanda göz allergiyasından əziyyət çəkən insanlar çoxdurmu?
- İsti ölkə olduğu üçün çoxdur. Bundan başqa, insanlar günəş gözlüyü alarkən onun keyfiyətindən çox necə yaraşmasına diqqət yetirirlər. Təbii bu da lazımdır. Ancaq ən önəmli məsələ gözün zərər çəkməməsidir. Günəş gözlüyü, gözə gələn xarici işıqları qıraraq həm konyuktivaya, həm də retinaya qarşı təması əngəlləmək funksiyası daşıyır. Günəş gözlüyünü taxdığımız zaman göz qaranlıq gördüyü üçün bəbəklər ikiqat daha artıq böyüyür.
Göz bəbəyi işıq çox gəldiyi vaxt qorunmaq üçün balacalaşır. İşıq az gəldiyi vaxt isə aydın görmək üçün böyüyür. Keyfiyyətsiz eynəkdən istifadə etdiyimiz zaman göz bəbəyimiz böyüyür, ancaq qoruma funksiyası yoxdur. Süni bir qaranlıq yaradır. Bu da gözün retinasına mənfi təsir edir. Buna görə də keyfiyyətli, gözə faydalı eynəklərdən istifadə etmək lazımdır.
Göz allergiyasının müalicəsi hansı yollarla olur?
- Bu xəstəlikdən müalicə olunmağın ən yaxşı yolu qorunmaqdır. Məsələn, göz allergiyasından əziyyət çəkən insanların isti günləridə saat 11-dən axşam saat 5-ə qədər günəşdə dayanmaları məsləhət deyil.
Keyfiyyətli gün eynəklərindən istifadə etmək lazımdır. Qoruyucu və ya müalicəvi əhəmiyyətli damcılar istifadə edilə bilər. Ancaq yenə də deyirəm ki, günəş və digər mövcud allergiya yaradan vasitələrdən qorunmaq daha məsləhətlidir.
Tarix: 27.12.2012 / 11:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 765 Bölmə: Saglamliq