Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ORUCUN BAŞLANMASI VƏ BAŞA ÇATMASI

Hər bir müsəlmana məlumdur ki, Ramazan ayının orucu təzə ayın çıxması ilə başlayır, həmçinin təzə ayın çıxması ilə də başa çatır. Bu xüsusda Peyğəmbər (s.a.s) demişdir: "Biz yazmağı və hesablamağı bacarmayan bir ümmətik. Təzə ayı gördükdə orucunuzu başlayın və təzə ayı gördükdə orucunuzu tamamlayın." Bu hədis dəlildir ki, ay göründüyü təqdirdə müsəlmanların hamısına oruc tutmaq vacibdir. Belə ki, Peyğəmbər (s.a.s) bunu ümmətinə xitab edərkən heç bir kimsəni istisna etməmişdir. Bu hədisdə Peyğəmbərimiz (s.a.s) ayın başlanmasını və bitməsini astronomik hesablamalara deyil, məhz gözlə görməyə aid etmişdir.

Nə Peyğəmbərimizdən (s.a.s), nə onun əshabələrində, nə də onların yolunu tutub gedən islam alimlərindən heç biri bu hesablamalara əsla etimad etməmişlər. Ən fəzilətli və ən ağıllı əshabələrdən biri – Əli ibn Əbu Talib (r.a) demişdir ki: "Əgər ibadət insan ağılna tabe olsaydı, onda ayağın üstünə yox, altına məsh çəkilərdi". İmam Əli (r.a) demək istəmişdir ki, şəriət bizə nəyi buyurubsa, ona əməl etməli və başqa yollar axtarmamalıyıq, onu ağıla tabe etməməliyik. Demək, orucun başlanmasında və bitməsində ayın görünməyi şərtdir. Səhabələrin dövründə də astronomik elmlərlə məşğul olan münəccimlər var idi. Lakin səhabələrdən heç biri onların dediklərinə etimad etməz, əksinə, Şaban ayının 29-u günü, gün batandan sonra təzə ayın çıxıb çıxmayacağını izləyərdilər. Onlar ayı gördükdə oruca başlayar, görmədikdə isə Peyğəmbərin: "Şəkk etsəniz, otuzuncu günü tamamlayın" sözünə əsasən həmin ayın otuzuncu gününü tamamlayardılar. Bu iki hədisə əsasən demək olar ki, əgər dünyanın istənilən bir yerində, Şaban ayının iyirmi doqquzu, gün batdıqdan sonra təzə ayın çıxmasını izləmişlərsə və doğrudan da ədalətli müsəlman şahidlər onu görmüşlərsə, onda bütün müsəlmanlara həmin gündən oruc tutmaq vacibdir. Lakin sual verilə bilər ki, əgər camaat ayı izləyib onu görməyibsə və onlara ayın başqa bir məmləkətdə yaşayan müsəlmanlar tərəfindən ayın göründüyü barədə xəbər gəlib çatmayıbsa, onda necə olsun? Biz deyə bilərik ki, artıq belə bir hadisə Müaviyənin (r.a) xilafəti dövründə baş vermişdir. O vaxt Şam əhli cümə gününün gecəsi ayı görmüş və həmin günü oruc tutmuşlar.

Mədinə əhli isə ayı şənbə gününün gecəsi görmüş və o günü oruc tutmuşlar. Kureyb ibn Abbasa (r.a.) Şam əhlinin ayı gördüyünü və oruc tutduğunu xəbər verdikdə ibn Abbas (r.a.) demişdir: “Biz ayı şənbə gecəsi görmüşük və beləcə də onu görənədək oruc tutacağıq ya da (görməsək) otuz günü tamamlayacağıq". Hədisdən belə nəticə çıxır ki, ibn Abbas (r.a) Mədinə əhli ilə birlikdə ayı izləmiş və Şam əhlinin ayı görməyi barədə onlara heç bir xəbər gəlib çatmamışdır. İndi sizə sual veririk; Allahdan qorxan hansı bir müsəlman cürət edib deyə bilər ki, əgər Şamda ay göründüyü gün Mədinə əhlinə xəbər gəlib çatsaydı, onlar xəlifənin əmrinə qarşı çıxıb: "Bizdə ay görünməyib! Onlar başqa bir dövlətdi, biz isə başqa! Biz beləyik."- deyə oruclarını tutmaz, əmirə asi olardılar?! Bəs onda nə üçün ibn Abbas (r.a) xəlifə Müaviyənin elədiyini əsas götürməyib: "Biz ayı şənbə gecəsi görmüşük və beləcə də onu görənədək oruc tutacağıq ya da otuz günü tamamlayacağıq"- dedi. Qəribədir ki, heç vaxt əmirə qarşı çıxmayan ibn Abbas (r.a) bu məsələdə: "Biz xəlifəyə tabe olmalı, Müaviyənin əmrindən çıxmamalı və buraxdığımız o bir günü qəza etməliyik"- demədi. Əksinə o, ibadət məsələsində Peyğəmbərin (s.a.s) əmrinə tabe oldu. Çünki o, Allahdan qorxan bir səhabə idi.

Onun üçün Peyğəmbərin (s.a.s) dediyi hər şeydən üstün idi. Peyğəmbər (s.a.s) onlara öyrədib demişdir ki: "Xaliqə asi olaraq məxluqa itaət etmək olmaz". Göründüyü kimi yuxarıdakı hədisin astronomik hesablamalara və ya bu hesablamalarla orucunu tutan camaata tabe olmağa heç bir aidiyyəti yoxdur. Şövkani bu hədisi aşıqlayarkən demişdir: “ibn Abbasın: “Peyğəmbər (s.ə.s.) bizə bunu əmr etdi” – deməsi heç də hər ölkənin özünün ayı görməsinə dəlil deyil. Çünki ibn Abbas (r.a.) açıq-aydın deməmişdir ki, “Peyğəmbər (s.ə.s.) bizə başqa ölkənin ayı görməsinə etimad etməyin” Əksinə, o, bununla demək istəmişdir ki, əgər görməsələr otuz günü tamamlasınlar. Həm də belə bir rəy insanları parçalamağa gətirib çıxarmışdır.”
(əd-Dərari əl-Mudiyyə, 143)

O həmçinin demişdir: “ibn Abbasın (r.a) hədisinə əsasən “Etimad olunan rəy o rəydir ki, bir ölkənin əhli təzə ayı görsə, bütün başqa ölkələrdəki müsəlmanlara oruc tutmaq vacibdir.” (Neylul-Əvtar, 4/231)
Doğrudur, Peyğəmbərin (s.a.s): "Oruc, camaatın oruc tutduğu gündür, bayram da camaatın bayram etdiyi gündür, ....." hədisinə əsasən camaata tabe olmaq vacibdir. Lakin sual çıxır ortaya ki, hansı camaata tabe olunmalıdır? Əlbəttə ki, bu məsələdə camaat deyildikdə astronomik hesablamalara əsaslananlar deyil, Quran və hədislərə istinad edən, haqq üzərində olan camaat nəzərdə tutulur. Gəlin bu xüsusda alimlərin dediklərinə nəzər salaq: Məzhəblərin rəyi: "Ramazan ayının başlanması və sona çatması, mötəbər müsəlmanların ayı görməsindən asılıdır. Bir yerdə ay göründüyü zaman bütün müsəlmanlara oruc tutmaq vacib olur." (əl-Muğni, 3/5);
"Leys ibn Səd, Malik, Şafii və Əhmədin fikrinə görə təzə ayı görməyən bir ölkə, başqa bir ölkədə ayı görünməsinə etimad etməlidir." (Təmhid ibn Abdul Bərr, 14/357; Bidayətul Muctəhid, 1/210);
İbn Teymiyyə demişdir "Astronomiya elmində təcrübəsi olan adamlar ittifaq etmişlər ki, hesablamalar sayəsində təzə ayın nə zaman çıxacağını təyin etmək əsla mümkün deyildir. Elə buna görə də qədimdəki təcrübəli astronomlar bu haqda danışmamış, əksinə bunu mümkünlüyünü inkar etmişlər. Bu haqda yalnız indiki dövrdə yaşayan müasir astronomlar təqribi mülahizələr yürütmüşlər. Bu isə Allahın dinində azğınlıq edib onu dəyişdirmək deməkdir...... Buxari və Muslimin ittifaq etdiyi səhih hədisdə ibn Ömərdən (r.a) rəvayət edilir ki, Peyğəmbər (s.a.s) demişdir: "Biz yazmağı və hesablamağı bacarmayan bir ümmətik. Təzə ayı gördükdə orucunuzu başlayın və təzə ayı gördükdə orucunuzu bitirin." Deməli, Allahın insanlar və həcc üçün vaxt ölçüsü təyin etdiyi təzə ayı yazmaq və hesablamaqla müəyyən edən kimsənin ağlı çaşmış, dinini korlamış və hesablamalarında naqisliyə yol vermişdir. Astronomun hesablamalarının doğru olduğu güman edilmiş olsa da belə, onun ancaq və ancaq günəşlə ay arasında olan məsafənin nə qədər olduğunu müəyyən etməsi ehtimal oluna bilər. Lakin təzə ayın nə zaman görünəcəyini və ya görünməyəcəyini bilmək mümkün deyildir..... Astronomlar bir hilal (yəni dəqiq bir vaxt) üzərində ittifaq etməmişlər. Əksinə həmişə ixtilafda olmuşlar..." (Məcmu əl-Fətava, 6/590-591)
O həmçinin demişdir "Mötəbər mənbələrdə varid olmuş səhih hədislərə əsasən, eləcə də səhabələrin yekdil fikrinə görə bu məsələdə astronomik hesablamalara etimad etmək düzgün deyildir. Buxari və Muslimin Səhih əsərlərində rəvayət olunmuş hədisdə Peyğəmbər (s.a.s) demişdir: "Biz yazmağı və hesablamağı bacarmayan bir ümmətik. Təzə ayı gördükdə orucunuzu başlayın və yenə təzə ayı gördükdə orucunuzu bitirin." Odur ki, təzə ayın görünməyinə dair hesablamalara uyan şəxs şəriət xüsusunda azğınlığa düşmüş, dinə bidət (dindən olmayan yenilik) gətirmiş hesab olunur. Doğrusu, bu adamın ağlı çaşmış və hesablamalarında naqisliyə yol vermişdir. Çünki alimlər təzə ayın çıxmasının astronomiya elmi ilə təyin edilmədiyini bilirlər. Belə hesablamalarla yalnız və yalnız günəşlə ay arasında olan məsafənin nə qədər olduğunu, hansı dərəcədə yerləşdiyini müəyyən etmək mümkündür. Təzə ayın çıxmasının isə bu dərəcələrə heç bir aidiyyəti yoxdur. Astronomlar təzə ayın çıxması məsələsində ixtilafa düşmüşlər. Onların Batlemus kimi başbilənləri bu məsələyə dair heç bir fikir söyləməmişlər. Çünki bunu heç bir dəlil-sübutla əsaslandırmaq mümkün deyil. Bu haqda yalnız Deyləmi və başqa bu kimi müasir astronomlar fikir söyləmişlər. Onlar şəriət hökmlərinin təzə ayla əlaqəli olduğunu biləndə, bunun astronomik hesablamalarla təyin olunmasının mümkünlüyünü güman etmişlər. Bu isə nə düzgün mövqe, nə də orta bir yol sayıla bilməz. Əksinə, burada çaşmaq ehtimalı daha çoxdur. Bunu təcrübədən keçirmiş adamların özləri bu məsələdə - təzə ayın görünüb görünməyəcəyi barədə ixtilafa düşmüşlər. Bu ixtilafın səbəbi odur ki, onlar, astronomik hesablamalarla təyin edilməsi mümkün olmayan bir məsələni həmin hesablamalarla təyin etmişlər. Beləliklə də onlar haqq yoldan azmışlar."class="menbe"> (Məcmu əl-Fətava, 25/207-208)
O həmçinin demişdir: "Peyğəmbərin (s.a.s): "Təzə ayı gördükdə orucunuzu başlayın...." hədisinə görə bu məsələ (yəni təzə ayın çıxması) bu xəbərin yayılması ilə bağlıdır. Odur ki, özünə ayın görünməsi barədə xəbər gəlib çatmış hər kəs buna əməl etməlidir. Bu xəbərin yayılması üçün isə heç bir məsafə məhdudiyyəti yoxdur." (Məcmu əl-Fətava, 25/207-208)

İbn Battal: “Təzə ayı gördükdə orucunuzu tutun, təzə ayı gördükdə orucunuzu bitirin” hədisindən nəticə çıxarıb demişdir: “Bu hədis münəccimlərə rəddir.” İbn Bəzizə isə belə demişdir: “Ulduzlar elmi bu xüsusda batil sayılır və şəriət bunu qadağan edir. Çünki əvvəlcədən təzə ayın nə zaman çıxacağını demək təxmini bir şeydir.” Buxarinin İbn Ömərdən (r.a.) rəvayət etdiyi hədis isə açıq-aydın buna dəlildir. Peyğəmbər (s.ə.s.) demişdir: “Biz yazıb-oxumağı, hesablamağı bacarmayan bir ümmətik. Ay hərdən belə olur, hərdən də belə (yəni daim otuz ola bilməz, hərdən iyirmi doqquz olur, hərdən də otuz. Bu isə gözlə görməyə işarədir. Çünki səhabələr arasında yazıb-oxumağı bacaranlar var idi).” (Subulus-Sələm, 2/220)
Siddiq Həsənxan demişdir: “Orucu ədaləti etibarlı müsəlman təzə ayı görməsi ilə tutmaq lazımdır. Belə ki, ibn Ömər (r.a.) təzə ayın çıxdığını Peyğəmbərə (s.ə.s.) xəbər vermiş və Peyğəmbərə (s.ə.s.) camaata oruc tutmağı əmr etmişdi..... Mötəbər hədislərdə varid olan: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuz bitirin.” ifadəsi bütün müsəlman ümmətinə xitabdır. Harada təzə ay görünsə hamı üçün oruc tutmaq vacib olur. Amma Muslimin “Səhih” əsərindəki Kureybin hədisi, ibn Abbasın (r.a.) Mədinə əhli ilə birgə oruc tutması heç də dəlil deyil. Belə ki, ibn Abbasın: “Peyğəmbər (s.ə.s.) bizə bunu əmr etdi.” – deməsi heç də hər ölkənin özünün ayı görməsinə dəlil deyil. Çünki ibn Abbs (r.a.) açıq-aydın deməmişdir ki, "Peyğəmbər (s.ə.s.) bizə başqa ölkənin ayı görməsinə etimad etməyin.” Əksinə, o, bununla demək istəmişdir ki, əgər görməsələr otuz günü tamamlasınlar. Həm də belə bir rəy insanları parçalanmağa gətirib çıxarmışdır. (Halbuki ibn Abbas (r.a.) bunu qəsd etməmişdir)”. (Təliqat ər-Rədiyyə, Albaninin təhqiqi ilə, 2/7 və 13)

Şeyx Albani demişdir: “Məlum məsələdir ki, təzə ay bir yerdə göründüyü zaman hər yerdə görünə bilməz. Məsələn məğribdə görünübsə (eyni vaxtda) məşriqdə görünə bilməz. Alimlərin dəstəklədiyi daha doğru rəyə əsasən: “Ay göründüyü zaman oruc tutun ...” hədisi ümumi mənanı verir. Ayın müxtəlif yerlərdən çıxmasını da qeyd etmək düzgün deyildir. Çünki ayın çıxması üçün nə şəriətə görə, nə də hesablamalara görə məhdud bir yer yaxud müəyyən bir vaxt mövcud deyildir. Odur ki, bunu xüsusən qeyd etmək düzgün deyil. Bu deyilənlərə əsasən demək olar ki, bu günkü gündə ayın bir yerdə görünməsini başqa müsəlman ölkələrinə radio və s. vasitələrlə çatdırmaq mümkündür. Belə olduğu təqdirdə özünə ayın görünməsi xəbəri çatmış hər bir müsəlman oruc tutmalıdır. Hətta gün batmazdan bir az əvvəl belə kimə orucun başlanması xəbəri gəlib çatmışsa, o adam həmin günü oruc tutmalı və o günün qəzasını tutmamalıdır. Çünki o, bacardığı qədər vacib ibadəti yerinə yetirmişdir. Allah isə heç kəsə gücü çatmadığı bir şeyi yükləməz. Buna görə də müsəlman dövlətlərinə vacibdir ki, eyni gündə oruca başlasınlar, eyni gündə bayramı keçirsinlər. Necə ki, eyni gündə həcc mərasimini yerinə yetirirlər.” (Silsilətul-Əhadisis-Səhihə, 6 cild, sah: 253)
Şeyx ibn Bazdan soruşdular: “Müsəlman alimləri arasında orucluq ayının başlanğıcı barədə ixtilaf düşmüşdür. Onlardan bəziləri: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin...” hədisinə əsaslanırlar. Bəziləri isə münəccimlərin astronomik hesablamalarına etimad edib deyirlər ki: “Münəccimlər astronomiya elmində elə bir səviyyəyə gəlib çatıblar ki, artıq qəməri tarixindəki hər bir ayın başlanğıcını təyin edə bilirlər”. Odur ki bu alimlər təqvimə əsaslanırlar. Şeyx belə cavab vermişdir: “Birincisi: Ən mötəbər rəy Peyğəmbərin (s.ə.s.) sözünə əsaslanmaqdır: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin...” Çünki ayın başlanması və bitməsi məhz təzə ayın görünməyindən asılıdır. Allahın göndərdiyi Peyğəmbərinin (s.ə.s.) gətirdiyi şəriət isə Qiyamət gününədək dəyişilməz qalcaqdır. İkincisi: Şübhəsiz ki, Allah astronomik elmin olacağını bilirdi, lakin bununla belə Öz müqəddəs Kitabında buyurur: “Sizlərədən kim bu ayı müşahidə etsə, həmin ayı oruc tutmalıdır.” Peyğəmbər (s.ə.s.) demişdir: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin...” Burada, Ramazan ayının orucunu tutmaq və onu bitirmək yalnız hilalı (təzə ayı) görməklə bağlıdır və onun astronomik hesablamalarla heç bir əlaqəsi yoxdur. Hərçənd, Allah bilirdi ki, belə alimlər olacaq. Müsəlmanlara vacibdir ki, oruc tutduqda və onu bitirdikdə hilalı görməyə etimad etməklə Peyğəmbərin (s.ə.s.) gətirdiyi Allahın şəriətinə qayıtsınlar. Bu isə bütün alimlərin yekdil fikridir. Təqvimə əsaslananlar isə İslam alimlərinə müxalif olanlardır”. (Fətava Ləctənud-Daimə Lilbuhusul-elmiyəti vəl-İfta, 2036; Fətava Ramadan, 1/118-119).

İbn Baz başda olmaqla böyük alimlər heyətinin hamsısı (Abduləziz Ali şeyx, Fövzan, Cibrin, və başqaları) belə fətva vermişlər: “Böyük alimlər heyəti təzə ayın astronomik hesablamalara əsasən nə zaman çıxmasının təyin olmasını, Quran və Sünnədə vardi olanları, habelə sələf alimlərinin dediklərini müzakirə elədikdən sonra qərara almışdır ki, alimlərin hamısının yekdil fikrinə əsasən təzə ayın çıxmasını bilmək üçün astronomik hesablamalara əsaslanmaq şəriətə ziddir”. ”. (Fətava Ləctənud-Daimə Lilbuhusul-elmiyəti vəl-İfta, 3686; Fətava Ramadan, 1/115).

Bu deyilənləri sübuta yetrimək üçün ibn Ömərədən (r.a.) gələn hədisə nəzər salaq: “ibn Ömər (r.a.) camaatla birgə oruc tutar və hesablamalara əsaslanmazdı”. (Əbu Davud və Beyhəqi. Bax: İrvaul-Ğalil, 4/9)

Bütün bunlardan belə nəticə çıxır ki, Ramazan ayına bir neçə ay, yaxud bir neçə gün qalmış təzə ayın nə zaman çıxacağını söyləmək qeybi məsələdir. Tarix boyu bütün islam alimləri yalnız Şaban ayının iyirmi doqquzu, gün batdıqdan sonra təzə ayın çıxmasını izləmişlər. İbn Ömərin (r.a.) İbn Abbasın (r.a.) rəvayəti də buna dəlildir. Şeyx Abdulaziz ibn Bazdan soruşdular: “Ayın müxtəlif vaxtlarda çıxması problemi ilə üzləşən insanlar oruclarını necə tutmalıdırlar? Məgər Amerika və Avstraliya kimi uzaq ölkələr üçün labüddür ki, Ərəbistanda ayın görünməsinə etimad edib oruclarını tutsunlar? Belə ki, onlar təzə ayı görmürlər.” Şeyx belə cavab vermişdir: “Daha doğru rəy belədir ki, müsəlman təzə ayın görünməyinə etimad etməli və ayın müxtəlif yerlərdən çıxma ehtimalına fikir verməməlidir.

Çünki Peyğəmbər (s.ə.s.) məhz ayın görünməyinə etimad etməyi vacib buyurmuş və ayın müxtəlif yerlərdən çıxma ehtimalını açıqlamamışdır. O demişdir: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin. Şəkk etdiyiniz günü isə otuza çatdırmaqla (günlərin sayını) tamamlayın". Bu mənada bir çox hədislər vardır. Peyğəmbər (s.ə.s.) o hədislərdən heç birində ayın müxtəlif yerlərdən çıxma ehtimalını bildirməmiş və bunu (səhabələrinə) öyrətməmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, əvvəlcədən ayın nə zaman çıxacağını güman edən, sonra da ayın çıxması xəbərini izləmədən arxayın oturub təqvimə əsaslanan və nəhayət təzə ayın başlanmasını eşidəndən sonra ona məhəl qoymayan hər bir müsəlmanın qəlbi narahat qalır və o, düzgün mövqe tutduğuna şübhə edir. Odur ki, artıq bunu oxuyan adama hüccət qaldırılmışdır və onun üçün heç bir üzür yeri yoxdur.


Tarix: 06.01.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1179 Bölmə: Ramazan
loading...