Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZ VƏ QURAN - II YAZI

“Qurandan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!” (Ənkəbut, 45)

Hər bir müsəlman İmam Əlinin necə huşu ilə namaz qıldığından xəbərdardır. Huşu ilə özündən, dünyadan xəbərsiz halda namaz qılan bir mömini seyr etmək, dünyanı kainatdan seyr etməkdən daha həyəcanlı. Namazı yalnız qəlibinə, yəni cisminə deyil, qəlbinə də qıldıran bir möminin namazı, İnsanı bambaşqa bir dünyaya götürür və öz-özü ilə üzləşdirir. Bu baxımdan namaz bir var olma hadisəsidir. Namaz həm yoldur, həm yolçu, həm mənzil. Qıldığı namazla bütövləşən, özünü namaza tam verən bir mömin də həm yoldur, həm yolçu və həm də mənzil. Ona tamaşa edən, sadəcə onu deyil, onun namazında yolu və mənzili də görür.

Namaz dəstəmazdan başlayır. Dəstəmaz bir arınmadır, təmizlənmədir, fiziki təmizliyi simvolizə edir, namaz da bir arınmadır, ruhi təmizliyi simvolizə edir. Təmizlik imandandır, istər fiziki, istər mənəvi. Torpaqdan yaranan cism, nurdan yaranan ruhun dünya geyimidir. Dəstəmaz bir təmizlənmədir, paklanmadır. Namaz vaxtı göylərin qapıları açılır. Ətraf fiziki gözlərimizlə görmədiyimiz bir nura qərq olur. Mələklər ruhlarını qidalandıranların nur qidasını gətirir. Cismin qapılarının açılma zamanıdır. Dəstəmaz ruha aparan qapıların açarıdır. Özünüzü bir anlığa ən səfalı, ən təmiz bir məkanda təsəvvür edin. Yerləşdiyiniz otağın qapı və pənsərəsi bağlıdır. Gözəllik, gözəl ətirlər otağınıza daxil ola bilmir. Halınız necə olardı? Qaçıb qapı və pəncərələri açıb o gözəl ətirli havanı acgözlüklə həsrətdən yanan ciyərlərinizə çəkməzdinizmi? Dəstəmazsız cisimdə boğulan ruh, havasız məkanda boğulan ciyərlərə bənzəyir. Ətrafdakı hava sizin üçün yaradılmışdır. Ciyərlərinizi, bütün orqanlarınızı oksigendən məhrum etməyə haqqınız yoxdur. Namaz vaxtı göylərin qapıları sizin üçün açılır, ətrafa yayılan, hər kəsə yetəcək nurdan ruhunuzu məhrum etməyə haqqınız yoxdur. Cisminizin oksigenə ehtiyacı olduğundan daha artıq, ruhunuzun nura ehtiyacı var.

Dəstəmaz torpağın suyla görüşməsidir. İnsanın xammaddəsi olan palçığa işarət edər, digər bir tərəfdən cansız torpağa su ilə keçən cana işarət edir. Və bu birləşmədən bir toxum cücərir. Sonra sünbül yetişir. Həyat verən torpaq gün gəlir, elə bir hal alır ki, cənnət kimi bir baxçaya çevrilir, belə ki onun halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər biri yüz ədəd dən verir.

Örtünmək... Bu da namazın bir funksiyasına işarədir, insanın qüsur və eyiblərinin örtülməsinə. Namaz birbaşa pisliklərdən təmizləyən, eyib örtəndir. Dedik ki, namaz bir nurdur... Qapı, pəncərəsi dəstəmazla açılan qaranlıq və havasız məkana işıq və gözəllik gətirərək bütün pislikləri oradan uzaqlaşdırır, daxil olduğu məkanı təmizləyir. Namaz möminlərin eyiblərini örtür, təmizləyir, yox edir. Huşu içərisində qılınan namaz düşüncənin eyiblərini, duyğunun qüsurlarını örtür, qəlbi və onun dərk etmə qabiliyyətini də açar, inkişaf etdirər. Ürəyin üzünü qızardan duyğular, ağlı utancdan yerin altına keçirən düşüncələr, şübhənin arsız toxumları yalnız namazla örtülür...

Namaz ruhun örtüyüdür, necə ki, səma yerin örtüyüdür... Səma yerin qoruyucu təbəqəsidir, eynilə namaz ruhun qoruyucusudur... Səma olmazsa, yerdə həyat mövcud olmaz, yer öz mavi rəngini itirər, günəş yeri yandırıb yaxar... Namaz olmazsa ruh qidasızlıqdan zamanla məhv olar, necə ki, ciyərlər havasızlıqdan məhv olur... Öz qoruyucusunu, təmizləyicisini itirən ruh, pas atar, dünyanın çirkablarından qaralıb kömürə çevrilər. Dəmirin pasını yandırmaqla təmizləyirlər... Almaz kimi parlayan, şəffaf ruh qaralarsa onu da oda verib təmizləyirlər, əgər tamamilə qaralıb kömürə çevrilməyibsə. Ruh Allahdan gəlmişdir, Allaha da qayıtmalıdır... 4 ünsürdən və bunlara can qatan ruhdan ibarət insan. Kimisi ünsürlərini qorumaqda, kimisi ruhunu. Hər bir şey öz funksiyasını yerinə yetirdikdən sonra gəldiyi məkana qayıdacaq. Torpaq elementləri torpağa qovuşacaq, torpaq ana bir gün verdiklərini geri alacaq, sənin istifadəyə yararsız olan elementlərinlə torpaq ana başqa canlılarına can qatacaq. Torpaq ana ilə daim 4 ünsürünün hayında qalan insan isə ac və susuz qalmış, təmizlənməmiş, çirkab içində qaralan ruhunu Sahibinə necə qaytaracaq?! Almaz kimi şəffaf nurla - ruhla təmin olunan insan əmanətini necə olduğu kimi qaytara bilər?... Nurdan yaranan ruhun qidası da nurdur. Namaz da bir nurdur, nur qidasıdır. Namaz da nur kimi bir qoruyucudur. Namaz kimi qoruyucu təbəqəsini itirən ruh torpaqdan yaranan cismə qarışaraq maddiləşər, torpaqlaşarsa onu yalnız yandıran alovla təmizləmək mümkün... Ramazan da yandırandır. Cismin istəklərini yandıraraq ruhu təmizləməyə xidmət edir, beləliklə, namazını geyinməmiş ruhlar çılpaq ruhlardır... Çılpaqlıq həyanı, utanma hissini itirmək deməkdir.

Həya imandandır. Həyası olmayan çılpaq olduğundan xəbərsizdir. Həyası olmayanın imanı da ondan qaçaq gəzməyə yönəlir. İmanı olmayan həqiqətdən xəbərsizdir. Həqiqəti tapmayan qaranlıqdadır. Qaranlıqda olan uçurumun kənarında olduğundan xəbərsizdir. Demək kordur, qara pərdələri çəkib, pəncərələri açıb gizləndiyi məkanına can atan ışığı, hidayət nurunu görmür.

Demək namaz yoldur, işıqdır, nurdur, örtükdür. Namaz uçurumdan qoruyan yoldur. Namazın getdiyi, yönəldiyi, həqiqət olan bir istiqaməti də var. Qiblə, Kəbə, Allah...

Qiblə məkan anlayışıdır. Coğrafi şüurdur. Kəbənin yerləşdiyi məkanı göstərən istiqamətdir. Kəbə Yerdə inşa olunmuş ilk ibadət evidir. Kəbə simvoldur. Kəbə üç ölçülü bir məkanda zamana səyahəti simvolizə edər. Ürəyin qibləsi, bir anlamda heç bir tərəf, bir anlamda hər tərəf. Heç bir tərəfdir, çünki özü bir qiblədir. İnsana şah damarından da yaxın olan, ürəyə ürəkdən də yaxın olan deməkdir. Allah insanın qəlbi ilə özünün arasındadır. Hər tərəfdir. Şərq də, Qərb də Allahındır. (əl-Bəqərə,142) Hara yönəlsəniz Allah oradadır... Hər tərəfdir, məkanın və zamanın xaricində edilən bir səyahətdə məkan soruşulmaz. Məkanın bitdiyi yerdə heç bir yer yol, heç bir yer səyahətçi, heç bir yer mənzildir. Hər yol O-na aparır. Namaz Ona aparan yol, onunla görüşdürən məkan. Namaz dünya məkanının xaricində Nur Allaha, güc qüvvət sahibi olan Yaradıcıya aparan yoldur...Namaz dünya məkanının xaricində Allahla qulun, rəhm edənlə rəhm olunanın, iki sevənin görüşdüyü uca məkan...Sən və O... Bu yolda xəritə yoxdur...Kiminin yolu çox uzun, kiminin yolu çox qısa...
Hər yolçuluq niyyətdən başlayır. Hər işdə bir məqsəd var. Niyyətlə hədəf, məqsəd təyin olunur. Gediləcək mənzili təyin və təsbit etmədən çıxılan yolçuluq avaralıqdır, məqsədsizlikdir... Niyyət niyə, nə üçün, necə və haraya suallarının cavabıdır. Bu suallara cavab verməyən bir namaz doğru namaz deyil.

Niyyətini təyin etmədən, öz həqiqi məqsədini anlamadan qılınan namazın sahibi “Vay o namaz qılanlara ki, onlar öz namazlarından qafildirlər” deyən Məun surəsinin bu ayələrinin sahiblərinə çevrilirlər... Saleh niyyət ibadəti adətdən, göstərişdən, riyakarlıqdan ayıran göstəricidir... Əgər dünyada müvəqqəti qonaq olan qul hər işində, hər addımında, hər ibadətində saleh niyyətini gerçəkləşdirə bilməyibsə, ibadət adətləşmiş, ya da adət ibadətləşmişdir... Niyyətin hara, mənzilin ora... Səfərdən qazanılan gəlir niyyətinin müqabilində olacaq... Demək, hər addımda atılacaq ilk və ən önəmli iş qəlbin dərinliklərinə enərək niyyət üzərində araşdırma aparmaqdan keçir. Məqsəd olan niyyət özü bir düşüncədir. Söz də, əməl də niyyətdən doğur. Niyyət yönəldici fiziki qüvvədir. Hərəkətdə olan hər bir şey müəyyən enerjiyə sahibdir. İnsan hər zaman hərəkətdədir: qəlbi, dili, beyni, ciyərləri, düşüncələri, bir sözlə maddi və mənəvi halı ilə vəhdət halında durmadan hərəkətdədir... Söz də, əməl də hərəkətdir... hərəkət varsa enerji də mövcuddur... Yəni ki, hərəkət enerji doğurur. Demək, söz, əməl bir enerjidirsə, niyyət bu enerjinin əsas hərəkətverici qüvvəsi, yəni nüvəsidir. Demək ki, niyyət bir nüvəcikdir. Niyyətin, yəni düşüncənin yaranma məqsədindən asılı olaraq müsbət, yaxud mənfi yüklənməsi də realdır... Müsbət enerji ilə yəni, işıqla, nurla yüklənmiş niyyət təbii ki, ətrafına müsbət eneji, yaxud nur səpəcək. Təbii ki, niyyət gözəldirsə əməl də gözəl olacaq. Nur, namaz yolunda nurdan olan saf ruhla yürüyə bilmək üçün mütləq və mütləq qəlbdə icra olunan nur niyyət gərəkir. Beləliklə, nur niyyətlər qəlbi də nurlandıracaq, paklayacaq və nura yaxınlaşdıracaq...Nur yolunda yolçuluq nə zaman??? Təbii ki, nurla zəngin bir zamanda. Namaz vaxtı göylərin qapıları açılır. Yaradan və bizə nur yolu öyrədən Rəbb bunu da müfəssəl izah etmişdir, Şəfa Kitabında Vel asr, Vəş şəfaq, Vel fəcr, Ved duha, Vel leyl. Zamanı Yaradan zamana and içir. And olsun əsrə, şəfəq zamanına, sübh zamanına, quşluq zamanına, gecəyə. Beləliklə, Nur Allah nurdan yaratdığıruhlara nurla zəngin zaman anlanlırnı da öyrətməkdə.

Namaz yolçuluğuna saleh niyyətlə silahlanaraq, Allahu Əkbər deyərək başlanır. Qəlbin ta dərinliklərindən bütün maddi və mənəvi halı ilə birlikdə, yəni cismi və ruhu, beyni və qəlbi, bir sözlə bütün hüceyrələri ilə birlikdə, vəhdət halında Allahu Əkbər deyə bilmək dünyaya meydan oxumaqdır. Bu gün tanrısız deyil, tam əksinə çox tanrılı bir dövrün bütün saxta tanrı və bütlərini bir hərəkətlə məhv edə bilməkdir – anlayaraq, dərk edərək Allahu əkbər deyə bilmək.Yalnız Allahu Əkbər. Yalnız Allah böyük, Yalnız Allah ali məqsəd. Niyyət - Yalnız Allah üçün... Allahu Əkbər namaza güc verən İlahi şüar. Həyatında Allahu Əkbər deməyən, yaşamayan, anlamayan birinin qazanacağı anlamsızlıqdan, mənasızlıqdan, çaşqınlıqdan, məğlubiyyətdən, peşmançılıqdan başqa bir şey ola bilərmi? Allahu Əkbər yaşayan, Allahu Əkbərlə silahlanan biri həyatını əbədiləşdirmənin açarını əldə edə bilmişdir... Allahu Əkbər namazın qapısıdır. Saleh niyyətlə silahlanan, Allahu Əkbər açarı ilə namazın qapısını açan birisi, dünyanı, problemləri, imtahanları, çətinlikləri, zamanı, məkanı, qəlbini çirkləndirən, beynini bulandıran hər şeyi əllərinin üzərinə qoyub arxasına ataraq yeni bir dünyaya, zamansız zamana, məkansız məkana doğru yola çıxır. Mirac bu yolun adıdır... Mirac heç bir bəşərin, heç bir yaradılmışın qalxa bilmədiyi uca məqamdır... Yalnız Məqam sahibinin istədiklərindən başqa. Allah Sevgili Rasulunu çağırdı. Bəşərdən yalnız ona nəsib oldu mirac. Həbibullah Muhamməd (s.a.s) miracı bildi, tanıdı, anladı... Ümmətim, ümmətim deyərək arxasından gələn saleh niyyətlilər üçün də rüsxət, salam istədi... Saleh niyyətlilərə miraca yüksələ bilmək üçün salat, yəni dua, yəni namaz nəsib olundu. Rasulallah ümmətinə öyrətdi: Namaz möminin miracıdır... Dəstəmazla arınaraq, nurlanaraq, ruhu namazla pisliklərdən örtərərək, qoruyaraq, qibləmizə yönələrək, Zaman sahibinin qiymətləndirdiyi, secdiyi zaman dilimlərindən istifadə edərək, yalnız Allah üçün deyibən saleh niyyətlə yüklənərək, Allahu əkbər açarına yiyələnərək gəlin Quran təbirincə salat, yəni dua adlanan namaz yolçuluğuna çıxaq, miraca çataq, Uca Xaliqlə görüşə tələsək. Miraca qalxaq, zamansız zamana, məkansız məkana tələsək. Çünki, insana əşrəf, yəni ən şərəfli, ən üstün biri deyildi. Tələsək... Zaman Sahibi zamana and içir. Zamanın qədrini bilmək gərəkir. Ötən hər saniyə ömür ağacından tökülən yarpaqlardır. Qış uzaqda deyil. Tələs. Zaman nemətinin haqq-hesabı uzaqda deyil, çox yaxındadır. Ey ümmət, gəlin, oyanaq!


Tarix: 06.01.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1059 Bölmə: Ramazan
loading...