Maddiyyatların çoxaldığı bir dönəmdə, həyatın sırf maddi olduğu bir əsrdə mömin bəndə öz ruhani və mənəvi həyatından şikayət edir. Mömin bu maddiyyatlardan bir az uzaqlaşıb ruhuna diqqət yetirmək istəyir.
Yaşadığımız bu elektronika əsri, insanların gördüyü işi görə biləcək və onların işini asanlaşdıracaq elektron cihazlarla bol olsa da, başqa yöndən alətlənmiş insan formalaşdırıb. İnsan adi elektron cihaz kimi yaşayır və hərəkət edir. Hətta etdiyi ibadətlər də vərdiş və adət halını almış, sanki cihazların təkrar etdiyi kimi, ibadətini yalnız hərəkətlərlə həyata keçirir. Həyatımızın ruhu qalmamış və ruhumuza həyatdan heç nə ayırmamışıq. Batıb qalmışıq maddiyyat bataqlığında.
Fikrimizi hər şeydən təcrid edib dərindən fikirləşsək, etiraf edə bilərik ki, insanın keçirdiyi vaxtların ən dəyərlisi aləmlərin Rəbbinə ibadət etdiyi anlardır. İbadət vaxtlarının da daha dəyərli və fəzilətli olanları vardır. Bunlardan biri də böyük şanslar və mükafatlarla fərqlənən Ramazan ayıdır.
Ramazan mövsümündə Rəbbimiz tərəfindən mükafatlar paylanır, mömin bəndələri axirətdə sevindirəcək savablar verilir. Rəbbimiz əl-Əsr surəsində bizə haqqı və səbri bir-birimizə tövsiyə etməyi əmr etdiyi üçün, biz də bərəkətli Ramazan ayını tək keçirməmək üçün sizə də xatırladırıq. Ancaq bu mübarək ayda səhv etməmək və Rəbbimizin kərəmindən məhrum olmamaq üçün ona hazırlıq görməliyik. Əgər bizim ümmət bu mübarək aya düzgün hazırlaşarsa, hamı bir nəfər kimi qolunu çirmələyib işə ciddi yanaşarsa, ümmətdə yenilik və ali bir ruh görə bilərik. Yeni aya ruh yüksəkliyi və savabları əldə etmək üçün səbirsizliklə daxil olarıq. Beləki bu mübarək və xeyirli Ramazan ayına boş arzu və ümidlərlə deyil, ciddi, planlaşdırılmış və sadiq niyyətlə daxil olmaq lazımdır.
Ramazan ayına və yaxud hər hansı ibadət mövsümünə hazırlıq haqqında daim söhbətlər gedir və demək olar ki, hamısı eyni olur. Amma bəzən səbrlə oxuyub fikri və niyyəti yeniləmək də gərəkdir. Hazırlıq dedikdə biz sadəcə niyyət edib, oruc tutub, namaz qılıb, günahlardan çəkinməyə çalışacam qərarı deyil. Buna daxilən, ruhən və mənən rəğbət yaratmaq lazımdır. Bu rəğbəti və istəyi hər gün daha da şişirtmək və daxilən səbirsizlik hissi oyatmaq lazımdır. Biz də razıyıq ki, günlər və aylar keçdikcə qəlbdəki iman sadəcə bir statusa və yaxud ada çevrilir, imanın sevindirici və həyacanlandırıcı hissləri itir. Kiminsə yenidən bizi tərpətməyə, xatırlatmağa, başqa cür yanaşmağa ehtiyac hiss duyuruq. Əsasən də üzümüzə gələn Ramazan ayında bu ehtiyac daha da artır. Biz öz daxilimizdə Allahın verəcəyi mükafatlara və açdığı xeyir qapılarına inamla yönəlməliyik, həqiqi rəğbət bəsləməliyik və əlbəttə ilk addımı atmalıyıq. Bundan sonra isə Allah Təala bizim sadiq olduğumuzu görüb Özü dəstək olacaqdır. Qüdsi hədisdə rəvayət olunur ki: “Qulum mənə bir qarış yaxınlaşsa, Mən ona bir arşın yaxınlaşaram. Əgər mənə bir arşın yaxınlaşsa ona bir addım yaxınlaşaram. Əgər mənə addımlayaraq gəlsə ona yüyürərək gələrəm.” Hədisin mənasından belə anlayırıq ki, bizlər ilk olaraq can atmalıyıq, istəməliyik və ilk addımı biz atmalıyıq, Allah qarşı yönəlməliyik və bu zaman Allah da bizi yaxınına qəbul edəcəkdir. Bu an Ona itaət və ibadətimizdən də həzz ala biləcəyik, günah işlətməyə də istək olmayacaq, daim Ona daha yaxın və daha sevimli olmağa çalışacayıq. Bunun isə qiyməti və qarşılığı var: “Mənə dua edin, Mən də sizə cavab verim” (Ğafir, 40:40). “Siz Məni yad edin ki, Mən də sizi yad edim!” (əl-Bəqərə, 2:152). Yəni biz birinci nə isə etməliyik ki, Allah Təala da onu heç bir zaman qarşılıqsız qoymasın. Bunu dərk etmək və Allahın əzəmətini, Onun kəramətini və sonsuz xəzinəsini anlamalıyıq, buna tam inanmalıyıq.
Buna görə də sən ey müsəlman qardaşım və bacım, daxilində Allaha qarşı məhəbbət və Onun görüşünə rəğbət varsa, onu oynatmalı və oyatmalısan. O istəyi, rəğbəti və məhəbbəti oyandıraraq ibadət və itaətlər də sənə çox rahat və şirin gələcək. Amma Allah eləməmiş qəlbində Rəbbinin görüşünə istək belə yoxdursa, bunun haqda heç düşünməmisənsə, Ona ibadət etməyə ağırlıq duyacan və hazırlaşmaq isə daha ağır olacaq. Gəlin bir yerdə qəlbimizin dərinliklərində olan Allah sevgisini tərpədək və bir gün Onun hüzurunda duracağımızı xəyalımızdan keçirək. Hər şeydən çox sevdiyimiz və boyun əydiyimiz Rəbbimizin qarşısında xəcalət çəkməmək və biabır olub qovulmamaq üçün Ona ibadətlərimiz bizə daha sevimli gələcək. Hər şeydə Ona yönəldiyimiz və heç bir zaman bizi məyus və bədbəxt qoymayan Rəbbimizin qarşısında gecə durub namaz qılmaq, sonunda əllərimizi açıq Ona dua etmək necə də həyəcanlı və əvəz olunmaz bir ləzzətdir?! Gün boyu ac-susuz qalmaq, axşamı orucu açıb qəlbimizin dərinliklərindən Rəbbimizə şükür etmək, sonra gecə yenə Ona ibadət etməyi gözləmək o qədər fərəhləndirici və eyni anda çətin gəlir ki, bu hisslər insanda gündən-günə daha da məhəbbəti artırır. İnsan bu hisslərlə Allaha ibadət etməkdən və yaxşı əməllər görməkdən doymur və hətta etdiklərini küçümsəyir, daha böyük bir şeylər etməyə can atır. Bunları edən bəndə Rəbbindən nə istəyir bilirsinizmi?! “Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!” (Taha, 20:84).
Kimsə “sevirəm” dediyi Rəbbinin əmrlərinə tabeçiliyə laqeyd yanaşırsa, o sevgisinin bir dəyəri və mənası da yoxdur. Sevirəm və istəyirəm deyən istədiyinə can atmalıdır, alışmalıdır, qayəsinə çatana qədər əl çəkməyərək bütün müqavilələrə razı olmalıdır. Çünki istədiyi Rəbbi razı qalmasa, onu hüzuruna qəbul etməyəcək.
Peyğəmbərimiz (Allahın salamı və xeyir-duası onun üzərinə olsun!) belə dua edərdi: “Səndən qəzaya (qədər və qismətə) razılıq, ölümdən sonra sərin (rahat) həyat, Sənin Sifətinə seyr etməyin ləzzətini və görüşünə şövq (maraq, tələsmək, həyəcan) diləyirəm.” Hətta Peyğəmbərimiz (Allahın salamı və xeyir-duası onun üzərinə olsun!) belə Rəbbinə olan məhəbbətinin və Onun görüşünə olan rəğbətinin artmasını diləyərdi. Bizlər heç olmasa əlimizi açıb Rəbbimizdən bunu diləyirikmi?!
Rəbbinin görüşünə olan hazırlıq hissini və Onun məhəbbətini sənin ürəyində söndürən, dünya ləzzətlər, şübhələri və şəhvətləridir ey mömin! Zaman keçir və sən hər gün günahlar bataqlığında getdikcə batırsan, Rəbbinə qarşı isə bir addım atmağı düşünsən də edə bilmirsən. Ey xeyir etmək istəyən qardaşım və bacım, qəlbinin dərinliklərində olan o şövqü və həyəcanı yeniləndirməlisən.
Soruşursan ki, bunu necə edim? Sadəcə bəzi şeyləri, öyrətmək məqsədilə deyil, xatırlatmaq məqsədilə sənə çatdırmağa çalışacayıq.
1. İnsanlar onlara yaxşılıq edən hər kəsi xoşlayırlar, daha çox yaxşılıq görəndə həmin şəxsə qarşı rəğbət bəsləyir və qəlblərində onlara xüsusi yer ayırırlar. İnsan qəlbi əslində belədir, yaxşılıq və xeyir edən şəxsə bağlanır, başqalarından fərqli olaraq ona xüsusi hörmət bəsləyir. Onda gəlin Allahın bizə etdiyi yaxşılıqları və nemətləri bir-bir xatırlayaq. Elə anadan olandan indiyə kimi həyatımız boyu Allahın bizə verdiyi hər şeyi bir-bir sayaq və verməsəydi halımız necə olardı deyə bir təsəvvür edək. Qurani Kərimin də insana olan müraciətlərinə bir diqqətlə nəzər yetirsək görərik ki, orada Allah Təalanın insana verdiyi nemətləri, fəzilətləri, xeyiri və yaxşılıqları qeyd edilir. Bizlər Allahın nemətlərini nə qədər çox dərk etsək, qəbul edib, o nemətlərə qarşı acizliyimizi etiraf etsək, Allaha daha çox şükür etməyə can atacağıq. O zaman Allaha olan amma üstü toz örtmüş məhəbbətimiz yenidən tumurcuqlayar və ona ürəkdən, sevgi dolu itaət edəcəyik.
2. Keçmiş boş vaxtları faydasız keçirməyin həsrətini çəkmək, boş vaxtlarda Allaha ibadət etməməyimizə peşmançılıq hissi keçirərək Allahdan bağışlanma diləmək. Axı o boş vaxtlarda Allahı yad etməmişiksə, itaətindən uzaq olmuşuqsa, onda deməli nəfsimizin və istəklərimizin itaətin olmuşuq. Bunun acısını hiss edərək heç olmasa Ramazanda bunun əvəzini çıxmaq üçün daxilən ruh yüksəkliyi hiss etməliyik.
3. Bir də xatırla ki, çoxlarımız faydasız və qiymətsiz şeylərə görə çalışırıqsa, bəziləri Allah qarında yer qazanmaq üçün yarışlar keçirir. Müttəqilər və Rəbblərinin yaxınlığını arzu edənlər xeyir əməllər üçün sanki yarışırlar, rəqabət aparırlar. Axı Allah Təala buyurub ki: “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin” (əl-İmran, 3:133). “Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin” (əl-Hədid, 57:21). “Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər” (əl-Mutaffifin, 83:26). Ayələrdən görürük ki, Allah Təala bizə elə bir mükafatlar hazırlayıb ki, onun uğrunda mübarizə aparmaq və çalışıb ona çatmaq lazımdır və hətta Allah Təala Özü bu rəqabətə və mükafatı qaçırmamağa çağırır. Əlbəttə mükafatları qaçırmamaq üçün daxilimizdə istək və niyyət var, lakin bu istəyi daha da gücləndirmək və içimizi alovlandıran bir rəğbətə çevirməliyik. Bu istək və rəğbət Ramazan ayı üçün bir yanacaq olacaqdır və bizə davam etməyə kömək edəcək.
Ey müsəlman qardaşım və bacım! Yazılanlar sadəcə sözlər ola bilər, sözlərə əhəmiyyət vermədən təkrardır deyə keçə də bilərsən. Amma sözlərin mənasını və həqiqətini anlamağa çalışsan, Allah qatındakı məqamların əzəmətini və dəyərini dərindən düşünsən və ümumiyyətlə hamımı belə edə bilsək, Ramazan ayının dadını, ibadət və itaətlərimizin ləzzətini hiss edəcəyik.
Allah bizi bu mübarək ayı faydalı keçirtməyə müvəffəq etsin və ibadətlərimizin quru və adət formasında keçməsindən bizi uzaq etsin! AMİN!!!
Tarix: 06.01.2013 / 16:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1004 Bölmə: Ramazan