Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Əziz və hörmətli müsəlman qardaşlarımız və bacılarımız! Çoxlarımız mübarək Ramazan ayının gəlişini səbirsizliklə gözləyirik, bəzilərimiz isə elə planlar qurub ki, Ramazan ayında tam tərsinə 180 dərəcə halını dəyişmək istəyir. Bu isə çox böyük səhvdir. Birdən birə halı və vəziyyəti dəyişmək xətadır. Qurani-Kərimi, hədisləri və İslam və Bəşəriyyət tarixini diqqətlə oxusaq görərik ki, bütün dəyişikliklər mərhələ-mərhələ baş vermişdir.
Əlbəttə Ramazan ayı, halımızın dəyişib yaxşılaşdırılması üçün çox böyük fürsətdir və hər bir müsəlman bu müqəddəs ayın bir fürsət olduğunu dərk etməlidir. Amma bu, o demək deyil ki, dəyişmək istədiyi məqamlarla dolu səbətin hamısını Ramazan ayında boşaltsın. Halını daha yaxşı və müsbət tərəfə yaxşılaşdırmaq üçün daim öz üzərində işləməlidir və Ramazan ayını bunun üçün bir başlanğıc həm də bir sıçrayış nöqtəsi kimi təyin etməlidir.
Bunun üçün Ramazanın iman və bərəkət dolu havasından tam yararlanmaq üçün buna hazır olmaq lazımdır. Ən əsası isə hər bir müsəlman bunu sidqlə istəməli və əzmlə yanaşmalıdır. Bu da o deməkdir ki, sadəcə beyində dumanlanan arzu və ümidlər olmamalıdır. Faydasını və meyvəsini görmək üçün ciddi yanaşmaq gərəkdir.
İmam İbni Qudamə əl-Muqaddəsi, özünü islahetmə və dəyişmə haqqında hər bir şəxsin hədəfinə çatması üçün belə bir qiymətli məsləhət vermişdir: "Kim özünü düzəldə bilmirsə, heç olmasa düzəltməyə çalışsın. Saleh əməl görmədən nicat tapmaq mümkün deyil. Saleh əməllər isə yalnız gözəl əxlaqın nəticəsi ola bilər. Qoy hər bir şəxs öz xarakterini və əxlaqını diqqətlə araşdırsın, sonra da onları bir-bir düzəltməyə çalışsın. Bunları düzəltməyə çalışdığı müddətcə də səbr edib gözləsin. Çətin olsa da sonradan nə qədər də xoşbəxtlik və səadət hissi keçirdiyini özü dərk edəcək. Bu hətta süd əmən uşağın süddən ayrılmasına bənzəyir. Əvvəlcə ayırmaq çətin olsa da, bir müddət keçdikdən sonra artıq süd əmməyə qayıtmağı özünə rəva bilmir".
Ramazan ayında dəyişmək və özümüzü düzəltmək istəyiriksə, vərəq və qələm götürərək işə ciddiliklə başlamalıyıq. Ciddi yanaşmaq istəyənlər özlərindən bir soruşsunlar; Ramazanda daha dəqiq olaraq nələri etmək istəyirəm? Hansı hədəfləri həyata keçirmək və onları hansı yolla etmək istəyirəm?
Hədəfləri sadəcə bir kağıza yazıb kənara atmaq lazım deyil, hədəfləri əhəmiyyəti mahiyyətiylə sıralamaq və təfsilatıyla hər hədəf üçün görüləcək işləri qeyd etmək lazımdır. Hər bir iş üçün ayrılacaq vaxt, enerji, vəsait qeyd olunmalıdır. Bununla yanaşı həm də real olmaq gərəkdir. Taqətindən daha artıq bir işi görmək mümkün deyil, qısa müddətə çatdırılmayacaq işə yalandan az vaxt yazmaq real sayılmır. Bundan əlavə görüləcək işlərə hazırlıq görmək üçün öncədən məşq etmək də vacib sayılır. Məsələn, Ramazan ayında oruc tutmağı niyyət edib qərarlaşdıran bir müsəlman çox vaxtı Ramazana qədər heç bir gün də oruc tutmur və bu müqəddəs ay girən kimi böyük həvəslə oruca başlayır. Amma iki gün keçən kimi özündə bir narahatlıq, ağırlıq və ağrılar hiss etməyə başlayır. Axı başqa bir hala, vəziyyətə və rejimə öyrəşmiş orqanizm birdən-birə aclığa necə normal reaksiya versin?! Bunun üçün Ramazana bir müddət qalmış bəzi günlərdə oruc tutmaq və yaxud nahar saatını yavaş-yavaş daha sonraya saxlamaq lazımdır ki, Ramazan ayı girən an orqanizm yüklənməsin. Həmçinin il boyu 2-3 dəfə Qurani-Kərimin üzünü açan adam gəlib Ramazan ayında hər gün Quran oxumaq istəsə əlbəttə yorğunluq hiss edəcək. Heç gecə namazlarına oyanmayan birisi Ramazanın bütün gecələrini oyanmaq istəyirsə bu heç də asan olmayacaq. Allah-Təalaya isə xoş gedən əməllər əsasən həmişə davamiyyətlə təkrarlanan əməllərdir.
Gəlin Ramazan ayında görəcəyimiz işləri, əməlləri, ibadətləri bir vərəqdə yazaq, oturaq düşünək, ciddi və real olaraq onları görməyə əzm edək. Amma vərəqi başdan ayağa doldurmayaq. Ümid edərək bütün istədiklərimizi yazmaq yaxşı deyil. Çünki sonra onları bir-bir edə bilmədikdə insan ruhdan düşür və görə biləcəklərinə də laqeyd yanaşmağa başlayır. Bir-iki əsas şeyləri yazaq, həyatımızda həmişə dəyişib, düzəltmək istədiyimiz məqamları qeyd edək, Ramazanda düzəldə bilməsəkdə Ramazanda başlayaq və davam edək.
Allah üzümüzə gələn Ramazan ayından, onun bərəkətindən və rəhmətindən bizi məhrum etməsin. Bütün ayı oruc tutub, ibadət edib, Rəbbimizin rizasını qazanmağa və eyni tempdə getməyə və zəifləməməyə bizi müvəffəq etsin! Allah hamımızın oruclarını qəbul etsin!
Tarix: 06.01.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 693 Bölmə: Ramazan