Sağlam ruha sahib olmaq sağlam cismə sahib olmaq deməkdir. Ruhun sağlamlığında önəmli yer tutan namazdan Qurani – Kərimdə salat deyə söz edilir. Salat –dua, ehsan, bərəkət, təşbih və bütün bunlarla birlikdə müəyyən ibadət şəkli mənasını verir. Namaz ruhun sağlamlığını ayaq üstə tutan əsas bünövrələrdən biridir. Namaz ruhun ucalması, paklanması, təmizlənməsi, nurlanması, miraca yüksəlməsi, bir sözlə saysız gözəlliklərə sahib olmasıdırsa, mümkünmü, cisim bunlardan öz nəsibini almasın? Demək Rəbbini sevən öz cismini və ruhunu onun bəxş etdiyi gözəlliklərdən necə məhrum edə bilər?
Əmanətlərdən hesaba çəkiləcək olan qulun ilk hesaba çəkiləcəyi nemət namazdır. Allah qatından enən doğru yol göstərən Kitabımızda namaz kəlməsi 34 dəfə zəkatla bərabər, 65 yerdə zəkatdan ayrı olaraq qeyd olunmuşdur. Məgər bu namazın nə dərəcədə önəmli olduğuna bir işarə deyilmi? Möminlər surəsində Uca Yaradan sevdiyi qullarına xilasın yolunu göstərərək belə buyurur:
“Həqiqətən, möminlər nicat tapmışlar. O kəslər ki, namazlarında müti olub boyun əyərlər. Namazlarında riayət edərlər”
Yaradanların ən gözəli Allahımız, bizlərə də yardım et! Bizləri də nicat tapan möminlərdən eylə. Ramazan ayımızda bizlərə qüvvət ver.
Demək ki, namazsız mömin, namazsız xilas olunmuş bir islam toplumunu düşünmək qeyri-mümkün.
Rasulallah ümmətinə öyrətdi: Namaz möminin miracıdır. Dəstəmazla arınaraq, nurlanaraq, ruhu namazla pisliklərdən örtərərək, qoruyaraq, qibləmizə yönələrək, Zaman sahibinin qiymətləndirdiyi, seçdiyi zaman dilimlərindən istifadə edərək, yalnız Allah üçün deyibən saleh niyyətlə yüklənərək, Allahu əkbər açarına yiyələnərək gəlin, Quran təbirincə salat, yəni dua adlanan namaz yolçuluğuna çıxaq, miraca çataq, Uca Xaliqlə görüşə tələsək...Miraca qalxaq, zamansız zamana, məkansız məkana tələsək.
Bu yolçuluqda Qiyam adlı bir təslimiyyət göstəricisi olan duruş vardır. Allahu əkbər deyərək və yaşayaraq dünyanı arxaya atan qul bütün həmdin, təriflərin, gözəlliklərin, sevgilərin yalnız və yalnız Ona, Uca Yaradana məxsus olduğunu ruhi halı və cismi ilə ifadə edir. Mən Sənin Səndən aciz qulunam. Bütün ibadətim, həyatım, ölümüm, yaşamım, yalnız Sənin üçündür. Sənin dostluğunu qəbul etdim. Səndən başqa dostum yoxdur. Dinim islamdan, Rasulun Muhamməd (s.a.s) dən razıyam...
İçini, könlünü ali eşqlə dolduran qulun bu sevgisi bir azdan qiraət halında yaşanan heyranlıqla əvəzlənərək əşrəf insanı Yaradanların ən gözəli qarşısında əyilməyə aparacaq. Heyranlıq ruku halında sevən qulun qəlbini eşqlə, sevgiylə bir daha dolduraraq səcdə zirvəsinə qaldıracaq...Yalnız tək Allahın, tək İxtiyar Sahibinin, yeri, göyləri Insan üçün yaradan, yer üzünü sevdiyi Insan üçün bəzəyən tək Allahın qarşısında, heç bir yaradılmışın deyil, yalnız Yaradanın qarşısında əyilmək... Bunu hiss edənlər - nə xoşbəxtdirlər. Yaradan qarşısında qiyam, həm də baş qaldırmaq deməkdir. Baş qaldırmaq, üsyan etmək - bütün bütlərə, öz məninin vəsvəsələrinə, ucuz və keçici hisslərə, zövqlərə, ruhu Yaradandan uzaqlaşdıran bütün dünya həzzlərinə, qəlbi çirkləndirən şeytani və nəfsani istəklərə, insanı hər hansı yaradılmış qarşısında əzən, əyən, kiçildən həvəslərə, bir sözlə ali missiyadan uzaqlaşdıran hər şeyə üsyan etmək.
Bütün bu zövqlərə, nəfsani istəklərə baş qaldırmadan, üsyan etmədən, ruhun düşmənlərinə qarşı savaş elan etmədən namazı miraca bərabər tutmaq məgər mümkünmü? Bu yolçuluqda yalnız bir baqaj var: Allah sevgisi, Qiraət səfərin yol göstərən mayakı olan Quranı simvolizə edir. Ondan gələn ruh, Ona doğru gedərkən, Onun kəlamını oxuyur, Onun kəlamı ilə silahlanır. Bu oxu İlahi anlamın bəşəri kəlmələrlə ifadəsdir. Sanki gizli bir şifrənin açılması kimi. Bu oxu qiraətdir. Çünki Yaradan Rəbbin oxu əmri ilə yüklənən əşrəf insan bu oxunu, anlamını, mahiyyətini ürəyinə, qəlbinə yedirməli, zehninə qazımalı, həyata keçirməlidir. Səhabənin namazı nədən fərqliydi? Nədən Əlinin huşusu dillərdən düşmür? Onlar ruhlarını qidalandırdıqları bu nur yolçuluğunda, dünya ilə bütün əlaqələrini o zaman çərçivəsində qırıb atmağı bacarırdılar.
Dünya və onunla əlaqədar hər şey uzaqlara, görünməzə çəkilir və bu möhtəşəm halın bir nəticəsi olaraq qiraət sırasında arı uğultusu kimi bir səs çıxararlardı. Bu qiraətdir. Bu oxu əmrinə tabe olmaqdır. Yaşayaraq, dərk edərək oxumaq... Rasulallahın öyrətdiyi kimi... Hər təsbihat, təhmid, təhlil ərşə yüksələrək arı vızıltısı kimi səs çıxararaq öz sahibini zikr edir... təsbihat - subhanəllah, təhmid - Allahu əkbər, təhlil-Lə ilahə illəllah... Arı vızıltısı... İlahi əmrə, tabe olan, vəhylə çalışan bir varlığın sevərək, təslim olaraq gördüyü iş sırasında çıxardığı səs. Təsəvvür edin, bu səs sanki içtən yanan çox güclü matorun ürəyində olan möhtəşəm yanğını, sevgini və bunun insana verdiyi əzəmətli enerjidən xəbər verən bir səsə bənzəyir... Ruhu, cismi, qəlbi, beyni ilə Allahu əkbər deyərək, Allahın kəlamlarına vurğun birinin cismindən xəbərsiz halda Yaradanına qovuşduğu vüsal anını yaşama sevinci içində çıxan səslər...
Sübhanəllah – Ey əşyaya, maddiyata təkamül qanunu öyrədən pak və nöqsansız Qadir Allah, bizə də kamillik bəxş et. Bizə kamil yol olaraq seçdiyin yolda kamala, müdrikliyə çatmağı nəsib et.
Ruku... Pak və nöqsansız, bütün eyiblərdən uzaq, əzəmət sahibi Allahın qarşısında bir əyilmə, bir heyrət məqamı... Onun kəlamlarını Onun buyurduğu kimi anlaya bilən heyrət etməyə bilərmi? Onu tanımaq heyranlıqla başlayar... Əzəmət, qüvvət, gözəllik sahibi, Rəhməti ilə hər şeyi sevən, hər kəsi nemətlərilə ruziləndirən, sonsuz bəxşişlər verən Uca Allah. İnsanı həqiqətə götürən şey heyranlıq duyğusudur... Ruku bu heyranlığın simvoludur. Ruku itaətin zirvəsi, ruku təmiz vicdanın qeyd-şərtsiz təslimiyyətinin zirvəsi... Müsəlmanların namazdakı heyranlıq göstəricisi rukuları Hz. İsanın yolunun İslamdan keçdiyinin bir simvolu... Çünki, ruku isəvilərin namazının, səcdə də musəvilərin namazının ana xətti. İslam, salam bütün peyğəmbərlərin gətirdikləri, islam bütün elçılərin çağırdıqları haqq yol... İslam, təslim, salam - bütün rasulların missiyası...Həbibullah, Xatəmul ənbiya... Peyğəmbərlər içində Allah həbibi... Hər kəsi salama, sevgiyə, barışa, birliyə, gözəlliyə, islama, miraca, Vahid Rəbbimizə heyranlıqla itaətə çağıran bəşər peyğəmbəri... Ey iman gətirənlər Allahın ipindən möhkəm yapışın, deyə hidayətə, doğru yola çağıran Həbibullah hər kəsi birlikdə səcdəyə çağırdı - bərabər və birlikdə, sevərək, öyrənərək, yaşayaraq, əməl edərək səcdəyə çağırdı.
Səcdə miracın son nöqtəsi. Səcdə eşqdir, sevgidir, qarışıqsız, tərtəmiz, cismlə deyil, ruhla sevilən pak eşqin simvolu.
Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin?
İdrakı dinləsək söyləyir o da,
Hər şey eşq üstündə durur dünyada.
Göylər yaransaydı eşqdən azad,
Düşün olardımı yer üzü abad.
Kəhrəbanın eşqə düşməsə canı,
Elə axtararmı quru samanı
Maqnit olmasaydı eşqin əsiri,
Çəkərmi özünə dəmir zənciri?
Dünyada hər şey bir cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır”
Səcdə eşqin simvolu... Allahım, mən özüm-özümə yetməm, sənə ehtiyacım var deməyin bədənlə ifadəsi.Ya Rəbbim, mən zəifəm, Sən güclü, mən istəyənəm, sən verən, mən mərhəmət istəyənəm, Sən mərhəmət edən, mən məxluqam, Sən Xaliqimsən, Mən Sənin qulunam, Sən mənim Rəbbim. Səcdə sevginin, acizliyin ifadəsidir. Əzəmət və Qüdrət Sahibinin qarşısında səcdə etmədən bunları etiraf etmək mümkünmü? Əsla, əsla mümkün deyil. Çünki səcdə cismin kiçilməyinin, mənin sıfıra çevrilməyinin və ruhun böyüməsinin, ali qüvvəyə yaxınlaşmasının ilk nöqtəsidir. İlk nöqtə...Səcdə “Həddimi bildim, sənə gəldim“ etirafıdır. Ülvi və pak sevgini anladan bir hərəkəti görmək istəsəniz səcdə nemətinə baxın. Oxu əmrinə tabe olan insan, Səcdə nemətini haqqı ilə oxu.
Oturuş səfərin həzzini almaq, onu ürəkdən zehnə aparmaq üçün bir anlıq fasilə. Miracın mahiyyətinə vara bilmək, bu yaşadıqlarını həyatının əlaqədar istiqamətlərinə hikmətlə yerləştirmək üçün oturuş... Səcdə... Pak və Nöqsansız Rəbbimiz Sən hər şeydən Ucasan. Yalnız Sənin qulunam, bütün əzalarımla yalnız Sənin qarşında əyilirəm, sevgi və heyranlıq dolu qəlblə yalnız Sənə tərəf yönəlirəm.
Ya Rabbim, qarşında səcdəyə gedən hər qulunu səcdə nemətinə layiq et. Qəbul et bizi ya, Rəbbim...
Oturuş... Bu nemət üçün şükranlıq...
Allahım, bütün ibadətlər və itaətlər yalnız sənin üçündür. Sən haqsan, Namaz haqdır, Qiyamət haqdır. Allahım, dinim islamdan, peyğəmbərim Muhamməd (s.a.s)dən razıyam. Allahım, Nəbimizə Salam olsun. Salam olsun Səni tanıtdığı üçün, Salam olsun Səni sevib, bizə də Səni sevməyi öyrətdiyi üçün. Allahım, öyrət bizə Həbibini canımızdan çox sevə bilməyi... Allahım, əgər sevdiyin qulunu özümüzdən artıq sevə bilməsək hidayət nuru qəlbimizi necə fəth edər?! Allahım, Həbibinin üzərindən Rəhmətini əsirgəmədiyin kimi bizim də üzərimizdən rəhmətini əsirgəmə... Bərəkət... Bərəkət yalnız Səndəndir. Qullarını bərəkətindən məhrum etməyən Allahım, həmd olsun Sənə...
Əssəlamu aleykum və rahmatullahi va barakatuh. Əssəlamu aleynə və alə ibadillahis salihin... Saleh qullarını Salamdan məhrum etmə. Salam olsun hər tərəfə, Salam olsun dünyamıza, Salam olsun möminlərə, Salam olsun kainata... Rəhmətinlə hər şeyi saran Rabbim, içimizi, çölümüzü Salamdan məhrum etmə.
Namaz möminin miracıdır...
Tarix: 06.01.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1181 Bölmə: Ramazan