Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYININ SON 10 GÜNÜ

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun aləmlərin Rəbbi və bizə Ramazan ayında oruc tutmağı nəsib edən Allaha.
Salat və salam olsun Onun Rəsuluna (s.a.s), eləcə də Rəsulullahın ailəsinə, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar, dəyərli oxucularımız! Ramazan ayının son 10 günü Ramazan ayının ən əsas və ən əhəmiyyətli günləri sayılır. Necəki Ramazan ayında müsəlmanlar ibadətlərini və xeyir əməllərini başqa aylara nisbətən artırırlar, Ramazan ayının da son 10 günündə müsəlmanlar, Ramazan ayının əvvəlinə nisbətən ibadətlərini daha da gücləndirməlidirlər.
Möminlərin anası Aişədən (r.a) rəvayət olunurki: "Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı" (Buxari və Müslim rəvayət etmişdir). Müslimin başqa bir rəvayətində də deyilirki: "Rəsulullah son 10 gündə o qədər çalışardıki, başqa heç bir vaxt belə çalışmazdı" Bir başqa hədisdə də Buxari və Müslim rəvayət edirki: "Peyğəmbər Ramazan ayının son 10 günündə həmişə etikaf (məsciddə qalmaq) edərdi, vəfat edənə qədər belə etmişdir."
Yuxarıdakı hədislərdən belə nəticəyə gəlirik ki;
1. Peyğəmbərimiz (s.a.s) ailəsini də bu son 10 gündə oyadardı. Ailəsinə olan rəhmətinə və məhəbbətinə görə, istəmirdiki bu 10 gündə olan xeyir və bərəkət onlara nəsib olmasın.
2. Gecələri oyaq keçirərdi. Ramazanın başqa gecələrini oyanıb namaz qılsa da, sonra bir müddətini də yatardı. Amma son 10 gündə gecəni səhərə kimi oyaq qalardı.
3. Paltarını, yəni əyninə geydiyini (tuman və ya şalvar) bərkidərdi. Alimlərin təfsirində belə gəlirki, Rəsulullar bu son 10 gündə qadınları ilə yaxınlıq etməzdi.
4. Etikaf edərdi. Yə'niki bütün günü məsciddə qalardı, ordan ayrılmazdı, heç bir yerə çıxmazdı. Bu müddətdə O (s.a.s) yalnız ibadət edərdi və qəlbini hər şeydən təmizləyərək ancaq Allah üçün çalışardı. Heç nəyin fikrini etməzdi.
Sevimli oxucularımız, görəsən niyə Rəsulullah (s.a.s) bütün bunları edərdi?! Niyə O (s.a.s.) məhz Ramazan ayının son 10 günündə belə edərdi?!
Çünki O (s.a.s), mübarək və xeyirli olan gecəni, Quran nazil olan və min aydan faydalı olan gecəni, Qədr gecəsini istəyirdi, Onun (s.a.s.) məqsədi Qədr gecəsini keçirməmək idi.
Bəli məhz Qədr gecəsini keçirməmək üçün Rəsulullah (s.a.s.) belə edərdi. O gecə ki, həmin gecəni ibadət edərək və mükafatını Allahdan istəyərək keçirən bəndənin bütün keçmiş günahları bağışlanar. O gecə ki, həmin gecə edilən ibadət Allahu Təala yanında 83 il edilən ibadət kimi yazılır.
Bu mübarək gecəni keçirmək olarmı?! Bu gecəni boşuna keçirmək necə də böyük ziyandır! İnsan, 83 il ibadətə bərabər olan 1 gecəlik ibadəti necə əldən verə bilər?! Bu gecəni ibadətlə keçirməkdən məhrum olan adam necə həsrət çəkməsin, yanmasın?
Ey müsəlmanlar, sadəcə 10 gecə oyanmaq lazımdır. Şirin yuxunu tərk edərək, əziyyətə qatlanaraq 10 gecə oyaq qalacaqsınız. Amma qəbirdə yeriniz elə rahat olacaqki, 10 gecə gözünüzə görünməyəcək.


Allah bizə Qədr gecəsini ibadətlə keçirməyi nəsib etsin! Allah bizim günahlarımızı bağışlasın!


Tarix: 06.01.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Ramazan
loading...