Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN - QURAN

Müqəddəs Quran bəzi toplumlar üçün hidayət və baş ucalığı olacaq. Onların lehinə olub, cənnətə aparan yollarını açacaq. Bəzi qövmlərin isə əleyhinə olacaq. Onlara peşmançılıq, həsrət və dərd çəkdirəcək. “De: “O, iman gətirənlərə hidayətdir və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar” (Fussilət, 44).

Bir başqa ayədə də Rəbbimiz buyurur ki; “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır” (İsra, 82).

Mömin qəlblər, Allaha inanan qəlblər üçün Quran şəfa və mərhəmətdir. O qəlblərə məlhəmdir. Onu rəhbər tutaraq mömin qəlblər yollarını işıqlandırar və azmazlar. Amma qəlbində Allaha iman olmayan, axirəti qəbul etməyən, məsuliyyət hissindən qaçan, əməllərinin qarşılığında hesab verəcəyini dərk etmək istəməyən insanlar Qurandan faydalana bilmirlər. Allaha səmimi qəlbdən üz tutmaq niyyətləri olmadığı üçün, Qurandan bir-iki cümlə oxuyan kimi əsəbləşir, hövsələsizləşirlər. Aciz olduqlarını qəbul edə bilməyib, Qurandan səhvlər və əskikliklər axtarmağa çalışırlar. Onlarla Quran arasında sanki bir pərdə olur. “Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. (Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq. Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər” (İsra, 45, 46). Hətta bəzən bunu onlar özü də etiraf edir. “Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət, 5)

Allah Təala Qurani Kərimi bütün insanlar üçün nazil etmişdir ki, onu oxuyub araşdırıb həyatlarında rəhbər tutaraq yaşasınlar. Quran da insanlığa doğru yolu göstərən hidayət mənbəyidir. Necəki Rəbbimiz buyurur; “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir” (Bəqərə, 185). Amma Rəbbimizin buyurduğu hidayət məhz Ona iman gətirən, Ona inanan, bu hidayəti uman, Ona yönəlmək istəyən insanlar üçündur. Ondan çəkinməyən, Ona iman gətirə bilməyənlərə Quranın hidayətindən heç nə çatmaz. Rəbbimiz məhz bu xüsusda bir sıra ayələr nazil etmişdir. Quranın lap başlanğıcında Rəbbimiz bildirir ki; “Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır” (Bəqərə, 2). Həmçinin Rəbbimiz buyurmuşdur ki; “Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir. Möminlərə doğru yolu göstərən rəhbər və müjdədir.” (Nəml, 2-3). Məhz Allaha inanan, Onun vədlərinə və Axirət gününə iman edən şəxslərə “Quranla xatırlat” deyə əmr etmişdir Rəbbimiz. “Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf, 45). Bir başqa ayədə: “Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!” (Yasin, 11). Həmçinin Taha surəsində: “Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik)” (Ta ha, 2-3).

Quran həyatdır, nurdur. Quran həyat verir, Quran ruh verir, canlandırır. Quransız yaşamaq sadəcə bioloji olaraq diri qalmaqdan başqa bir şey deyil. Rəbbimiz buyurur ki; “Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi?!” (Ənam, 122).

Rəbbimiz, Ona və Rəsuluna olan itaətdə həyat vardır deyə buyurmuşdur bizə Qurani Kərimdə; “Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin.” (Ənfal, 24). Həyat da, nicat da Quranladır. Quran imana aparar, iman da qəlbə həyat verər. Küfr isə qəlbi məhv edər. Rəbbimiz çox ecazkar vəsflə buyurmuşdur ki; “O, ölüdən diri, diridən də ölü çıxardır” (Rum, 19). Bir başqa ayədə də Rəbbimiz mömin bəndələrinə necə həyat verdiyini buyurur; “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (Nəhl, 97). Peyğəmbərimiz də eyni mənada möminlərə belə buyurub: “Rəbbini zikr edən şəxslə etməyənin misalı ölü ilə dirinin misalı kimidir”

Gözəl həyat və dünya səadəti, Allahın verdikləri ilə razı qalmaq, itaət və ibadətlərə olan həvəs, xeyir əməllərə sevgi və qəlbin arxayınlığı ilə olur.
İzzət Allahdandır və Allahın buyurduqları ilə izzət tapar insan. “Hər kəs izzət-qüdrət istəsə, bütün izzət-qüdrət ancaq Allaha məxsusdur.” (Fatir, 10). Allahdan başqasında izzət axtaran şəxs heç bir zaman istədiyinə nail ola bilməz. “O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. Qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, qüdrət tamamilə Allaha məxsusdur!” (Nisa, 139).

İzzət yalnız Allah təaladan ola bilər. “Sənin Rəbbin – yenilməz qüvvət sahibi olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (Saffat, 180). Bir başqa ayədə Rəbbimiz Ona iman gətirənlərin izzəti olduğunu bildirmişdir. “…Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur…” (Munafiqun, 8). Burada Ömər bin Xəttabın (Allah ondan razı olsun) məşhur bir ifadəsini xatırlamamaq mümkün deyil: “Bizi Allah İslamla izzətləndirdi, bundan başqa nədə izzət axtarsan Allah bizi zəlil edəcəkdir”

Həmçinin Rəbbimiz buyurmuşdur ki; “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.” (Ali İmran, 139). Bir başqa ayədə də; “Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!” (Muhamməd, 11). Mömin olmaq, Allahın izzətli saydığı bəndələrindən olmaq ən böyük şərəfdir.


Tarix: 06.01.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 667 Bölmə: Ramazan
loading...