“Cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi! ” Onlardan əvvəl gələnlər də buna bənzər sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir.Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi açıqcasına göstərdik ” ( Bəqərə, 118)
Allah Zahirdir, Batindir, hər şeyi Yaradan və Yönləndirən də O - dur. O həm Əvvəl, həm də Axırdır. Həyatı da Aləmlərin Rəbbi Allah yaratmışdır. Həyatımızda cərəyan edən hadisələr də O - nun əmrinə tabedir. Necə ki, sonsuz kainat Onun qüdrəti ilə idarə edilir. Və hər şey əşrəf İnsan üçün, onun oxuyaraq kamilləşməsi, müdrikləşməsi və nəhayət Rəbbinə yönələ bilməsi üçündür. Ey Adəm övladı, sənə oxu əmrini verən Yaradan Allah Onu tanıya bilmən üçün hər neməti sənin ixtiyarına vermişdir. İbrahim peyğəmbər kimi Kainatı və onu yaradan bir Ali Qüvvənin olduğunu kəşf etdinmi? İndi isə nəzərlərini özünə yönəlt. Çünki, özünü tanıyan Rəbbini tanıyar. Çünki, həddini bilən Uca Yaradana aparan yola yönələr. Xoşbəxtliyin bu yolda olduğunu dərk etdiyi üçün. Əşrəf İnsan vəzifəsinin məsuliyyəini dərk edən İnsan etdiyi kəşfin hələ başlanğıc olduğunu dərk edərək daha - daha irəli can atacaq. Oxumaq üçün. Özünü, öz missiyasını dərk edən qul ətrafında cərəyan edən hadisələrin də oxumaq üçün nazil olmuş ayələr olduğunu dərk edəcək. Bütün Kainatda baş verənlərin hadisə ayələri olduğunu dərk edərək göndərilən mesajları sevərək oxuyacaq. Və Anlayacaq ki, hər zaman olduğu kimi Onun adı ilə başlayan Oxu Ona səcdə ilə bitir. Zatən Hər zahirin arxasında bir batin yerlşdirən və batinlərdə oxumaq, düşünmək üçün zəngin hikmətlər gizlədən belə Alim Rəbbin qarşısında heyranlıqla səcdə etməmək mümkümü? Anlayacaq ki, hər sıxıntı qulu gücləndirmək üçün bir nemətdir. Bu gözəllikləri dərk edən Allah aşiqi hər halında Aləmlərin Rəbbinə həmd olsun deyəcək, gizlinlərdə gizlənən hikmətləri oxuya bilməyənlərin problemlər içində çaş - baş qaldığı, vurnuxduğu anlarda isə “ Rəbbim Allah mənə yetər” deyəcək və həqiqətən də Allahın hər şeyə, hər kəsə yetdiyi sevincini, xoşbəxtliyini yaşaya biləcək. Hər halında lə, yəni yoxdur deyəcək. “Allahdan başqası yoxdur” deyəcək və beləcə Lə ilahə illəllah - ı yaşayacaq. Necə ki, Müəllimimizin öyrətməsi ilə səhabələr lə ilahə illəllah deyib xilas oldular. Hər Allah aşiqi lə ilahə illəllah deyib xilasın yolunu tapacaq. Xilas ol. Allahın ayələrini oxu. Allahın mesajlarına gözünü, qulaqlarını, qəlbini aç. Aç qəlbini. Allah həyatımızdadır. Allahdan ayrı bir həyat yoxdur. Dinlə, düşün.
“ Göylərdə və yerdə kim varsa Ona möhtacdır. O hər gün bir işdədir.” (Rəhman, 29)
Bu ayə Yaradanın, Onun İlahi iradəsinin bəzən vəhy içərisində kəlam olaraq təcəlli etməsinə, yaxud da hadisələr içində mesaj olaraq təcəlli etməsinə bir işarə deyilmi? Hadisələr içindəki mesajlar hadisə ayələri deyilmi? Beləcə Allahın Əl -Kəlam sifəti hadisələr içində özünü göstərmiş olur. Allaha yaxınlaşmaq istəyən insanlara yol göstərən Quran ibrət götürənlərə mesajlar təqdim edən hadisələrdən danışmaqdadır. İbrətlər və mesajlarla zəngin olan bu həyat hadisələri həm Quran ayəsidir, həm də hadisə ayəsi. Həm də bu Quran qissələri Allahın sifətlərinin hər ayədə, hər hadisədə təcəlli etməsinə bir nümunədir. Adəmin bağışlanmsı Ğafur adından, Şeytanın qovalanması Qəhhar adından, Nuhun xilası Nasir adından, İbrahimin qorunması Hafiz adından, Musanın vəhy almazı Kəlam adından xəbər vermirmi?
Ey Adəm övladı, sənin zərər bildiyin hər bir şey, hikmətini dərk etmədiyin hər hadisə sənin xeyrinə yönəlmiş bir xeyrin başlanğıcıdır. Düşün... Allah Rəhmandır, Rəhimdir, Vəhhabdır. Yeri - göyü sevgidən Yaradan və qullarına bəxş edən belə bir Allah qullarına əzab verərmi?
“Əgər siz şükr etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allar şükrə qiymət verəndir, hər şeyi biləndir. ” (ən-Nisə, 147)
Məgər siz övladınızın, sevdiyinizin bir səhvini, yanlışını gördüyünüz zaman ona qəzəblənmirsinizmi, tərbiyə məqsədi ilə cəza vermirsinizmi? Bu cəza sevginizin bir sübutu deyilmi? Bəs oxumaq, təhsil almaq üçün cəzalandıran müəllimlər, tərbiyəçilər, valideynlər. Onları sevgi, yaxud sevdiklərinin daha üstün olması istəyi yönləndirmirmi?
Ey Adəm övladı, Sevgini Yaradan Allahın isə sevgi xəzinəsi daha genişdir. Yaratdığı hər neməti oxumaq üçün qullarının ixtiyarına verən Sevən, həm də tərbiyə edən Rəbb İnsanı daha üstün kamilliyə çağırmaq üçün hadisə ayələrində gizlənən mesajlarla qullarına yönəlir. Düşünün, hər addımda sizə mesajlar var. Xəstəlikdə də, itkidə də belə. Müəllimimiz öyrətməyibmi, “sədəqə ilə xəstələrinizi müalicə edin” və daha nələr ...
Allah hər şeyə Şahiddir. Öz şahidliyi özünə yetər. Kimsənin şahidliyinə ehtiyacı yoxdur. Bizim ehtiyacınmız var Onun şahidliyinə.
“Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər” (Ai-İmran, 18)
Mələklər və elm sahibləri. Bu üstün dərəcəyə qalxmaq istəməzmisən? Elə isə şahidlik, şəhadət, şahid, şəhid anlayışları haqda düşün. İbrahim kimi düşünərək Rəbbinin varlığına şahid ol. Ona şahid olanlar şəhid olurlar. Şəhidlər əbədi diridirlər. Şahid Allah sənə də şahidliyi, şəhadəti öyrətdi. Nədən lə ilahə illəllah dedikdən, yəni Allahın varlığına şahid olduğunu təsdiq etdikdən sonra, Muhammədin onun qulu və rəsulu olduğuna şəhadət verirsən? Nədən insanların əşrəfi özünə öncə qul-abd deyir, sonra Rasul? Qul olmaq doğrudanmı hər şeydən bu qədər öndədir? Nədən ucalardan uca Cəlal yiyəsi Allah səndən Rəsula şəhadət və itaət tələb edir? Nədən Rəsuluna sevgi tələb edir? Nədən Özünə yaxınlaşan yolda Rasulunun yolu ilə yürüməyi tələb edir? Gəlin birlikdə düşünək, nəyə şəhadət veririk, yəni nəyə şahid olduğumuzu bildiririk? Mən şahidəm ki, “yoxdur heç bir ilah Allahdan başqa, mən şahidəm ki, Muhamməd Onun qulu və elçisidi.” Şahidəm, əminəm, bütün varlığımla, hüceyrələrimlə şahidəm. Yaradanın qarşısında şahidlik andı. Allaha Onun varlığına əmin olduğumuza şahidlik edirk. Yəni ətrafımızda hər yarpağın, hər hüceyrənin, hər ulduzun, əzəmətli Kainatın itaət və təsdiq etdiyi, varlığına şahid olduğu Uca Yaradanın varlığına şahid olduğumuzu biz də dilimizlə qeyd edirik. Əməl və qəlb ilə şəhadət isə - yəni, Hər şeyin tək Sahibinin, tək İdarə Edəninin, möhtac olduğumuz Tək Varlığın Allah olduğunu əməllərimizlə yaşayır, qəlbimizlə duyuruqmu? Əməllərlə doğru şəhadət verməyin yollarını necə öyrənir insan? Allahın göndərdiyi insanlardan olan elçilərin həyatı, yəni onların həyat hadisələri, yəni Rasulların yaşadığı hadisə ayələrini oxuyaraq yaşamaqla. Hər Rasul “mən də sizin kimi adi bir insanam” deyərək həyatı, əməli, qəlbi, dili ilə vəhdət halında Yaradana çağırdı. Hər Rəsul öncə qul - abd olduğuna sevindi, Özlərini Yaradana ibadət – qulluq üçün yaradılmış qullar olaraq tanıtdı, sonra Hər kəsi bu qulluq xoşbəxtliyinə çağırdı. Demək, seçılmiş olmağın yolu qulluqdan – ibadətdən keçir.
Son elçi. Son Peyğəmbər. Allahın kəlamını, Haqq Sözünü, Doğru Yolunu – Dinini - insanlara çatdıran Muhamməd. Allah hər şəhadət verəni, yəni hər şahidi Həbibinin həyatını öyrənməyə çağırır. Muhammədin yolu ilə getmək, onu tanımaq deməkdir. Muhammədi sevmək, Ona itaət, Ona itaət də onu sevməkdir. Hər bir Adəm övladının həyat yolunda yaşaya biləcəyi hər hadisəni sevgili quluna yaşatdı Allah.
Düşünək... İnsanın ağır, çətin deyə biləcəyi hansı halı yaşamadı Rasul. Həyatdakı hadisə ayələrini oxumaq istəyən, asanlıqla, hüzurla yaşamaq istəyən hər şahid Allahın sevib seçdiyi Rasulunun həyatından öyrənəcək. Demək, lə ilahə illəllahı yaşamaq istəyən hər şahid bütün halilə bir Quran olan Rasulun həyatını öyrənəcək. Demək, lə ilahə illəllahı yaşamaq Muhamməd Rasulallahı yaşamaqdan, onun kimi olmaqdan keçir. Allahı tanıdın, sevdinmi? İndi isə Onun səni sevməsini diləyir, Ona yaxınlaşmaq istəyirsənsə, Muhammədi tanı, öyrən, sev. Müəllimimizin həyatını öyrənmək sənə hadisə ayələrindəki mesajları oxumağı öyrədəcək. Hər düzgün oxunulan mesaj Allaha bir addım yaxınlşmaq deməkdir. Rəbb mesajlarını oxumaq üçün göndərir. Elə isə gəlin əvvələ qayıdaq, Bəqərə surəsinin 118-ci ayəsi ilə başladıq:
"Cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi !”Onlardan əvvəl gələnlər də buna bənzər sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi açıqcasına göstərdik”
Nədən cahillər Allahın onlarla danışması üçün bir ayə göndərilməsini istədilər? Kimdir cahillər? Oxumağı bacarmayan, düşünməyi bacarmayan, təfəkkür etməyi bacarmayan. Nəyi oxumağı bacarmayan? Təbii ki, Yaradan Allahın Oxu əmrini. Çünki, Oxu əmrinə tabe olan hər şahid ətrafındakı hər yarpağın, hər ağacın, dənizin, suyun, torpağın, Kainatın və hər bir yaradılmışın bir ayə olduğunu dərk edəcək və hər bir ayənin Uca Allahdan danışdığının şahidi olaraq, O Ucalardan Uca Xaliqin qarşısında səcdəyə qapanacaq. Qəlbi, beyni, hüceyrələri, ruhu və cismi imanla dolduğu üçün Allahın ayələrini görmə və oxuma xoşbəxtliyinə nail olacaq. Kimdir cahil? Özünü tanımayan, misssiyasından xəbərsiz, fitrətindən ayrı düşmüş, yəni öz trayektoriyasından çıxmış bir mikro planet.
Allahım, Sənə sığınırıq, Səni dərk etməməkdən, ayələrinə kor və kar olmaqdan sənə sığınırıq. Allahım, cahillikdən Sənə sığınırıq. Aç qəlbimizi, hidayət nuru ilə doldur qəlbimizi. Oxumağı öyrət bizə.
Cahil insan. Nurdan məhrum olmuş insan. Ey Adəm övladı, sənin atan Adəmə mələklərin belə bilmədikləri öyrədildi. Düşün, dön öz fitrətinə, dön öz xilqətinə. Xilqətini Xaliq xəlq etdi. Nə möhtəşəm vəhdət. Oxu kainat ayələrini, İnsan ayələrini, hadisə ayələrini. Quran oxu deməkdir. Quran qiraətdir. Oxuyanlar üçün oxu kitabı. Oxumağa başlayanlar üçün Oxu kitabı. Oxuyaraq Ona səcdə etmək istəyənlər üçün yol göstərən ayələr. Oxuyaraq gözəl qul olmağın yollarını öyrədən Kitab. Qurana sarıl. Və hər zaman Kəlam sahibinə yalvar: “Ya Rabbim, Quranı mənə aç, məni də Qurana. Ya Rabbim, elmimi artır. Ya Rabbim, hər halımla Quranı oxumağı nəsib eylə. Allahım, Quranı mənə sevdir, məni də Qurana ”
Tələs...
Tarix: 06.01.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1091 Bölmə: Ramazan