Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NİYYƏTiN HÖKMÜ

Əksər oxucuları bir sual maraqlandırır. Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
Qeyd edək ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir.
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür. (Onun savabını Allah verir) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır. (İstədiyinə yalnız bu dünyada nail olur)" - Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

Daha sonra qeyd edək ki, Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidir.
Bir çox oxucuları maraqlandıran suallardan biri də Ramazan ayının hər günü üçün ayrıca niyyət etməyin şərt olub olmamağıdır. Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (Oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.
Bəs orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu necə, pozulurmu?
Əlbəttə orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.
Daha bir maraqlı sual isə belədir ki, həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib iki niyyətlə bir oruc tutmaq olarmı?
Qeyd etməliyik ki, buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.


Tarix: 06.01.2013 / 16:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Ramazan
loading...