Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VARLIQ BİR KİTABDIR - I YAZI

“Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq OL deməkdir. O, da dərhal ola.” (Yasin 82)

Yaradan, var edən Allah yaratmaq üçün sözü də yaratdı. Bütün kainata dedi: İstər - istəməz vücuda gəlin. Onlar da istəyərək gəldik, dedilər. Sevgi, rəhmət xəzinəsi geniş olan bir Rəbbin buyruğuna istəmədən gəlmək necə mümkün? Ey Adəm övladı, Kainat, günəşlər, ulduzlar, yer, səmalar, üzərində olanlar sevərək və sevinərək Uca Allahın əmrinə tələsdilər. Tələsdilər və aralarında sevən xatirinə bir sevgi bərqərar edərək gözəl bir şəkildə eşitdik və itaət etdik deyərək, Mövlanın əmrinə tabe oldular. Tabe oldular, yəni təslim oldular, yəni salam halında var olaraq müsəlman oldular. Və hər biri Rəbbi tərif etməyə başladı, durmadan, usanmadan. Aç gözlərini, ey Adəm övladı, qaldır başını, səmaya bax, nəzərlərini hər tərəfə çevir, gör kainat sənə Kimdən danışır. Gör əzəmətli Kainat necə sevir, necə təslim olaraq necə bir müsəlman həyatı yaşayır. Bəli, bütün kainat bir islamı, salamı yaşamaqdadır. Dinlə, nüvəsində sevgi yerləşən Günəşimizin ürək döyüntülərini bütün Kainat eşidir. Bütün kainatda bir musiqi səslənir. Çünki, bütün Kainat lə ilahə illəllah deyir, bütün Kainat yoxdur deyir, yoxdur Allahdan başqa tabe və təslim olacaq bir qüvvə. Bütün Kainat yaşayır. Allahın əmrlərinə tabe olmağı yaşayır. Tabe olmasaydılar, bir müsəlman birliyi yarada biməzlərdi. Toqquşmadan, çarpışmadan milyon illər salam halında necə var olardılar?

Həmd Yalnız Sənə layiqdir, Əzəmət və Güc, Qüvvət sahibi Allahımız.

Yaradanın bir “ol” əmrinə tabe, təslim olan Kainat. Təslim olmaq üçün bircə sözün yetdiyi kainat, əzəmətli qalaktikalar. “Ol” əmrini alan Kainat, Varlıq aləmi bu gün də “olmağa” davam etməktədir. Hər saniyə Varlıq aləmində milyonlarla yeni- yeni hüceyrələr, canlılar “ol” əmrinin davam etməsinə bir şahid olaraq, doğulmaqda və var olmaqdadırlar.Var omağın özü əmrə təslim olmaqdır. Rəbbini tanıyan və sevən başqa necə təslim ola bilər? Varlıq aləminin var olması özü Rəbb Allahın varlığına bir şəhadətdir. Bir sözlə, varlıq aləmi varlığı ilə Yaradan Allaha şahiddir. Varlıq aləmində var olan hər zərrə belə Allahı tanıtmaqda və O-na tərəf çağırmaqdadır. Varlıq aləmi Allahın kəlamıdır.Varlıq aləmi Allahın “OL” kəlamıdır.
Nədən, ey Adəm övladı, nədən sənə də bircə söz yetmir? Nədən, sənin haqq yola gələ bilməyin üçün, bu qədər sözlər? Söz. Bəlkə, bizlər sözdən xəbərsizik, Sözdəki qüvvədən xəbərimiz yoxdur. Bəlkə, Peygəmbərlər, Peyğəmbərlər sultanı Muhamməd, Nizami, Fizuli Sözü bildikləri, tanıdıqları üçün hər iki dünyada durmadan yaşamaqdadırlar.

Bax, Nizami nə deyir:

Anlayıb, düşünək hər şeyi gərək,
Hər sirri açmaqla hünər göstərək.
Biliyə rəqib ol, dünyanı qazan,
Yeniliklər törədən bu qoca kainatda
Sözdən incə, kəsərli heç nə yoxdur həyatda.
Düşüncənin munisi, gözəl sirdaşı sözdür,
Unutma ki, insanın əzəl sirdaşı Sözdür... .

Ey Adəm övladı, Allah səni yaratdı və OXU deyə əmr etdi. Oxu. Yaradan, əzəli Hökmdar, hər şeyi Bilən və hər şeydən Xəbərdar Allah Sənə oxumağı öyrətdi. Sən duada onunla dialoqa girirsən. Sənə şah damarından yaxın olan, qəlbinlə sənin aranda duran Yaradanına ALLAhım deyə səslənir, yalvarırsan. Allah uzaqdadır deyənlərə Allah Rəsulu, Müəllimimiz Namazı oxumağı bizə öyrətdi və “Namaz möminin miracıdır” deyə bildirdi. Bu namazı oxumaq deyilmi? Mirac qulun Allaha, yaradılmışın Yaradana mənəvi yaxınlaşmasını ifadə etmirmi? Allah quluna yaxındır. Məsələ qulun Allaha yaxın olub- olmağında deyilmi?! Gün ərzində təkrarlanan namaz qula hər gün Yaradanına nə dərəcədə yaxın olub- olmadığını aşkar edir.

Demək insana söz yetmir. İnsanları davamlı haqqa, gözəlliyə, səadətə çağıran seçilmiş insanlar, nümunələr gərəkli Və vəhy... Vəhy bizlərə necə oxumağımızı, nələri oxuyacağımızı öyrədir. Burada İnsanın beynində, qəlbində Özünü, həyatını necə inşa etməsi üçün Quran yardıma gəlir. Quran-Yaradanın kəlamı. Yaradan hər şeyi yaratmışdır. Sözü də o inşa etmişdir. Sözü anlayan canlı İnsanı da o yaratmışdır. Oxu əmrini verən Rəbb oxumaq üçün nələr yaratmamışdır. Oxu - Yaradana aparan yol deməkdir. Oxu əmrinə tabe olan insan Yaradanı tanıyacaq, sevəcək, Ona yaxınlaşacaq, Yaradanın adı ilə başlayan Oxu Yaradana səcdə ilə tamamlanır.

İnsan ALLAHı tanımaq üçün mütləq Yaradanın var etdiyi dörd ayəni oxumalıdır. Nədir ayə? Yaradanın var etdiyi hər şey, hər hadisə, hər söz. Hər varlıq öz dilində söz deyir. Hər ayənin öz dili, öz anladacaqları mövcud.

Kainat ayəsi. Kainat oxunmaq üçün yaradılmış. İnsan tərəfindən oxunmağı gözləməkdədir. Ey Adəm övladı, açıq Kitab olan Kainat səni gözləyir. Tələs... Ötən hər saniyə ömür ağacından tökülən yarpaqlardır. Ömrünün qışı uzaqda deyil, yaxındır. Oxu ki, yenidən dirilişə - yəni yaza hazır olasan. Həşr günündə oxuduqlarından imtahan ediləcəksən.

Heç bir kitab özü - özünü yaza bilməz. Hər kitabın bir yazarı var. Kainat Kitabındakı hər şey vəhyin surələri, ayələri kimi bir məna daşıyır və bir məqsədə sahibdir.

“Həqiqətən,göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da, Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan!Sən paksan, müqəddəssən! Bizi Cəhənnəm Odunun əzabından qoru! ” - deyərlər ” (Əli-İmran, 190-191)

Hər bir rəsm əsəri öz Rəssamından xəbər verir. Bizim Müsavvir Rəssamımızın, yoxdan var edən Allahımızın yaratdığı hər bir şey canlıdır, ruha sahibdir. Bu Onun Əzəmətinə, Qüdrətinə bir işarə deyilmi? Hər bir şey ən sadədən doğur. Ən sadədən doğularaq yaradılmışlar ən mürəkkəbə keçir. Yaradanın əli ilə yaradılan hər bir varlıq can qazanır, canlılıq əldə edir.
Hər şeyi ən gözəl halda, ən sadə şəkildə yaradan Rəbbimiz hər bir işdə qüdrətini göstərməkdədir. Su neməti 2 hidrogen və 1oksigendən təşkil olunmaqdadır. Yandırıb yaxan atomlar və həyat verən canlı su. Buyur, ey İnsan, nə sadə deyilmi? Buyur, sən də öz məharətini göstər. Kimi istəyirsən, hələ bir yardıma da çağır. Qurani-Kərim kimi möhtəşəm Kitab əlif, ləm, mim - dən başlayır. Nə sadə deyilmi? Buyur, sən də bacar: əlif, ləm, mim. Ən azından Bəqərə. Bəqərə kimi möhtəşəm bir surə yarada bilərsənmi. Əlbəttə, yox. Bütün insanlar və cinlər yığışsa da Yaradanın kəlamına, ayəsinə uyğun bir söz desin. Elə bir söz ki, dünya durduqca duracaq. Təbii ki, bacarmayacaqlar...

Ya Rəbbim, biz Sənin aciz qullarınıq. Rəhm, et bizə...
Canlı Kainat Allahın sifətlərini əks etdirən bir aynadır. Yağış Allahın rəhmətindən xəbər verir, bahar - rifahı, ucalığı, gözəlliyi, külək-qüvvəti, ildırım-qüdrəti, işıq-lətafəti təcəlli etmirmi?

Həmd olsun Sənə, Ya Rəbbim, həmd olsun, hər tərəfimizi nemətlərinlə zinətləndirdiyin üçün.

Rəbbimizin Kainat ayələrini doğru - düzgün oxumaq ilahi qanunları öyrədir.

“Yeddi göyü qat - qat yaradan O - dur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!” (Mülk, 3-4)

Bəli, ey bacım, qardaşım, Yaradanımızın yaratdıqlarında heç bir qüsur tapa bilməzsən. Hətta bunu axtarsan belə. Səma sənə bir nümunə, başını qaldır bax, nəzərlərin yorğun halda özünə qayıdacaq. Bəs sənin özünün nəyin var? Əməllərindən başqa nəyə sahibsən? Əlinəmi, qəlbəmi, ağılamı? Sahib olduğun hər bir şey Yaradan tərəfindən sənə bəxş edilmişdir. Sənin sahib olduğun yalnız əməllərindir, bu səbəbdən də qüsurları, səmada axtardığın çatları öz əməllərində axtar. Unutma çəkdiyin müsibətlər öz əməllərinin nəticəsidir, Allah bəndələrinə zülm edən deyil. Unutma, məhz sənin, mənim, bizim əməllərimiz ucbatından suda və quruda fəsad yaranır.

Beləliklə, Kainat ayələrini oxuyan birisi, Kainatı Yaradan və İdarə edən, Yönləndirən Allahın İdarə etmə tərzindən, yəni Rububiyyətindən dərs almış olur. O Rəbbdir. Rəbb tərbiyə edəndir, mürəbbiyədir. Tərbiyə edən Rəbb ayələri ilə qulunu, yaratdıqlarını hər an doğru yola, doğru dinə çağırmaqdadır. Yaradan Rəbbin tərbiyəsilə tərbiyələnmək istəyənlər Yaradanın təyin etdiyi qanunları, qadağaları kəşfə çıxarlar. Beləliklə, Kainat ayələrini Onun adı ilə oxuyanlar Onun Əzəməti qarşısında heyranlıqla əyilərək, lə ilahə illəllah deyib səcdəyə qapanacaq. Özünü tanıyan Rəbbini tanıyar. Çünki, İnsan da Yaradanın bir ayəsidir. Oxunmağı gözləyən Kitabdır İnsan, eynən Kainat kimi. Makro və mikro kainat. Adəm övladı yalnız mikro kainat deyil, həm də fitri vəhyi içində yerləşdirən şüurlu bir kitabdır. Yol göstərən Quranda da İnsan Kitabı haqda belə buyurulur.

“Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır. Məgər görmürsünüz? ”(Əz-Zariyat, 20-21)

İnsanın fitrətindəki sevgi və şəfqət rəhmət ayəsi deyilmi? İnsandakı qəzəb, hirs qəzəb ayəsi deyilmi? Ey İnsan, Sən Allahın şah əsərisən. Bundan xəbərin varmı? Yaradan sənə əşrəf dedi. Ey Adəm övladı, əşrəf sözünün, vəzifəsinin mahiyyətini analaya bilirikmi? Ey insan, Sən ilahi sənəti hər halılə özündə təcəssüm etdirən bir varlıqsan. İnsanın məsuliyyəti artıqca, vəzifəsi böyüdükcə qorxu hissi də artır. Məgər əşrəf adından böyük, əzəmətli bir ad, vəzifə, məsuliyyət varmı?

Əşrəf İnsan, ucalığa yol Onun adılə oxudan başlayır. Hər şey sənin fitrətinə yerləşdirilmişdir. Sənin xəmirin salam, islam, təslimiyyət ilə yoğrulmuşdur. İbadət sənin fitrətindədir. Fitrətinə tərs hərəkət edənlər, trayektoriyasından çıxmış atoma bənzəyirlər, yaxud öz orbitindən çıxmış planet. Öz orbitindən çıxmış planet məhvə məhkum olduğu kimi, fitrətinə tərs yaşayan İnsan da məhvə yol almışdır. Onun məhvi-Cəhənnəm.
Allahım, Sənə sığınırıq, məhv olmaqdan, Sənin qarşına üzü qara çıxmaqdan Sənə sığınırıq. Tut əlimizdən, yönləndir bizi. Ya Rəbb, bizləri lütfünlə tərbiyələndir.

Fitrətinə kodlaşdırılmış ayələri, qanunları yanlış istifadə edənlər Quran ayələrini fal kimi istifadə edən falçılara, aldanmışlara, məhvə düçar olanlara bənzəyirlər. Doğru yola, səadətə səsləyən ayələri özlərinə alət edənlər bəşər içində ən nankor olanları deyilmi?

Allahım, bizə əşyanın həqiqətin, mahiyyətinii göstər! Bizlərə həqiqətə, haqqa itaət, batilə üsyan ləyaqəti lütf et! Həyatımızı məhəbbətsiz, axirətimizı Cənnətsiz buraxma, Allahım! Allahım, itaəti sevdir, üsyana nifrət etdir! Rəbbim, bizə imanı sevdir, küfrə nifrət etdir.

Amin


Tarix: 06.01.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1101 Bölmə: Ramazan
loading...