Sevən Allahın sevdiyinə ilk əmri. İKRA... Oxu... Sevən birinin tələbi sevgisindən doğmurmu? O ki, qala, O sevən Həm Yaradan, həm gizlinin gizlisini bilən, həm hər şeydən xəbərdar olan, həm sevdiklərini zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə mərhəmət bəxş edən, ucalardan uca, alilərdən Ali, Gözəl Allahdırsa... Demək, Onun sevdiklərindən istədiyi yalnız onları ucaltmaq, əşrəf adına layiq etmək üçündür. Ey Adəm övladı, sənə əşrəf dərəcəsini verən Xaliqinin, Rəbbinin ilk əmrinə diqqət et...!!!
Bismillahir -rəhmanir-rəhim!
1. Yoxdan yaradan Rəbbinin adı ilə oxu!
2. O, insanı laxtalanmış qandan yaratdı.
3. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4. O Rəbbin ki, qələmlə yazmağı öyrətdi.
5. İnsana bilmədiklərini öyrətdi.
6. Xeyr, insan azğınlıq edər,
7. Özünün dövlətli olduğunu gördüyü üçün!
8. Axı, sənin axır dönüşün Rəbbinədir!
9. Gördünmü o kimsəni ki, mane olur
10. Bir bəndəyə namaz qıldığı vaxt?
11. Bir de görək, əgər o doğru yoldadırsa,
12. Yaxud qorxmağı əmr edirsə,
13. Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,
14. Məgər bilmir ki, Allah görür?!
15. Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
16. Özü də yalançı, günahkar kəkilindən!
17. Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
18. Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
19. Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və (Ona) yaxınlaş!
Rəbbinin adı ilə Oxu.
Nəyi oxu? Nədən Rəbbinin adı ilə? Nədir Onun adı?
Onun adı Rahman və Rəhim. Rəhman və Rəhimin adı ilə başlayıram oxumağa. Bismillahir Rahmanir Rahim. Özünə rəhmli olmağı yazan Rəbb yaratdı. O, Yaradandır. Yaratdıqlarını yoxdan yaratdı. “Ol” dedi, oldu. İstədiyi bir şeyin yaranması üçün Onun “ol” deməsi, hökm verməsi kifayətdir, yetərlidir. Rəhman və Rəhim yaratdı. Allah-təala hədisi qüdsidə buyurur: “Mən gizlin xəzinə idim, tanınmaq istədim, məxluqatı yaratdım. ”Yaratdıqlarını oxuması, öyrənməsi üçün oxuyan birini yaratdı. İnsanı yaratdı, ona biçim verdi, surət verdi. Musavvir Rəbb laxtalanmış qandan İnsan yaratdı. Nütfədən, laxtalanmış qandan yaranmış birinə oxumaq üçün təfəkkür verdi. Bəli, bizim Rəbbimiz ən böyük kərəm sahibidir (3). Yoxdan yaranan insan, Rəbbin sənə qələmi də öyrətdi. Laxtalanmış qandan yaranan insan, Rəbbin sənə bilmədiklərini öyrətdi. Bəli, öyrətdi, xəlif etdi.
”Sənin Rəbbin mələklərə: “Mən yer üzərində bir xəlifə yaradacağam” – dedikdə, “Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək “doğrusunuzsa, bunların adlarını Mənə bildirin” – dedi. Onlar, Sən paksan, müqədəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən – dedilər. Ey Adəm, bunların adlarını onlara bildir – dedi. Onlara bunların adlarını xəbər verdikdə: “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində və aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi? ” – buyurdu... ( Bəqərə, 31-33)
Gecə-gündüz usanmadan, yorulmaq bilmədən Rəbbinə ibadət edən mələklərə belə öyrətmədiklərini Sənə öyrətdi. Öyrətdi və oxu dedi. Oxumaq sənin yükün, vəzifən, boynundakı haqqın. Oxu, Rəbbinin adı ilə oxu. Nəyimi oxuyaq? Rəbbinin nemətlərini sayıb qurtara bilməzsiniz! Demək, qəbrə qədər oxumaq yazılmış bizə, belə ki, nə qədər oxusaq da, oxuyub qurtara bilməyəcəyik. Elə isə nəyi gözləyirik?! Haqq-hesab çox yaxındır. Ölüm mələyi hər an qapını döyə bilər, ey yoxdan, laxtalanmış qandan yaranan insan. Ətrafına bax, gözlərini aç, ağlını, qəlbinin gözünü aç! Yoxdan yaradılmış hər varlıq bir Kitabdır. Neçə-neçə açılmamış Kitablar səni gözləyir, ey laxtalanmış qandan yaranmış Xəlif. Kitablar yalnız Rəbbinin adı ilə oxunmağa başlanmalı. Rəhman və Rəhim Rəbbinin. Bəlkə, sənə mərhəmət göstərib, lütf edib elm yolunu aydınlada. Oxu, yalnız insana oxumaq və qələm öyrədildi, heyvana deyil. Xeyr, insan azğınlıq edər (6). Yox, yox azğın olan sənə İnsan olduğun səbəbilə düşmən kəsilən İblisdir. Ey Adəm övladı, sən azğınlıq edə bilməzsən. Nədən? Nədən Xəlifəlikdən rəzilliyə düşmək?! Özünün dövlətli olduğunu gördüyü üçün (7). Yox, yox özünü Səndən İblis ağıllı, üstün hesab etdi və nəticədə Rəbbinin mərhəmətindən Rəhman və Rəhim adından məhrum edildi. Son dönüşü əzab olacaq. Ey İnsan, ey oxumaq üçün yaradılmış Xəlif, axı, sənin axır dönüşün Rəbbinədir (8).
Sənin axır dönüşün Rəbbinədir. Oxu. Axır dönüşdə oxuduqlarından imtahan ediləcəksən. İmtahana hazırlaşmaq üçün oxu! Oxu! Yoxdan yaradan Rəbbinin adı ilə oxu. Fatihə kimi möhtəşəm açara yiyələn və de: 1. Rəhman və Rəhim Allahın adı ilə. Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Mərhəmətli, rəhmli olana. Haqq-hesab günümüzün Sahibinə. Biz yalnız Sənə ibadət edirik, yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olmuşların və azmışların yox!
De və xatırlat, sorğu - sualın labüd olacağı ilə laxtalanmış qandan yarananları qorxut. Səni haqdan azdıranlara uyma. Qəti uyma. Düşün, çox düşün kimdir səni haqdan uzaqlaşdıranlar. Onlara uyma. Sən yalnız və yalnız səni laxtalanmış qandan, bir heçdən yaradan, sayıb qurtara bilməyəcəyin nemətlərlə ruziləndirən Rəbbinə səcdə et və Ona yaxınlaş (19)! Axı sənin axır dönüşün Rəbbinədir (8).
Hər işini Rəhman və Rəhim Allahın adı ilə başla. Oxuya isə Səni tərbiyə edən Rəbbinin adı ilə başla... Unutma... İkra -nı unutma...
Rəbbin adı ilə başlayan Oxunun sonu Ona yaxınlaşmaqla sonuclanır.
1. Yoxdan Yaradan Rəbbinin adı ilə oxu! ... 19. və Ona yaxınlaş.
Tarix: 06.01.2013 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 831 Bölmə: Ramazan