Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏQVA EVİNİZİ SÖKMƏYİN!

Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Həmd və səna olsun aləmlərin Rəbbinə, Allahdan ümid edirik ki, Ramazan ayı ibadətlərimizi qəbul etsin, təqsir və əskiklərimizə görə qalan əməllərimizin savablarından bizi məhrum etməsin!

Allahdan diləyirik ki, Ramazan ayını keçirməyi gələn illərdə də bizə qismət etsin və hər il Ona daha çox yaxınlaşma və itaətkarlığımızı daha çox artırma şansı versin!

Allah bizim iman libasımızı Ramazandan Ramazana itirməyə qoymasın, xoşbəxt və rahat olaraq ibadət mövsümlərini qarşılayaq və yola salaq!
Möhtərəm bacı və qardaşlarım! Bir neçə gün əvvəl Ramazan bayramı idi, bu bayram münasibətilə sevinənlər çox idi, amma fərqli cəhətlərə və səbəblərə görə. Kimisi 1 ay ibadətdən sonra Allahın ona bəxş etdiyi bu bayram münasibətilə, kimisi orucdan yorulub və bezib səbirsizliklə gözlədiyi bayram günü münasibətilə, kimisi də oruc tutmasa belə bayram günü işə getməyəcəyi münasibətilə sevinirdi.

Hörmətli oxucularımız! Hər bir mömin bəndə Ramazan ayından sonra bir anlıqmı deyək, bir dəqiqəlikmi deyək, bir saatlıq, yaxud bir günlükmü deyək, Ramazan ayında keçirdiyi vaxtını hesaba çəkməlidir. Nə edib, nə etmədiyini və nə etməli olub edə bilmədiyini düşünməlidir. Əgər mömin bəndə hər bir əməlində Allah təalanın razılığını qazanmağa riayət edirsə, o həmişə özünü hesaba çəkməli və təfəkkür etməlidir. Getdi o bərəkətli və xeyirli ay, mərhəmət dolu gündüzləri, məğfirət dolu ətirli gecələrilə. Vidalaşdıq Allahın bizə bəxş etdiyi o müqəddəs ayla. Bitdi və getdi Ramazan ayı, amma əməllərimizin əsiri qaldıq, istər xeyir, istər şər olsun.

Bəs görəsən, bu əzəmətli aydan layiqincə və təqva yığaraq çıxa bildikmi?

Bəs görəsən, itaət etməyə və günahlara yaxınlaşmamağa səbr etməyi öyrəndikmi, indi də həmin səbirlə davam edərək Allah təalanın rizasını istəyirikmi?

Bəs görəsən, o ayda aclığı və zəifliyi hiss etdikdən sonra indi o aydan sonra da imkansız və acların ağrısını hiss edə bilirikmi, yoxsa artıq unutmuşuqmu?

Bəs görəsən, o ayın bərəkətli fürsətindən istifadə edərək daim çalışmağa və yorulmamağa özümüzü tərbiyə edə bilmişikmi? Şəhvət və istəklərimizin üzərində durub özümüz onu idarə etməyi bacarırıqmı? Yoxsa ay çıxan kimi yenə döndük əvvəlki çirkin adətlərimizə?

Bəs görəsən, rəhmət və mərhəmət ayında qardaş-bacılarımıza və yaxınlarımıza qarşı qəlbimizdə olan, kin-küdurət, nifrət, həsəd və paxıllığımızı silib ata bildikmi, indi qəlblərimizdə yalnız sevgi-məhəbbət daşıyırıqmı?

Çox suallar var və hamısını da praktiki olaraq cavab vermək, həyata keçirmək lazımdır.

“Sənə ölüm gələnədək Rəbbinə ibadət et” (əl-Hicr, 99)

Mömin bəndə tülkü hiyləgərliyi ilə yaxınlaşmamalıdı Rəbbinə, bir ayda ibadət edib o birisini tərk etməklə, yaxud bir yerdə itaətkar olub başqa yerdə asi olmaqla, yaxud kimlərinsə yanında ibadətini göstərib, başqaları ilə bir araya gələn kimi dəyişməklə. Rəbbimiz bütün zamanların, məkanların və hamının Rəbbidir.

Sənə əmr olunan şəkildə düzgün yolla get və həmçinin səninlə tövbə edənlər də (Hud 112)

Ona (Rəbbiniza) sarı düzgün yolla gedin və Ondan bağışlanma diləyin. (Fussilət, 6)
- Əgər Ramazan orucu bitibsə, hər ayın ortasında 3 gün, hər Bazar ertəsi və Cümə axşamı orucları, Aşura və Ərəfat gününün orucu və Şəvval ayından 6 gün oruc bitməmişdir.
-Əgər Ramazan ayındakı gecə namazları bitibsə, başqa gecələrdəki namazlar bitməmişdir.

Onlar gecənin çox az bir hissəsini yatardılar.
(əz-Zəriyat, 17).
- Əgər Ramazan ayı sədəqələri, yaxud Fitrə zəkatı bitibsə, başqa günlərdəki kömək, yardım, sədəqə, fərz olunmuş zəkat hələ durur.
- Quran oxumaq və yazılanları düşünmək yalnız Ramazan ayı üçün xas deyil.
- Saleh əməllər yalnız Ramazan ayı üçün fərz olunmayıb, əməlləri bütün başqa aylarda da davam etdirmək gərəkdir. Həmçinin namazlarını başqa aylarda keçirmək, günahlara getmək də sənə yaraşmaz, ey müsəlman! Ona görə də düzgün yolda daim addımlamaq və ondan kənara çıxmamaq gərəkdir ki, ölüm anımızın yaxşı olmasına zəmanət olsun. Çünki ölüm mələyinin başımızın üstünü nə vaxt kəsdirib duracağını bizə heç kim xəbər verməyib. Günah işlədərkən olsa, nə edəcəyik?!

Əziz qardaşım və bacım! Tövbə edib, günahlarından bağışlanma diləmisənsə, Allahla əhdini pozma, bu aylarda tövbəni unudub günahlara geri dönmə! O gözəl bərəkətli ayda itaət kərpicləri ilə tikdiyin təqva evini indi günahlar və tənbəlliklə bir-bir sökmə! Ramazandan Quran oxumağa ayırdığın vaxtları indi musiqi dinləmək, seriallara baxmaqla dəyişmə! Oruc ayı boyunca özünə dost və yaxın etdiyin Qurani Kərimdən, indi bu aylarda uzaqlaşma, yadlaşma! Sənə o cür mərhəmət ayında bütün rəhmət qapılarını açan Rəbbini indi bu aylarda unutma! Beyninə həkk et və yadda saxla ki, Ramazan ayı ibadətlərinin qəbul olunma əlaməti, sonrakı aylarda həyatını eynilə bu tempdə davam etməyindir. Əgər sonrakı aylarda günahlarını çoxaldıb və itaətlərini azaldırsansa, Allaha sığın, çünki ibadətlər qəbul olunmamış ola bilər.

Sən özün də gördün ki, Ramazan ayı boyunca itaətləri çoxalda və günahlardan uzaqlaşa bilirsən, deməli sən bunları etməyə qadirsən, iradəni özün idarə edə bilirsən. Bəs o aydan sonra dəyişirsənsə, Ramazan ayının sənə nə faydası oldu?!

Allah qorusun, amma çox təəssüf ki, çoxlarının Ramazan ayından sonra dəyişdiyini müşahidə etmək olar. Namazlarının vaxtını keçirir, boş vaxtlarında Allahın zikrindən uzaq və hətta günah əməllərlə məşğul olur, faydasız yerlərə pul xərcləyir, ailə üzvlərinə fikir vermir və s. Allahın verdiyi nemətlərə bu cürmü şükr etməliyik?!

Allah bizi doğru yoldan sapdırmasın! Onun yolu ilə getməyə, itaətdən uzaqlaşmamağa səbr təmkin versin! Allah bizləri haqq yolunda sabit etsin.


Tarix: 06.01.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 652 Bölmə: Ramazan
loading...