Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUA

Qullarını sevən Yaradan ən gözəl Rəbbdir. Allah yaratdıqlarını başıboş buraxmır, onlar daim nəzarətdədirlər, Rəbbin tərbiyəsi altındadırlar. Allahın əxlaqı ilə əxlaqlanmaq istəyən qullar, Rəbbə təslim olub hər an Onun elmindən bəhrələnməyə, tərbiyəsi ilə tərbiyələnməyə can atırlar.

Hər şeyi eşidən Yaradan qullarını sevməsi səbəbilə Ona yaxınlaşmağın, həqiqi səadətə çatmağın ən qısa, rahat, hüzur dolu yollarını göstərir. İlk öncə Uca Yaradana yaxınlaşmaq, Onu tanımaq istəyən qul Mövlasının imtahanlarından layiqincə çıxmaq üçün Onun ipindən möhkəm yapışmağa can ataraq Kitablarına sarılır. Yaradanı, Mövlası ilə ünsiyyət yaratmağa can atan qul Haqq yola işıq salan Qurana sarılır. Söz sahibi sevdiyi qullarına elçiləri vasitəsilə Ona yaxınlaşmağı belə öyrədir:

“Bəndələrim Məni Səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni Çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər... Bununla da ola bilsin ki, doğru yola yetişsinlər” (Bəqərə, 186)

Yaradan və Sevən sevdiyini dünya çirkabı, şeytan və nəfs kimi düşmənlərlə buraxarmı?! Əlbəttə, yox. Təbii, Yaradan, Hər şeyin İxtiyar Sahibi, güc, qüvvət Sahibi, Ucalardan uca Allah Əşrəf görmək istədiyi qullarını silahlandırmadan dünya keşməkeşlərinə göndərərmi? Ən güclü silahı, düşmənləri, keşməkeşləri bir anda məhv edə bilən silahdan istifadə qaydalarını bildirmədən dünyada yaşadarmı? Əsla... Yaradan Rəbb Sevimli qullarına analoqu olmayan bir silah verdi və istifadə qaydalarını belə öyrətdi.

“Rəbbiniz buyurdu, Mənə dua edin, Mən də Dualarınızı qəbul edim ” ( Mumin, 60)

Dua edin... Dualarınızı qəbul edim. Dua silahı... Kimsəyə zərər vermədən sahibinə yalnız qalibiyyət qazandıran bir silah. Nurdan bir silah, Göylərin sütunu statusunu daşıyan bir silah. Ən möhtəşəm bir silah. Bu silaha yiyələnməyən bir qulun, bir insanın dəyəri yoxdur. Böyük mənada İnsanca var olmaq, dua silahına yiyələnmək deməkdir. Bax, bu səbəbdən də Yol göstərən və yönləndirən Rəbb buyurur: “Əgər duanız olmasaydı, Rəbbinizin nə işinə yarardınız” Ey insan, düşün, bəlkə sən dua etmək üçün yaradıldın, bəlkə bu silaha yiyələnməklə, Uca Yaradana yaxınlaşa biləcək, Onun əzəməti qarşısında heyrətdən, sevincdən, qəlbini fəth edən xoşbəxtlik duyğusundan səcdəyə qapanacaqsan. Rəbbin sənə namaz öyrətdi, namaz bir dua deyilmi? Təbii, Səcdə “həddimi bildim, sənə gəldim” deməkdir. Həddini bilən özü-özünə yetərsizliyini dərk edəcək, Ona yalnız Yaradan Allahın yetdiyini anlayacaq. Beləliklə, həddini bilən Rəbbini bilər. Həddini bilən qulluğunu bilər. Qulluğunun nədən ibarət olduğunu bilən, duanı dərk edər. Dua qulluğun ən gözəl ifadəsidir. Yaradan hər zaman eşidir, hər şeyi görür, O nə yuxu bilər, nə mürgü, o hər an iş başındadır. Beləcə Yaradanını tanıyan anlayar ki, duanın məkanı və zamanı yoxdur. Çünki, duaları qəbul edən və öz şəninə layiq tərzdə cavab verən Allah onu hər an eşidir, görür, dualara müvafiq cavablar verir. Beləcə dua silahına yiyələnən qul, hər hal və şərtlərdə dua edir, yalvarır, yaxarır. Yaradan belə öyrədir:

”Rəbbinizə yalvara –yalvara, həm də gizlicə dua edin. Şübhəsiz, O, həddi aşanları sevməz! Ona həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. ”(Əraf, 55-56)

Nurdan yaranmış ruhun qidasıdır nurdan olan dua. Qəlbin ehtiyacı olan, tək Yaradanı ilə ünsiyyətidir dua. Dua dillər üstü bir dildir. Duanın dili qəlbin dilidir. Dua Qəlblə Yaradanı ilə ünsiyyətə keçdiyi an nəinki, dil, bütün hüceyrələr ona qoşulur. Bədənin hər hüceyrəsi Yaradanı ilə ünsiyyətə möhtac olduğundan bu anı sevinc və xoşbətliklə yaşayır. Kimdir müsəlman? Salamı yaşayan, Sahibinə, Yaradanına təslim olmuş hər bir yaradılmış. Bədən üzvlərimizi uca Xaliq xəlq etməmişmi? Hər hüceyrəYaradanına sevərək təslim olaraq Onun əmrlərini yerinə yetirmirmi? Ey İnsan, hüceyrlərinin haqqına girmə, cismində sevgi xatirinə sənə xidmət edən bədən üzvlərinin haqqına girmə! Onların Yaradana ehtiyacı var, onları Yaradan ilə ünsiyyətdən ayırma. Bütün hüceyrələrinlə Ona—Səni Sevənə, Yardım edənə, yeganə Dostuna müraciət et. Dua zamanı insanın bütün varlığı istəmək halında olur. Unutma, bütün əzaların, hüceyrələrin Yaradanın ali qanunlarına tabe olaraq yaşayır və yaşamaq arzusundadırlar. Əgər Yaradanın buyurduğu yolda, buyurduğu halda yürüməsən, əks yolun ağırlığı, qaranlığı altında sənə xidmət edən hər hüceyrən əziləcək və son anda əziyyət çəkən sən olacaqsan. Çünki, Allaha təslim olan mədə Yaradanın adı və razılığı ilə gələn qidaları qəbul edir. Düşün... Özünü tanı. Özünü tanıyan, həddini biləcək, həddini bilən Yaradanına yaxınlaşacaq, Yaradanına yaxınlaşdıqca yalnız bədən üzvləri, hüceyrələri deyil, bütün kainat Yaradanı tanıyan Əşrəf İnsanın xidmətində duracaq. Tələs... Əşrəf adına layiq ola bilmək üçün Var edən, Yaradan Allah Sənə Ramazan kimi bir çox fürsətlər vermiş... Oruc kimi duaların qəbul edildiyi bir hal vermiş... Tələs, dua silahını bir anlığa da olsa yerə qoyma. Unutma, bütün hüceyrələrlə həmahəng, harmoniya halında edilən duanın özü bir icabətdir, artıq məqbuldur. Bütün hüceyrələrin, qəlbin, ağlın, hər nəfəsin istəmək halında olaraq edilən duanın qəbul olub –olmadığı sual edilməz. Bu möhtəşəm vəhdət elə qəbul olunmuş duanın özüdür. Belə hal ilə dua edən qəlbə sahib olmaq, bütün duaların gətirə biləcəyi hər şeydən daha üstününə sahib olmaqdır. İnsan dua ilə istəmədən öncə, duanı istəməlidir. Duanı istəmək Allahla ünsiyyət edə bilən, Allahla danışan bir qəlb istəməkdir. Ey Adəm övladı içinə necə bir enejinin yerləşməsindən xəbərdarsanmı?! Dua silahının qət edə biləcəyi məsafəni şüurumuzda yerləşdirə bilərikmi?! Mələklərin min ildə, bəlkə də min il işıq surətinə bərabər bir zamanda qət edəcəyi məsafəni sənin qəlbindən ayrılan dua bir anda qət edir. Bir anda, bir göz qırpımında öz Sahibinə çatır. Daxilimizdə yerləşən gücdən xəbərimiz varmı?! Hansı varlıq, Yaradanına bu qədər yaxınlaşa bilmə səadətinə sahib?!

“Allah insanla Onun qəlbi arasına girər.” (Ənfal, 24)

Qəlbimiz. Ta qəlbin dərinliklərindən edilən bir dua insanın daxili enerjisini istədiyi istiqamətə göndərə bilməsi deməkdir. Yaradan tərəfindən bəxş edilmiş müəyyən enerjilərə sahib insan bütün varlığı ilə bir şeyi istər və o istiqamətə yönələrsə demək duanın yarısı tutmuşdur. Digər yarısı da Yaradanın dəstəyinə qalmışdır. Öncə Uca Yaradana Onun istədiyi, razı qaldığı şəkildə ibadət etmək, sonra yardim gözləmək. Əzəmətli Fatihə ilə Rəbbimizin öyrətdiyi kimi Ona müraciət edəcəyik: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik.” Demək, öncə Onun buyurduğu dini Onun razı qalacağı şəkildə yaşamalı, sonra da yalnız O deyib yardım gözləməliyik. O isə elə bir varlıqdır ki, bir şeyin olmasını istədiyi zaman “OL” deməsi kifayətdir. Dua ağlın bitib sevginin, eşqin başladığı bir haldır. Səlim qəlbi ilə dua edən insan ağıl sərhədindən, sevgi sərhədinə keçər. Keçdiyi an silahına tam yiyələnərək, lazımi hal ilə dua edə bilər. Bu an dua qəlbin Allahla söhbəti olur. Şah damarından yaxın olan mərkəz, şah damarından yaxın olanla ünsiyyətə keçər. Söz bitər, sözsüz anlaşma başlayar. Cəsət bitər, ruh başlayar. Bu tələb məqamıdır, istək məqamıdır. Dua ən möhtəşəm qüvvəsi, enerjisi, mükəmməl Nur halı ilə Əhəd, yəni tək olan Allahın dərgahına çatar. Eynən Hz. İbrahimin, İmranın qadını Hz. Hannənin, Hz. Zəkəriyyənin duası kimi. Hz Zəkəriyya xidmətində durduğu Hz. Məryəmə baxıb içindəki övlad həsrəti titrədi, bütün hüceyrələri ilə istəmək halını yaşadı və “Rəbbim! ” -dedi, - “Dərgahından mənə təmiz bir nəsil ver! Şübhəsiz sən duaları eşidənsən! Sevgi halında, hüceyrələri ilə vəhdət halında duaya sarıldı. Anında qəbul edildi və özünə bildirildi. Amma, bu dəfə Hz. Zəkəriyyə Rəbbinə belə sualla yönəldi: “Rəbbim, mənim bir oğlum necə ola bilər? Axı, mən ixtiyar yaşındayam, zövcəmsə qoca qarı? ”

Allahım! Sən nə böyüksən. Allahım, əfv et bizi. Səni Sənə layiq tərzdə tərif edə bilmirik. Sən, Sən Nə qədər ucasan.
Zəkəriyya övlad istərkən eyni halda idi. Amma, o an ağıl sərhədindən, eşq sərhədinə keçmiş, istəmək halına daxil olmuşdu. Bütün hüceyrələri, bütün qəlbi ilə. Məgər yaşından xəbərsizdimi? Amma duası qəbul edilincə “Axı bu necə olur?” –deyə sual verən də özü idi, bu halı ilə övlad istəyən də. Bu fərqli iki münasibət eyni insandan gəlirdi. Lakin eyni yerdən deyil, eyni hal ilə deyil. Hz. Zəkəriyyə duanı eşq sərhədində istədi, sualı ağıl sərhədində verdi. Dua budur. Belə olmalı deyilmi?

Müəllimimiz, Nur yolunda bələdçimiz Allahın Rasulu Muhamməd (s.a.s) bizlərə “dua ibadətlərin beynidir” deyə öyrətdi. Subhanəllah, dua ibadətlərin beynidir, özəyidir, özüdür, iliyidir. Əslində ibadətlər duanın müxtəlif halları deyilmi? Zəkat ibadəti sərvətlə olan dua, oruc ibadəti bədənlə dua, cihad ibadəti canla dua, yaxşılığı əmr, pisliklərdən çəkindirmə dillərimizlə, halımızla dua, elm ibadəti zehnimizlə duadır. Bəs ibadət nədir? Duaya güc verən daxili qüvvə deyilmi? İbadət Allaha aparan yol, dua Allahla ünsiyyət. Dinin tək Sahibindən Onun dinini diləyir, İbadətdə və yardımda Ona şərik qoşmamaq barədə əhd bağlayır, sonra Həqiqi nemətə yönələrək, Həqiqi nemətlər içində yaşayaraq nemət Sahibinə şükürlər edərək Həqiqi SALAMı yaşaya bilirik.

Həmd olsun Aləmlərin Rəbbinə. Həmd olsun bizləri sevən, hər halımızla nura qərq etmək istyən Uca Allahımıza.

“Bəndələrim Məni Səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər”
(Bəqərə, 186)

Ey qul, sənə şah damarından da yaxın olanı bilmən üçün, özünə gəl, özünü tanı, içinə yönəl, həddini bil. Özünü bilən Yaradanını bilər. Yaradanını bilən namaz duasına yönələr, namaz duasını yaşayan heyranlıqdan rukuya gedər, rukunun heyranlığını yaşayan sevgi səcdəsinə qapanar. Sonra, sonra əlləri ilə dua edər. Çünki hər işımizi əllərimizlə işləyirik. Əllərimiz, Allahın yaratdığı qoşa, fiziki bir duadır. Onlarla etdiyimiz hər şey fiziki duamızın bir parçasıdır. Dua anında Ona tərəf qaldırdığımız əllərimizlə “Ya, Rabb! Bu əllərlə etdim! ”- demiş oluruq.

Ya Rəbbim, ey yardımçım, əlimdən gələni etdim, gəlməyəndən Sənə sığınıram. Ya Rəbb əllərim mənə yetmir, yetmədi! Tut əllərimi, buraxma məni! Sənə ehtiyacım var. Sənsiz bir heçəm! Sən mənə yetərsən! İbrahimin “ Sən mənə yetərsən” söylədiyi kimi mənə də söylət bu haqqı, mənə də yaşat bu haqqı! ”Allahım, bizlərə də İbrahim əxlaqı nəsib eylə.


Tarix: 06.01.2013 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3063 Bölmə: Ramazan
loading...