Ramazan ayının daxil olmasını yalnız Fəcr vaxtı çıxdıqdan sonra eşitmək.
1.Sual: Yatıb qalmaq və ya başqa səbəbə görə Ramazan ayının daxil olmasını yalnız Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adamın orucunun hökmü nədir?
Cavab: Ramazan ayının daxil olmasını Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adam həmin günü oruc tutmalıdır. Lakin həmin günün əvəzinə bir gün qəza tutmalıdır. Çünki o, Ramazan orucunu tutmaq üçün niyətini fəcrin açılmasına qədər etməli idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinin birində buyurulur: "Kim Fəcrdən öncə oruc tutmağı niyət etməzsə onun orucu düzgün sayılmaz". Bu rəyi əl-Muvaffəq İbni Qudamə (əl-Muğni) kitabında nəql etmişdir və bu rəy əksər fiqh alimlərinin rəyidir. Deyilən şərt fərz oruclara aiddir. Nafilə orucları isə, fəcrdən sonra qidalanmamaq şərti ilə, gündüz vaxtı da niyət etmək olar.
(Şeyx: Əbdül Əziz İbn Bəzz).
Orucu müvəqqəti yaşadığın dövlət ilə bərabər tutmaq.
2.Sual: Ramazan ayının daxil olması Səudiyyə Ərəbistanı və ya başqa hansısa bir müsəlman ölkəsində elan edilib, amma mən yaşadığım dövlətdə isə hələ Ramazan ayının daxil olması elan edilməmişdir. Belə halda biz nə etməliyik. Səudiyyə ilə oruc tutaq, yoxsa yaşadığımız ölkə ilə oruc tutaq və onlarla da iftar edək? Həmçinin Ramazan ayının bitməsində də onlara tabe olaqmı? Ümumiyyətlə iki dövlət arasında belə ixtilaf olduqda nə etməli?
Cavab: Müsəlmana yaşadığı ölkə ilə birlikdə oruc tutmaq və onlarla da iftar etmək vacibdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc, oruc tutan gününüz, iftar, iftar edən gününüz, qurbanlıq da qurban kəsən gününüzdür". Allah doğru yola yönəldəndir!
(Şeyx: Əbdül Əziz İbn Bəzz).
Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü.
3.Sual: Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü nədir? Xüsusən bəzi ictimai yerlərdə bu kimi hadisələr daha çox baş verir?
Cavab: Əgər kişinin qadınla söhbətindən məqsəd ləzzət və şəhvət deyilsə və Ramazan ayında oruclu halda bilmədən əli ilə qadına toxunarsa bunun oruca təsiri yoxdur. Yox əgər qadınla söhbətdən məqsəd ləzzət almaqdırsa bu həm Ramazan həm də qeyri vaxtlarda qadağandır.
(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).
Ramazan ayı gecə vaxtı içki içənin orucunun hökmü.
4.Sual: Bir nəfər içki bəlasına düşmüş, hətta Ramazan ayı gecə vaxtı da içki içir. O gecə içki içir bəs onun gündüz vaxtı tutduğu orucun hökmü nədir?
Cavab: Allah təalənin buyurduğuna görə içki içmək ən böyük günahlardandır. "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə: 91).
Içki həm Ramazanda həm də digər vaxtlarda haramdır. Lakin Ramazanda içmək daha çox haramdır. Onu içən kimsə tez bir zamanda içkidən əl çəkməli, etdiyinə peşman olub, bir daha o günaha qayıtmayacağına söz verməli və Allaha tövbə etməlidir. Amma Ramazan ayı gecə vaxtı içki içib, gündüzlər oruc niyəti ilə yemək içmək və digər iftar etdirən amillərdən çəkinib oruc tutan adamın orucu doğrudur.
(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).
Oruclu olarkən gündüz vaxtını yatmaqla keçirmək.
5.Sual: Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir?
Cavab: Bu sual iki məna daşıyır:
Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şək yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Əgər həmin adam camaat namazına getməlidirsə onda getmədiyinə görə əlavə günah da qazanır. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.
Ikinci adam oyanıb fərz namazlarını vaxtında camaatla qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr. Ona görə mən belə adama tövsiyə edirəm ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükrlər olsun ki, O bizə günümüzdə orucun məşəqqətini azaldan: kondisioner və s. - nemətlər vermişdir.
Tarix: 05.05.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 441 Bölmə: Ramazan