Ramazan insanlığa açılmış ilahi bir kreditdir.
Siz Ramazandan nə gözləyirsinizsə onu da əldə edərsiniz.
Ramazana “kökəlmə ayı” gözü ilə baxanlar kökələrlər. Onlar Ramazandan kökələrək çıxarlar. Ramazana “pəhriz ayı” gözü ilə baxanlar pəhriz saxlayarlar. Ramazanın onlara verəcəyi incə bir vücud, kiçilmiş bədən ölçüləridir.
Ramazana festival gözü ilə baxanlar festivallarda olduğu kimi Ramazandan həzz alarlar. Vur partlasın, çal oynasın əhval ruhiyyəsi ilə qarşıladıqları Ramazandan onlara həzz və nəşələri qalar.
Ramazana Quran vəhyini bizə ərməğan edən ilahi bir kredit olaraq baxanlar isə, onu “kamil insan”ın tərbiyə edilməsində möhtəşəm bir fürsət bilərlər. Kamil insan; yəni yeməkxana, yataqxana, dəstəmazxana və iş arasında gününü bitirməyə razı olmayan insan. Qiyməti deyil, dəyəri olan insan…
Ramazan, qəlblərinin dağılan yerlərini yamamaq, ağıllarının təhrib olan yerlərini təmir etmək, daxili dünyalarının dəliklərini tutmaq, şüurlarının pozulan yerlərini düzəltmək, iradələrinin itirilən hissəsini tapmaq, şəxsiyyətinin əskilən yerlərini bərpa etmək üçün bir fürsətdir.
İnsan bu. Yəni “nisyan”, yəni “unutqan varlıq”. Özünü unudar, məsuliyyətini unudar, mövqeyini unudar, dəyərini və həddini unudar.
Hislənir, paslanır, kirlənir, eroziyaya uğrayır. Başqa sözlə insanın da illik bir baxıma ehtiyacı var. Daha doğrusu acmış ruhlar doydurulmazsa, mənəvi ölümlər başlayar. İnsana mədəsinin aclığını xəbər verən enzimlərdir. Mədə ac olduğunu bu enzimlər vasitəsi ilə beyinə ötürür. İnsan ac olduğunu dərk edərək yemək axtarmağa başlayar.
Fəqət insan ruhunun aclığından mədəsinin aclığı qədər asan xəbər tutmaz. Çünki ruhun ənzimləri yoxdur. Bir çoxları mənəvi ölümlə üz-üzə gəldikləri halda belə ruhlarının aclığından xəbər tutmazlar.
Quranın bir ifadəsi var: “Geyindirilmiş odunlar” Quran bu ifadəni nifaq və başqa onun kimi səbəblərə görə içi boşaldılmış, çölü içindən daha dəyərli hala gəlmiş, ağaclar kimi içindən çürümüş insan tipləri üçün istifadə edir. Onlar əlbisəsi özündən baha olan, içini satıb çölünə yedirmiş dildə insan olan tiplərdir.
Ramazan insanın içinin boşaldılmasına qarşı alınmış ilahi tədbirlərdən yalnız biridir. İnsanlara bir müddət də olsa xarici dünyalarını daxili dünyalarının arxasına atmağı təlqin edir. Ruha nəzarəti, bədənə nəzarətdən əvvələ keçirməyi təlqin edər.
Ramazan sosial olaraq, insanın sahib olduqlarının Allah tərəfindən ona imtahan üçün əmanət edilmiş dəyərlər olduğunu xatırladır. Paylaşa bilənlər bu imtahanı verə bilənlərdir. Könlünü Ramazana açanlar əlini və qapısını da yoxsula açar.
Ramazan məhz bütün bu yönü ilə insanlığa açılmış ilahi bir kreditdir.
Bu krediti bəziləri yel əsib dəyirman sovururcasına boşuna xərcləyər, bəziləri də alıb onu artan mənəvi bir sərmayə halına gətirər, yoxsullaşan daxili dünyasını onunla
zənginləşdirər.
Şəxsiyyətini inkişaf etdirər. Duyğu və düşüncəsini əyarını yüksəldər. Müsəlmanlar hər Ramazanı toplumlarının yarasını sarımaq üçün bir səfərbərlik zamanı hesab etməlidirlər. Sadəcə ac və yoxsulların yardımına deyil, eyni zamanda din və iman baxımından da fəqirləşmiş insanların yardımına yetişməlidirlər.
İnanc yoxsullaşması, maddi yoxsulluqdan daha qorxulu nəticələrə varır.
Beynəlxalq təşkilatlardan maddi yardım ala bilərsiniz. Lakin din və iman səfalətinə düçar olmusunuzsa hansı beynəlxalq təşkilatın qapısına gedəcəksiniz
İnanc yoxsulluğunu yalnız iman, əxlaq və ləyaqət zənginliyi ilə dəf edə bilərsiniz. Bax, Ramazan o zənginliyin qaynaqlarından biridir.
Tarix: 06.01.2013 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 488 Bölmə: Ramazan