Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazanda Gecə Namazı [Qiyamu-l Leyl və yaxud Təravih]

Əbu Hüreyra (Allah ondan razı olsun) deyir: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bizə əmr, vacib etmədən Ramazanda gecə namazını qılmaq üçün bunu etməyə bizi təşviq edərdi. Sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: Kim Ramazanda gecə namazını imanla və ihtisabla (savabını Allahdan umaraq) qılarsa onun bütün keçmiş günahları bağışlanar.

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dünyasını dəyişdikdə məsələlər bax bu cür (yəni, təravih namazını camaat ilə tərk etmiş vəziyyətdə) idi və Əbu Bəkrin (Allah ondan razı olsun) xilafəti dövründə bu cür qaldı və Ömər ibn Xəttabın (Allah ondan razı olsun) xilafətinin başlanğıcına kimi bu cür davam etdi.

Amr ibn Murra əl-Cühəni demişdir: Qüdaadan bir kişi Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) yanına gələrək dedi: Ey Allahın Elçisi! Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, sənin Allahın Rəsulu olduğuna şəhadət etsəm və gündəlik beş namazlarımı qılsam, Ramazan ayının orucunu tutsam və Ramazanda gecə namazlarını qılsam və zəkat versəm, nə düşünürsən? Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: Kim bu hal üzrə vəfat edərsə siddiqlərdən (sadiqlərdən) və şəhidlərdən sayılar.

QƏDR GECƏSİ VƏ VAXTI

Ramazanda ən fəzilətli gecə Qədr Gecəsidir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: Kim Qədr Gecəsinə iman və ihtisab ilə (savabını Allahdan umaraq) namaz qılmağa qalxarsa və (Qədr Gecəsinə çatarsa, üst-üstə düşərsə, isabət edərsə), bütün keçmiş günahları əfv edilər

Ən üstün rəyə əsasən Qədr Gecəsi Ramazanın 27-ci gecəsinə düşür. Hədislərin əksəriyyəti buna dəlalət edir. Bu hədislərə misal olaraq Zur ibn Hübeyş hədisini göstərmək olar. O deyir: Mən Übey ibn Kabın belə söylədiyini eşitdim və ona Abdullah ibn Məsudun belə söylədiyini bildirdilər: Kim Sünnəyə riayət edərsə Qədr Gecəsinə isabət edər! Übey, (Allah ondan razı olsun), dedi: Allah ona rəhmət etsin, o insanların buna biganə qalmasını, laqeyd yanaşmasını və sadəcə bir gecə ibadət etmək üçün oyanmasını istəmirdi. Özündən başqa ibadətə layiq haqq məbud olmayana and olsun ki, Qədr Gecəsi Ramazandadır. O heç bir istisna etmədən and içirdi və Allaha and olsun ki, bunun hansı gecə olduğunu bilmirəm. Bu elə bir gecədir ki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bizə gecə namazını qılmağı əmr etmişdir. Qədr gecəsi səhəri iyirmi yeddinci gün olan gecədir və nişanəsi, əlaməti budur ki, günəş həmin sabah ağ, şüasız olur.Digər bir rəvayətdə bu Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) nisbət edilir.Müslim və digərləri rəvayət ediblər.

GECƏ NAMAZINI CAMAAT İLƏ QILMAĞIN İCAZƏLİ OLMASI

Gecə namazını camaat ilə qılmaq şəriətdə icazəlidir. Həqiqətən də, gecə namazını camaat ilə qılmaq fərdi şəkildə qılmaqdan daha yaxşıdır. Çünki, bunu Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) özü etmişdir və bunun fəzilətlərini bəyan etmişdir. Əbu Zərr (Allah ondan razı olsun) deyir: Biz Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) ilə Ramazanda oruc tutduq və (Ramazanın qurtarmasına) yeddi gün qalmış (Peyğəmbər) (Ona Allahın salavatı və salamı olsun) gecə namazlarında əsla imamlıq etmədi, sonra gecənin üçdə biri keçdikdə namazda bizə imamlıq etdi. Ramazanın bitməsinə altı gün qalmış bizə qiyamda (gecə namazında) imamlıq etmədi. Beş gün qaldıqda gecənin yarısı keçdikdən sonra imamlıq etdi. Mən dedim: Ey Allahın Rəsulu, istəyim budur ki, sən gecənin sonuna kimi bu cür etməyə davam edəsən. O dedi: Əgər bir kəs imam namazı bitirənə qədər onunla namaz qılarsa, bütün gecəni namaz qılmış kimi sayılar. Dörd gecə qaldıqda namazda bizə imamlıq etmədi. Üç gecə qaldıqda öz ailəsini, zövcələrini və camaatı bir yerə topladı və bizə gecə namazında imamlıq etdi. O vaxta qədər davam etdi ki, biz qorxduq ki, fələhə çatmayaq. Mən soruşdum: Fələh nədir? O dedi: Səhur. Sonra ayın qalan hissəsində gecə namazında imamlıq etmədi. Səhih hədisdir. Sünən müəllifləri təxric etmişdir.

PEYĞƏMBƏR NƏ ÜÇÜN GECƏ NAMAZLARINDA CAMAATA DAVAMLI ŞƏKİLDƏ İMAMLIQ ETMƏMİŞDİR

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) camaata gecə namazlarında ayın qalan hissəsini imamlıq etmədi, çünki qorxurdu ki, bu namaz camaata vacib edilə bilər və sonra onlar bunu yerinə yetirməkdən aciz qalarlar. Necə ki, bu barədə Səhiheyndə (Buxari və Müslim) və digərlərindən Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə bildirilir. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) ölümündən sonra bu qorxu artıq aradan qalxdı. Çünki Allah təala şəriəti kamil etdi. Ramazanda camaat ilə gecə namazını qılmamaq üçün səbəb artıq qüvvədən düşdü və öncəki hökm, yəni camaat ilə gecə namazlarını qılmaq, qüvvədə qaldı. Odur ki, Ömər bu ənənəni canlandırdı. Necə ki, Buxari və digərləri bunu rəvayət edirlər.

QADINLAR GECƏ NAMAZINI CAMAAT İLƏ QILA BİLƏRLƏR

Yuxarıda iqtibas edilən Əbu Zərr hədisində bildirildiyi kimi qadınlar namazda iştirak edə bilər. Həqiqətən, kişilər üçün təyin olunan imamdan başqa, yalnız qadınlar üçün olan imam təyin etmək olar. Ömərin (Allah ondan razı olsun) gecə namazını qılmaq üçün camaatı bir yerə toplayıb Übey ibn Kabı imam təyin etdiyi, həmçinin qadınlara imamlıq etmək üçün isə Süleyman ibn Əbi Həsməni imam təyin etdiyi sübuta yetirilib. Ərfəcə əl-Səqafi deyir: Əli ibn Əbi Talib (Allah ondan razı olsun) Ramazanda gecə namazlarını qılmaq üçün camaata bunu əmr edərdi və kişilər üçün bir imam, qadınlar üçün isə başqa bir imam təyin edərdi. Mən qadınlar üçün namazda imamlıq edirdim.

Mən deyirəm: Məscid kifayət qədər böyük olub insanlar bir-birinə maneçilik törətmədikcə bu cür etmək məncə əladır.

QİYAMDA (GECƏ NAMAZINDA) RƏKƏTLƏRİN SAYI

Rəkətlərin sayı on birdir və bizm rəyimiz budur ki, bu sayı keçməmək Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) nümunəsinə tabe olaraq tərcih olunandır. Çünki o (Ona Allahın salavatı və salamı olsun) ömründə, dünyadan ayrılana qədər bu saydan artıq etməmişdir. Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Ramazanda necə namaz qıldığı barədə soruşduqda o belə demişdir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) nə Ramazanda, nə də başqa bir ayda (gecələr) on bir rəkətdən artıq namaz qılmazdı, (əvvəlcə) dörd rəkət qılardı ki, bu rəkətlərin (necə) gözəl və (nə qədər) uzun olduğu barədə heç soruşma. Sonra (yenə) dörd rəkət qılardı ki, bu rəkətlərin (necə) gözəl və (nə qədər) uzun olduğu barədə heç soruşma. Sonra da üç rəkət qılardı”. Aişə (Allah ondan razı olsun) davam edib dedi: “Mən: “Ey Allahın Elçisi, vitr namazını qılmamış yatırsan?”-deyə soruşdum. O buyurdu: “Ey Aişə, mənim gözlərim yatsa da, qəlbim yatmır.”

Buxari, Müslim və digərləri rəvayət edirlər.

Kimsə bu saydan az, hətta vitr namazını bir rəkət qılmaqla da yetinə bilər. Çünki Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əməli və sözü buna dəlildir.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əməlinə dair: Aişədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) vitr namazında yerinə yetirdiyi rəkətlərin sayı barədə soruşduqda belə cavab vermişdir: O (Ona Allahın salavatı və salamı olsun) dörd və üç, və yaxud altı və üç, və ya on və üç rəkət vitr qılardı. O heç vaxt yeddidən az və yaxud on üç rəkətdən çox qılmazdı.

Əbu Davud, Əhməd və digərləri rəvayət edir.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bu barədə sözünə dair: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: Vitr haqqdır, odur ki, kim istəyirsə beş rəkət və kim də istəyirsə üç rəkət vitr qıla bilər, kim istəyirsə bir rəkət qıla bilər.

GECƏ NAMAZINDA QURAN OXUMAQ

Gecə namazında Quran oxumağa gəldikdə, istər Ramazanda, istərsə də digər vaxtlarda olsun, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bunun üçün bir hədd təsbit etməmişdir və yaxud həddən artıq çox və həddən artıq az olduğunu bildirməmişdir. Onun qiraəti fərqli olurdu, bəzən uzun, digər vaxtlar isə qısa oxuyardı. Bəzən hər rəkətdə “Yə əyyuhəl müzəmmil” surəsi qədər, 20 ayə, oxuyardı. Bəzən əlli ayəyə bərabər oxuyardı. O (Ona Allahın salavatı və salamı olsun) belə deyərdi: Kim gecə yüz ayə oxuyub namaz qılarsa qafillərdən yazılmaz. Digər hədisdə deyilir: ...iki yüz ayə oxuyarsa sadiqlərdən və müxlis möminlərdən yazılar.

Xəstələndikdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) gecə namazlarında yeddi uzun surə oxudu: Bəqərə, Ali İmran, Nisa, Maidə, Ənam, Əraf və Tövbə.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) arxasında namaz qılan Hüzeyfə ibn əl-Yəməni hekayətində, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir rəkətdə Bəqərə, Nisa və Ali-İmran surəsini yavaş və tərtillə oxumuşdur.

Ömərin (Allah ondan razı olsun) Übey İbn Kaba Ramazanda camaata on bir rəkət namaz qıldırmağı əmr etdiyi ən səhih isnadlar ilə sübuta yetirilib. Übey yüzlərlə ayə oxuyardı, belə ki, onun arxasında camaat gecə namazı uzun qılındığından əsalarına söykənərdilər. Namazı sübhə az qalmış ancaq bitirirdilər.

Həmçinin səhih əsərdə rəvayət olunur ki, Ömər Ramazanda qariləri çağırdı və onlardan ən sürətli oxuyana otuz ayə, orta sürətlə oxuyana iyirmi beş ayə və ən yavaş oxuyana isə iyirmi ayə oxumağı əmr etdi.

Bununla belə, bir kəs gecə namazını təkbaşına qılırsa, namazı istədiyi qədər uzada bilər. Əgər digər camaat fərdləri imam ilə razılaşırsa, imam namazı istədiyi qədər uzada bilər. Namaz nə qədər uzun olarsa, bir o qədər yaxşıdır. Lakin ifrata varmamalı və bütün gecəni qiyamda keçirməli deyil, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) nümunəsini götürərək nadir hallarda bu cür etmək olar. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir:
“Yolların ən xeyirlisi Muhəmmədin (Ona Allahın salavatı və salamı olsun) yoludur.” Kimsə camaata imamlıq edirsə ona tabe olan insanlar üçün necə rahatdırsa o qədər uzada bilər. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizdən kimsə namazda camaata imamlıq edərsə, namazı qısa tutsun. Çünki, onların arasında kiçiklər, yaşlılar və zəiflər və təcili ehtiyacları olanlar var. Lakin təkbaşına qılarsa, istədiyi qədər uzatsın.”

GECƏ NAMAZINI QILMANIN VAXTI

Gecə namazını qılmaq üçün vaxt işadan fəcrə qədər davam edir. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah sizin üçün daha bir namaz əlavə etmişdir, bu vitr namazıdır. Bu namazı işa ilə fəcr namazı arasında yerinə yetirin.”

Kim bacarırsa gecənin sonunda namaz qılmaq daha əfzəldir. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim gecənin sonuna oyana bilməyəcəyindən qorxursa, vitr namazını gecənin əvvəlində qılsın, lakin kim gecənin sonuna oyana biləcəyini düşünürsə, vitr namazını gecənin sonunda qılsın, çünki gecənin sonunda mələklər namaza şahidlik edir və bu daha əfzəldir.

Gecənin əvvəlində camaat ilə namaz qılmaq ilə gecənin sonunda təkbaşına namaz qılmaq arasında bir seçim etmək ilə üzləşərsə, camaat ilə namaz qılmaq əfzəldir. Çünki camaat ilə namaz qılmaq bütün gecəni namaz qılmış kimi sayılır.

Ömərin (Allah ondan razı olsun) dövründə səhabələr bax bu cür etmişdirlər. Əbdürrəhman Əbdülqari demişdir: Ramazanda bir gecə Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) ilə məscidə getmişdim və camaat ayrı-ayrı qruplar şəklində səpələnmiş idi, hər kəs özü üçün təkbaşına namaz qılırdı. Bəziləri namaz qılır və onların arxasında bir dəstə camaat isə onlara qoşulurdu. Ömər dedi: Düşünürəm ki, bu camaatı bir qarinin rəhbərliyi altında birləşdirsəm, əla olar. Sonra bu barədə qərar verərək camaatı Übey ibn Kabın imamlığında bir araya topladı.Növbəti gecə mən onunla getdim və camaat bir qarinin arxasında namaz qılırdılar. Ömər dedi: Bu necə də gözəl yenilikdir (lüğəvi mənada). Onların yatıb və əldən buraxdıqları, yəni gecənin ikinci hissəsi, onların etdiklərindən daha yaxşıdır. Camaat gecə namazını gecənin əvvəlində qılırdılar.”

Zeyd ibn Vəhb demişdir: Abdullah ramazanda namazda bizə imamlıq edirdi və namazı gecə vaxtı qurtarırdı.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) vitr namazını üç rəkət qılmağı qadağa etmişdir və səbəbini bu cür açıqlamışdır: “Vitr namazını məğrib namazına oxşatmayın.” Odur ki, kim vitr namazını üç rəkət qılmaq istəyirsə məğribdən fərqləndirmək üçün bunun yolunu tapsın.

Bunu etmək üçün iki yol var:

1. İlk iki rəkətdən sonra salam vermək. Bu daha güclü və daha əfzəldir.
2. İlk iki rəkətdən sonra oturmamaq. (Yəni, fasilə vermədən üç rəkət qılmaq)

Ən doğrusunu Allah bilir.

VİTRİN ÜÇ RƏKƏTİNDƏ QURAN OXUMAQ

Birinci rəkətdə “Səbbih ismi Rabbikəl Ə`la”, ikinci rəkətdə “Kəfirun”, üçüncü rəkətdə isə “İxlas” surəsini oxumaq sünnətdir. Bəzən həmçinin “Fələq” və “Nəs” surələrini oxumaq olar.

Səhih hədisdə rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) vitr namazının bir rəkətində Nisə surəsindən 100 ayə oxudu.

QUNUT DUASI

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) nəvəsi Həsən ibn Əliyə (Allah ondan razı olsun) öyrətdiyi duanı oxumaqla qul özünü Rəbbinin qarşısında təvazökarlığını nümayiş etdirə bilər.

Allahumməihdini fimən hədeytə [Ey Allahım hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver!]

Və afini fimən afeytə [Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et!]

Və təvalləni fimən təvalleytə [Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et!]

Və bərik li fimə ə`teytə [Mənə əta etdiklərini bərəkətli et!]

Və qıni şərra mə qadeytə [Qərar verdiyin şeylərin şərrindən məni qoru]

Fəinnəkə təqdi və lə yuqda aleykə [Hər şeyə Sən qərar verirsən Sənin üçün isə qərar verilməz]

Və innəhu lə yəzillu mən valeytə [Dost qəbul etdiyin kimsə zəlil olmaz]

Və lə yə`izzu mə adeytə [Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz]

Təbarəktə Rabbənə və təaleytə [Ey Rəbbimiz Sən xeyirxahsan və ucasan!]

Lə məncə minkə illə ileyk [Sığınacağımz ancaq Sənədir]

Bəzən Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) salavat söyləmək olar və sünnədən məlum olan digər gözəl,səhih duaları əlavə etməkdə heç bir xəta yoxdur.

Rükudan sonra Qunut oxumaqda və yaxud kafirlərə lənət etməyi əlavə etməkdə, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) salavat söyləməkdə və ramazanın ikinci yarısında müsəlmanlar üçün dua etməkdə heç bir xəta yoxdur. Çünki Ömərin (Allah ondan razı olsun) dövründə imamların bu cür etdiyi sübuta yetirilib. Yuxarıda zikr olunan Əbdürrəhman ibn Übeyd əl-Qari hədisinin sonunda deyilir: Yarıda kafirlərə lənət oxuyaraq deyərdilər:

Allahummə qaatil əl-kəfərətə əlləzinə yəsuddunə an səbilik [Allahım, insanları Sənin yolundan azdırmağa cəhd edən kafirləri məhv et]

Və yukəzzibunə rusulək və lə yu-minunə bi və`dik[Allahım, Sənin elçilərini inkar edən və Sənin vədinə (Qiyamət Gününə) inanmayanları məhv et]

Və xaalif beynə kəlimətihim [Allahım onların sözlərini bir etmə, parçala]

Və əlqi fi qulubihim ru`b[Allahım onların qəlblərinə qorxu sal]

Və əlqi a`leyhim riczəkə və a`zəbək iləəh əl-həqq[Öz qəzəbini və cəzanı onlara göndər, Ey Haqq İlah]

Sonra o Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) salavat söyləyər və nə qədər bacarırdısa bir o qədər müsəlmanlar üçün xeyirli dua edər və möminlər üçün bağışlanma diləyərdi.

Kafirlərə lənət edib, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) salavat söylədikdən sonra, mömin kişi və mömin qadınlar üçün bağışlanma diləyər və öz ethiyacları üçün dua edərək deyərdi:

Allahummə iyyəkə nə`budu [Ey Allahım, Biz yalnız Sənə ibadət edirik]
Və ləkə nusalli və nəscudu [Sənin üçün namaz qılır və Sənə səcdə edirik]
Və ileykə nəs`a və nəhfidu [Sənə doğru can atır və qulluq etməyə tələsirik]
Və nərcu rahmətəkə [Sənin mərhəmətini diləyirik]
Rabbənə və nəxəfu əzabəkə əl cədd [Sənin əzabından qorxuruq]
İnna əzabəkə limən adeytə mulhəq. [Əlbəttə əzabın kafirlərə yetişəcək]

Sonra təkbir deyib səcdəyə gedərdi.

VİTR NAMAZININ SONUNDA NƏ DEMƏK LAZIMDIR?

Vitr namazının sonunda (salamdan öncə və sonra) aşağıdakıları söyləmək sünnətdir.


Allahummə inni əuzu birıdakə min səxatikə [Allahım Sənin qəzəbindən razılığına sığınıram]
Və bimuafatikə min uqubətikə[Sənin cəzandan Sənin əfvinə sığınıram]
Və əuzu bikə minkə [Səndən Sənə pənah aparıram]
Lə uhsi sənaən aleykə [Səni lazımınca tərif edə bilmərəm.]
Əntə kəmə əsneytə alə nəfsikə [Sən Özün Özünü tərif etdiyin kimisən]

Vitr namazının axırında salam verdikdə belə deyirdi:

Sübhanəl-Məlikil-Quddus, [Müqəddəs Hökmdar pak və müqəddəsdir]
Sübhanəl-Məlikil-Quddus, [Müqəddəs Hökmdar pak və müqəddəsdir]
Sübhanəl-Məlikil-Quddus, [Müqəddəs Hökmdar pak və müqəddəsdir]

Hecaları uzadar və üçüncü dəfə söylərkən səsini yüksəldirdi.

VİTRDƏN SONRA İKİ RƏKƏT

Vitrdən sonra iki rəkət namaz qılmaq olar. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bu cür etdiyi sübuta yetirilib. Həqiqətən də , o demişdir: “Bu səfər yorucu və məşəqqətlidir, odur ki, sizdən kimsə vitr namazını qıldıqdan sonra, qoy iki rəkət qılsın. Əgər oyansa bu əla, əks halda bu iki rəkət onun lehinə yazılır.

Bu iki rəkətdə “Zəlzələ” və “Kafirun” surələrini oxumaq sünnətdir.

Şeyx Əlbaninin “Qiyam Ramadan” kitabından götürülüb.


Tarix: 04.05.2013 / 18:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Ramazan
loading...