Bismilləhir-Rəhmanir-Rəhim
Həmd olsun O Allaha ki, Kitabı (Qur'anı mə'nasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! (Əl-Kəhf surəsi 1-ci ayə). Həmçinin həmd olsun aləmlərin Rəbbi olan O Uca Allahaki bizi müsəlman olaraq yaratdı, bizə haqq yolunu göstərdi, bizə Muhəmmədi (s.a.s) göndərdi. Salat və Salam olsun Ona (s.a.s), Onun (s.a.s) ailəsin, qohumlarına, yaxınlarına və səhabələrinə.
Mübarək və müqəddəs Ramazan ayında müsəlmanların çoxu Qur'ani Kərimə xüsusi əhəmiyyət verir, savab qazanmaq üçün onu çox oxuyur, ayələrdə gələn mənaları dərindən anlamaq üçün təfsirləri ilə maraqlanırlar. Çünki Ramazan ayı xeyir və bərəkət ayıdır, bu ayda ibadətləri və xeyir əməlləri çoxaltmaq lazımdır.
Məhz Ramazan ayında Qur'ani Kərimin xüsusi yeri var. Allahu Təala Əl-Bəqərə surəsinin 185-ci ayəsində buyururki: ((İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur'an) ramazan ayında nazil edilmişdir.)) Cəbrayıl (ə.s) bu ayda Peyğəmbərimizə (s.a.s) Qur'ani Kərimi öyrədərdi, Onunla bir yerdə oxuyardı.
Qur'ani Kərimin bə'zi fəzilətlərini sizə çatdırmaq istərdik:
>> Qur'ani Kərim hidayətdir; Qur'ani Kərim bunu Əl-Bəqərə surəsinin 2-ci ayəsində vəsf etmişdir və demişdirki o, müttəqilər üçün hidayətdir. Allahdan qorxanlar (müttəqilər) Qur'ani Kərimin ayələri və mənası ilə hidayət taparlar. Şirk, cəhalət və günahların zülmətindən çıxaraq, tövhid, elm və itaət nuruna girərlər. Onlar Qur'ani Kərimdən elə hidayət taparlar ki, bu onların dünyası və axirəti üçün saleh olar. Necəki Allahu Təala Əl-İsra surəsinin 9-cu ayəsində belə buyurur: ((Həqiqətən, bu Qur'an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən mö'minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!))
>> Qur'ani Kərim ən böyük ibrətdir; Qur'ani Kərimdə gələn bütün ibrətlər, dərslər, moizələr və hekayələr ən faydalı olanlardandır. Allahu Təala bu haqda belə buyurmuşdur: ((Ya Rəsulum!) Biz bu Qur'anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin.)) (Yusif surəsi 3-cü ayə)
>> Qur'ani Kərim şəfadir; (((Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö'minlərə hidayət və mərhəmət (Qur'an) gəlmişdir!)) (Yunus surəsi, 57-ci ayə). Qur'ani Kərim sinələrdə olan şəkk-şubhəni, qəlbləri və bədənləri dağıdan xəstəlikləri sağaldır. Lakin bu şəfanın faydasını yalnız möminlər görə bilərlər. ((Biz Qur'andan mö'minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.)) (Əl-İsra surəsi 82-ci ayə). Həmçinin başqa bir ayədə də belə gəlmişdir: (((Ya Rəsulum!) De: "O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır.)) (Fussilət surəsi 44-cü ayə)
>> Qur'ani Kərim, yəhudilərin və xristianlar haqqında və onların tarixindən ən düzgün xəbərlər vermişdir. Necəki xristianlar İsa (ə.s) və onun anası haqqında ixtilafda olmuşlar, yaxud da Peyğəmbərlərin gəlişi haqqında yaranmış ixtilaflar barədə. ((Həqiqətən, bu Qur'an İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir. Və şübhəsiz ki, o mö'minlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir.)) (Ən-Nəml surəsi 76-77 ayələr). Kitab əhlinin ağlı və dərrakəsi olsaydı öz keçmiş tarixləri haqqında ən doğru məlumatı, özlərinə lazım olan ən düzgün xəbəri BU kitabdan götürərdilər. Allahu Təala buyururki: ((Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə'rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.)) (Fussilər surəsi 42-ci ayə.)
Lakin kitab əhli bunu necə edə bilərki, indiki zamanda müsəlmanlar azmış və kitab əhlinin yoluyla getməyə başlamışlar. Halbuki kitab əhlinin ən doğru xəbərləri müsəlmanlardadır.
>> Qur'ani Kərim, dünyadakı elmlərin bir çoxuna toxunmuşdur. Həmin elmləri ya açıq-aydın, ya bir işarə ilə, ya da başqa bir yolla qeyd etmişdir. Hətta bir çox elmi məlumatlar varki, məsələn, insan, heyvan, bitki, yer kürəsi, dənizlər, sular, kosmos və sairə, Qur'ani Kərimdə əsrlər əvvəl gəlmişdir, amma bunu alimlər yeni-yeni kəşf etməyə başlamışlar, axtarışlar hələ də davam edir. Qur'ani Kərimin bu fəziləti bir çox kafirlərin İslamı qəbul etməsinə də səbəb olmuşdur. Allahu Təala Ən-Nəhl surəsinin 89-cu ayəsində buyururki: ((Biz Qur'anı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!)) Həmçinin Əl-Ən'an surəsinin 38-ci ayəsində buyurulmuşdurki: ((Biz Kitabda (Qur'anda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik)). Bu iki ayədən görünürki, bütün bəşəriyyətin islahı üçün Qur'ani Kərimə dönmək kifayətdir. Əlbəttə, Qur'ani Kərimə tabe olan Peyğəmbərimizin də (s.a.s) tabe olacaqdır, çünki Allah Qur'anda bunu əmr edir.
>> Qur'ani Kərimin sözləri asan və səlisdir; Onu oxuyan, mənalarının aydınlığını, sözlərinin asanlığını hiss edə bilər. Əl-Qəmər surəsinin 17-ci ayəsində Allahu Təala buyururki ((And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!)) Məryəm surəsində də 97-ci ayədə buyurulurki: (((Ey Muhəmməd!) Biz (Qur'anı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan.))
Tarix: 06.01.2013 / 16:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 768 Bölmə: Ramazan