Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayı təşrif buyurub...xoş gəlib

Əbu Hüreyra (Allah ondan razı olsun) rəvayət edir kİ. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları isə bağlanar. Azğın şeytanlar zəncirlənər. Bu ayda elə bir gecə var ki, min aydan xeyirlidir və kim bunun xeyrindən məhrum olarsa, həqiqətən də o məhrum qalmışdır.”

Əhməd, 9213; Nəsai, 2106; Şeyx Əlbani “Səhih ən-Nəsai”də, (1992) hədisi səhih olaraq təsnif edib.

Bu hədis Ramazan ayının qədəm qoyması münasibətilə Allahın saleh bəndələrinə xoş müjdələr gətirir. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Səhabələrinə (Allah onlardan razı olsun) xəbər verir ki, bu ay artıq gəlmişdir. Lakin, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onlara yalnız xəbər verməklə kifayətlənmir, daha doğrusu bu əzəmətli münasibət barədə onlara xoş müjdə verir. Nəfislərini bu aya hazırlaşdıran salehlər tərəfindən bu ayın qədri lazımınca bilinir, qiymətləndirilir. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Allah təalanın bu ayda bağışlanmasına və Onun razılığına nail olmaq üçün buyurulan vasitələr, səbəblər barədə xəbər vermişdir. Bu səbəb və vasitələrin sayı çoxdur və kim Ramazan ayında əvf olunmaq fürsətini əldən verərsə, əsl məhrum olan kəs odur. Allah təalanın Öz bəndələrinə olan səxavəti və nemətindəndir ki, bu böyük münasibəti, fürsəti onlar üçün hazırlamışdır. Bununla Allahın qulları ibadətlər etmək və böyük əcr qazanmaq üçün yarışmaq imkanı əldə edirlər.

Həqiqi şəkildə nemətləndirilən o kəsdir ki, ayların, günlərin və saatların əksəriyyətindən böyük fayda, səmərə əldə edər və bu vaxtlarda buyurulan ibadətləri etməklə Rəbbinə daha da yaxınlaşar. “Orucluq barədə hədislər, səh.13, Əl-Fəuzan,”

Ramazan gəlib. Bu ayda cənnətin qapıları açılar və cəhənnəmin qapıları kilidlənər. Səbəbi-daha doğrusunu Allah bilir-budur ki, Ramazanda bol-bol xeyir hasil olur və insanlar əvf olunmaq və Allahın razılığını qazanmağa nail olmaq üçün səbəblərə daha çox baş vururlar. Odur ki, yer üzündə şərr, fitnə-fəsad azalır. Belə ki, şeytanlardan azğın olanları zəncirlənir və müsəlmanlar oruc tutmaqla, Quran oxumaqla, Allahı yad etməklə, zikr etməklə və müxtəlif saleh əməllər etməklə və gözəl sözlər söyləməklə məşğul olurlar.

İbn əl-Arabi (Allah ona rəhmət etsin) demişdir: “Cənnətin qapıları insanların ümidlərini artırmaq üçün açılır ki, insanlar buna nail olmaq və bir-birinə səbiri təşviq etmək üçün bunun üzərində çalışaraq, səy göstərərək diqqətlərini buna yönəltsinlər. Cəhənnəmin qapıları kilidlənir ki, günahlar azalsın və pis əməllərin əvəzini xeyirxah əməllər tutsun və cəhənnəm oduna aparan yolun qarşısı alınsın.”

Bütün bunlar bu mübarək ayda nə qədər günahkar, asi insanların tövbə edərək Allaha dönməsi, Allaha ibadət və itaət etməkdə həris olması, məscidlərə getməsinin səbəbini bizə açıqlayır, məlum edir.

Ramazan qapılarımızı döyür və carçı səslənir: “Ey xeyir istəyən, davam et. Ey şərr istəyən, geri çəkil.” Elə isə bu çağırışa cavab verin, ey Müsəlmanlar! Xeyirxah əməllər etməyə tələsin.

Ramazan insanın ömür hekayəsində özünəməxsus bir yer tutur. Bu aydan ən çox istifadə edən, gecələrini namaz qılmaqla, dua etməklə, gündüzlərini isə oruc tutub Quran oxumaqla, sədəqə verməklə, qohumluq əlaqələrini saxlamaqla, elm əldə etməklə və saleh əməllər etməklə keçirən kəs həqiqətən də nemətə nail olmuşdur.
Saleh əcdadlarımız, Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) silahdaşları və haqq yolunda onlara itaət edənlər Ramazan ayına böyük diqqət yetirmiş və Ramazanın gəlişi münasibətilə çox sevinirdilər. Onlar Allaha dua edərdilər ki, gələn Ramazanı görmək üçün onlara yaşamaq nəsib etsin. Daha sonra isə Allaha dua edərdilər ki, etdikləri oruc və ibadətləri onlardan qəbul etsin.

Onlar Ramazan günlərini oruc tutar, oruclarına xələl gətirəcək, batil edə biləcək hər bir şeydən və yaxud boş-boş, mənasız söhbətlərdən, əylənmək, qeybət qırmaq, söz gəzdirmək və yalan danışmaq kimi orucun savabını azaldacaq əməllərdən onu qoruyub hifz edər, keşiyini çəkərdilər. Onlar Ramazanın gecələrini gecə namazları və Quran tilavəti ilə doldurardılar. Kasıblara və miskinlərə, ehtiyacı olanlara sədəqə verməklə onların qeydinə qalar, onlarla xoş davranar, onları yedirtər və iftar etmək üçün onlara yemək verərdilər.

Allaha ibadətdə əllərindən gələni edərdilər və cihadda islamın düşmənlərinə qarşı vuruşar, Allahın razılığını qazanmaq üçün döyüşərdilər ki, Allahın Kəlamı uca olsun və bütün din Allaha aid edilsin.

Böyük Bədr döyüşü Ramazan ayının 17-də baş vermişdi. Bu döyüşdə müsəlmanlar düşmənləri üzərində qələbə çalmışdılar.

Məkkənin Fəthi Ramazan ayının 20-də gerçəkləşmişdi. İnsanlar o vaxt Allahın dininə dəstə-dəstə daxil oldular və Məkkə İslamın mərkəzi oldu.

Ramazan ayı tənbəllik və yatmaq ayı deyil, əksinə bu ay cihad, ibadət və əməl etmək ayıdır.

Odur ki, bu ayı sevinc və fərəh hissi ilə qarşılamalı və bunu qeyd edərək, ehtiram göstərməliyik.

Axı necə ola bilər ki, biz bu ayda səy göstərməyək?! Halbuki, Allah təala bu ayda oruc tutmağı bəndələrinə fərz etmiş, onlara gecə namazları qılmağı buyurmuş, bu ayda Qurani Kərimi nazil etmişdir ki, insanları hidayət etsin və onları zülmətlərdən nura çıxarsın.

Cənnətin qapılarının açıldığı, cəhənnəm qapılarının bağlandığı, şeytanların zəncirləndiyi, saleh əməllər üçün veriləcək əcr, savabların qat-qat artdığı və insanların məqam, dərəcəsinin Allah qatında yüksəldiyi, günahların bağışlandığı belə bir ayda necə sevinməyə bilərik?

Nə qədər ki, yaşayırıq, sağlam və gəncik bu fürsətdən maksimum istifadə etməli və həyatımızı Allaha ibadət və itaətə həsr etməklə sürməliyik.

“(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.” əl-Əhzab 33:71

Bu mübarək ayın gəlişi ilə bu fürsətdən maksimum istifadə edərək, hər zaman etdiyimiz günah və pis əməllərdən səmimi bir şəkildə tövbə etmək, bütün ömrümüz boyunca davamlı şəkildə Allah itaət etmək, Onun əmirlərinə boyun əymək və qadağan etdiklərindən çəkinmək üçün Rəbbimiz olan Allah ilə əhdimizi təzələməliyik ki, heç bir var-dövlət, oğul-uşağın fayda verməyəcəyi və yalnız Allaha səlim bir qəlb gətirəndən başqasının fayda verəcəyi bir Gündə uğur qazananlar ilə bir səffdə olaq.
Cəər Allah, səh.6 “Ramazan Məktubları Məcmusu”.


Tarix: 04.05.2013 / 18:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Ramazan
loading...