Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZANIN SONUNCU ON GÜNÜNÜN FƏZİLƏTİ

İtaət edənlərə savab verən, şükr edənlərə bol ehsan edən ALLAH`a həmd olsun. Fəzilətinin artmasını diləyərək və nemətlərinə görə Ona həmd edirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki yoxdur. RƏBB`imizin zatı nə uca, adları və sifətləri nə müqəddəsdir. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Onu seçmiş və üstün qılmışdır. O, ayaqlarının altı yarılana qədər RƏBB`inə ibadət etmişdir. ALLAH Ona, pak ailəsinə, seçkin səhabələrinə, tabiinə və gecə ilə gündüz onlara tabe olanlara xeyir-dua etsin.

Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun. Çünki, ALLAH`dan layiqincə qorxmaq möminlərin yolu və salehlərin xüsusiyyətidir. Qiyamət günü xilas və fəlah yalnız onunladır. Hər an və hər yerdə Ondan layiqincə qorxun. Bütün əməllərinizdə ALLAH`dan qorxun ki, bəlkə xilas olasınız. Sizləri iman ilə hidayətə çatdırdığı və bu böyük mövsümə qovuşdurduğu üçün ALLAH`a şükr edin. ALLAH (Subhanahu va Taala) bu dəyərli ayı böyük fəzilətlər və xüsusiyyətlərlə digər aylardan üstün qılmışdır. Bu ayda insanlara yol göstərən, doğrunun və doğrunu səhvdən ayırmanın açıq dəlilləri olan Quranı nazil etmişdir.

Bu, əvvəli rəhmət, ortası bağışlanma və sonu cəhənnəmdən xilas olma ayıdır. Kim bu ayda inanaraq və qarşılığını ALLAH`dan gözləyərək oruc tutarsa, keçmiş günahları bağışlanır. Kim də bu ayın gecəsində inanaraq və qarşılığını ALLAH`dan gözləyərək ibadətə qalxarsa, keçmiş günahları bağışlanır. Bu, Rəsulullahdan (Sallallahu aleyhi və səlləm) “səhih” olaraq rəvayət edilən bir hədisdə bildirilmişdir.

Ey ALLAH`ın qulları! Bu ayın ən fəzilətli günləri və gecələri son onuncu gündür. Son on gün də bu ayın ən üstün günləridir. Son on gecəsi bütün ilin ən üstün gecələridir. Rəsulullah (Sallallahu aleyhi və səlləm) bu on gündə daha çox ibadət edir, saleh əməlləri qat-qat artırırdı. Başqa vaxt etmədiyi qədər müxtəlif ibadətlərlə ALLAH`a (Subhanahu va Taala) yaxınlaşmağa çalışırdı. Aişənin (radiyallahu anha) belə buyurduğu rəvayət edilir:

“Rəsulullah (Sallallahu aleyhi və səlləm) Ramazanın son on günü gəldiyi zaman gecəni dəyərləndirir, ailəsini oyandırır, ibadətə çalışır və xanımlarına yaxınlaşmazdı” (əl-Buruc surəsi, 85/8.)

ALLAH`ın (Subhanahu va Taala) dəyərini ucaltdığı, və Peyğəmbərə (Sallallahu aleyhi və səlləm) vəhy nazil etməklə şərəfləndirdiyi Qədr gecəsinin bu gecələrdə olması onlara şərəf və üstünlük olaraq kifayətdir. O gecədə ibadət, Qədr gecəsinin xaricində edilən min gecənin ibadətindən daha xeyirlidir. O gecə, bərəkəti və xeyirləri bol gecədir. O gecədə qullar üzərinə Rəbbani fəzilətlər və ilahi nemətlər enir. Qulun imanında səmimi olduğunun və ALLAH`ın (Subhanahu va Taala) onu müvəffəq qıldığının bir işarəsi də, həmin mübarək gecələri saleh əməllərlə, müxtəlif ibadətlərlə, ALLAH`ın (Subhanahu va Taala) önündə boyun əyərək və Ona tövbə edərək bu mübarək gecələri dəyərləndirməsi, bu gecələrin bərəkətinə qovuşmağı ümid etməsidir. Fəzilətinin dəyəri və savabının böyüklüyü o həddə çatmışdır ki, ALLAH (Subhanahu va Taala) bu gecələrdə gözəl niyyət və səmimi şəkildə ibadətə qalxanın bütün keçmiş günahlarını və xətalarını bağışlayır. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Qədr gecəsində inanaraq və qarşılığını ALLAH`dan gözləyərək ibadətə qalxanın keçmiş günahları bağışlanır.” (əl-Buxari. Muslim.)

Rəsulullah (Sallallahu aleyhi və səlləm) son onuncu günün tək gecələrində və ya bu dəyərli ayın qalan son yeddi günündə Qədr gecəsini axtarmağı ümmətinə tövsiyə etmişdir. Abdullah ibn Ömərdən ? Rəsulullahın (Sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət edilir:

“Onu (Qədr gecəsini) Ramazanın sonuncu on günündə axtarın.” (Muslim.)

Başqa rəvayət isə bu şəkildədir:

“Onu axtaran son yeddi gündə axtarsın.”

Möminlərin anası Aişə (radiyallahu anha), Rəsulullaha (Sallallahu aleyhi və səlləm) Qədr gecəsinin nə zaman olduğunu bildikdə, o gecədə necə dua edəcəyini soruşur. Rəsulullah (Sallallahu aleyhi və səlləm) ona belə deməsini bildirir:

“Ey ALLAH`ım! Şübhəsiz ki, Sən çox bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla!”

Ey möminlər! ALLAH`ın (Subhanahu va Taala) sizlər üçün hazırladığı, yaxşılıqların artırıldığı və günahların bağışlandığı fəzilətli zamanları və mübarək mövsümləri, sizləri ALLAH`a (Subhanahu va Taala) yaxınlaşdıracaq və Onun rizasına aparan ibadətlərlə dəyərləndirin. Xüsusilə sizlər, ALLAH`ın (Subhanahu va Taala) şərəf verdiyi və ibadəti fərqli və daha fəzilətli qıldığı bu Harəmi Şərifin kölgəsindəsiniz. Burada qılınan namaz başqa yerlərdə qılınan yüz min namaza bərabərdir. Burada hər saleh əməlin savabı dəfələrlədir. Ey möminlər! Burada sizin üçün məkanın fəziləti və zamanın şərəfi bir birlikdə verilmişdir. Bu çox əhəmiyyətli və dəyərlidir. ALLAH (Subhanahu va Taala), bunları ehsanı və fəzilət kimi sizlərə təqdim etmişdir. Müvəffəqiyyətin və doğru yolda olmağın, bəsirətin və sağlam görüş sahibi olmağın bir əlaməti də müsəlmanın bu Rəbbani fəzilətləri və ilahi nemətləri saleh əməllərlə dəyərləndirməsi, xeyirli əməllərə tələsməsi, namaz, oruc, sədəqə, yaxşılıq və ehsan, yoxsullara və yetimlərə şəfqət göstərmə kimi ibadətləri layiqincə yerinə yetirməsi, çox tavaf və istiğfar etməsi, gecə və gündüz ALLAH`ı (Subhanahu va Taala) zikrə davam etməsidir. Şübhəsiz ki, ALLAH`ı (Subhanahu va Taala) zikr etmək nəfsləri təmizləyir, qəlbləri genişlədir və rahatlıq verir. ALLAH (Subhanahu va Taala) belə buyurur:

“…Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız ALLAH`ı zikr etməklə aram tapar!” (ər-Ra`d surəsi, 13/28.)

Dəyər baxımından zikrin ən xeyirlisi və ALLAH (Subhanahu va Taala) dərgahında əcri ən böyük olan ALLAH`ın (Subhanahu va Taala) Kitabını oxumaqdır. Onun önündən və arxasından batil gəlməz. O, hikmət sahibi və tərifə layiq ALLAH (Subhanahu va Taala) tərəfindən nazil edilmişdir. Rəsulullahın (Sallallahu aleyhi və səlləm) sünnəsindən biri də Ramazanda, başqa vaxtlarda oxuduğundan daha çox Quran oxumasıdır. Cəbrail ? Ramazanda Onun yanına gəlir və Quranı təkrar edirdi. Rəsulullah (Sallallahu aleyhi və səlləm), ALLAH`ın (Subhanahu va Taala) Kitabını oxumağın fəzilətini və savabının böyüklüyünü bu şəkildə izah etmişdir:

“Kim, ALLAH`ın Kitabından bir hərf oxusa, ona bir savab vardır və hər savab on mislaylədir. “Əlif, ləm, mim” bir hərfdir demirəm. Əksinə deyirəm ki, “əlif” bir hərf, “ləm” bir hərf, “mim” də bir hərfdir.” (ət-Tirmizi. O, bu hədisin “sahih” olduğunu bildirir. )

Ey ALLAH`ın qulları! İnsanlara, xüsusilə də varlılara xatırladılacaq cəhətlərdən biri də zəkatlarına diqqət yetirmələridir. Çünki, zəkat, dinin rüknlərinin ən mühümlərindən, şəriətin ən gözəl cəhətlərindən biridir. ALLAH (Subhanahu va Taala) zəkatı böyük faydalarına görə fərz qılmışdır. Zəkat, nəfslərin və qəlblərin təmizlənməsınə, malların artmasına səbəb olur. O, möminlər arasındakı, sevginin və qardaşlığın ən böyük amillərindən olub, müsəlmanlar arasında ictimai həmrəyliyin ən böyük göstəricisidir. Ey Möminlər! Zəkatlarınızı səmimi niyyətlə, xeyir diləyərək və tam olaraq çıxarın. Zəkat verdiklərinizə minnət qoyub, əziyyət verməyin və təkəbbürlük etməyin. ALLAH (Subhanahu va Taala) belə buyurur:

“Mallarını ALLAH yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. ALLAH istədiyi insan üçün bunu qat-qat artırır. ALLAH (lütfü ilə) genişdir. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını ALLAH yolunda sərf edənlərin RƏBB`i yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (əl-Bəqərə surəsi, 2/261-262.)

Bu fərzi və ALLAH`ın (Subhanahu va Taala) fərz qıldığı digər ibadətləri tam olaraq yerinə yetirin. Zəkatda və bütün saleh ibadətlərinizdə niyyətinizi ALLAH (Subhanahu va Taala) üçün edin. Çünki, ibadətə riyakarlıq və özünü göstərmək kimi cəhət qarışsa, bu əməlin boşa getməsinə və qəbul edilməməsinə səbəb olar. Qüdsi bir hədisdə Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“ALLAH buyurur ki, “Mən, şərik qoşulanların şirkdən ən uzaq olanıyam. Kim bir əməl işləsə və ona mənimlə birlikdə başqa birini şərik qoşsa, onu və şirkini tərk edərəm.” (Muslim və digərləri.)

Ey ALLAH`ın qulları! ALLAH`dan qorxun. Bu ayın qalan günlərini və gecələrini ALLAH`a (Subhanahu va Taala) ibadətdə və Onun rizasını qazanmaqda, Onun lütfünə və ehsanına nail olmaqda yarışaraq dəyərləndirin. Bəlkə qul, RƏBB`inin nemətlərindən birinə nail olar və bu səbəblə ALLAH`a (Subhanahu va Taala) yaxınlaşanların dərəcəsinə çatar, heç bir qorxusu olmayan və üzülməyən ALLAH (Subhanahu va Taala) dostlarından sayılar. Günahlardan, istək və şəhvətlərə boyun əyməkdən, vaxtlarınızı ALLAH`ın (Subhanahu va Taala) zikrindən və ibadətdən uzaqlaşdıran batil əyləncələrlə boş keçirməkdən çəkinin. Bunlar sizə qarşı ALLAH`ın (Subhanahu va Taala) qəzəbini artırır və RƏBB`inizə qovuşduğunuz zaman yerinə yetirmədiklərinizə peşman olursunuz.

Ey möminlər! RƏBB`inizə boyun əyərək yalvarın! Günahlarınızın və xətalarınızın bağışlanmasını, cəhənnəmdən azad olmağı diləyin!

“…Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən insan muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.” (Ali İmran surəsi, 3/185.)

Qovulmuş şeytandan ALLAH`a sığınıram.

“ALLAH`ın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (ALLAH yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki, (ALLAH) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (ALLAH) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür müqabilində bol nemət əta edər)” (Fatir surəsi, 35/29-30.)

ALLAH (Subhanahu va Taala) məni və sizləri böyük Quran və Peyğəmbərin (Sallallahu aleyhi və səlləm) sünnəsi ilə faydalandırsın. Bu sözümü deyir, böyük ALLAH`dan (Subhanahu va Taala) özüm üçün, sizlər və bütün müsəlmanlar üçün hər cür günahdan bağışlanma diləyirəm. Siz də Ondan bağışlanma diləyin! Şübhəsiz ki, O, bağışlayan və mərhəmət edəndir.

ALLAH`a həmd olsun. Ona həmd edir və Ondan yardım diləyirik. Ondan bağışlanma diləyir və Ona tövbə edirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq. ALLAH kimi hidayətə yönəltsə, onu heç kim azdıra bilməz, kimi azdırsa, ona hidayət edən olmaz. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə, əshabına və Ona tabe olanlara xeyir-dua etsin.

Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun. Ona itaət etmək və rizasına qovuşmağa çalışın. Siz rəhmət və təsəlli ayı olan bu dəyərli ayın kölgəsində olduğunuz zaman dünyanın hər tərəfindəki, din qardaşlarınızı xatırlayın. Onlar böyük müsibətlərə uğradılar və faciələrə düçar oldular. Azğınlığın və işğalçı zalımların hakim olduğu vətənlərində bu faciələr çox baş verdi. Xalqlar vətənlərindən qovulub ətrafa səpələndi, dəyərləri tapdalandı, insanlar hər cür təzyiq və cəzaya məruz qaldılar.

“Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan ALLAH`a iman gətirdiklərinə görə intiqam alırdılar.” (Buruc, 8)

“Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!” (ət-Tövbə surəsi, 9/10.)

Müxtəlif ölkələrdə başqa qardaşlarımız da çətin günlər yaşayır, təzyiqlərə məruz qalırlar. Fəlakətlər əllərini və qollarını bağlamış, çətinliklər bir-birinin ardınca gəlmiş, nəticədə onlar üçün həyat yükü ağırlaşmış, həyat daha da dözülməz olmuş, iman əhlinin qəlbini ağrı-acıdan, hüzn və kədərdən sarsıdan vəziyyətlər, faciələr, aclıq və xəstəliklər yayılmışdır. Ey müsəlmanlar! Onlara yardım etməyə, çətinliklərini aradan qaldırmağa, maddi və mənəvi dəstək olmağa çalışın. Bu, iman qardaşlığının və İslam əlaqəsinin bir zərurətidir. Onlardan möhtac olanlara yardım edin, dərdlərini və kədərlərini yüngülləşdirmək üçün olanlara təsəlli edin.

“…Özünüz üçün əvvəl (dünyada) nə yaxşı iş görsəniz, ALLAH dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. ALLAH`dan bağışlanmağınızı diləyin. Həqiqətən, ALLAH Bağışlayandır, Mərhəmətlidir!” (əl-Muzzəmmil surəsi, 73/20.)

Ey ALLAH`ın qulları! Rəhmət və hidayət Peyğəmbərinə xeyir-dua edin. ALLAH (Subhanahu va Taala) sizlərə bunu əmr edərək belə buyurur:

“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (əl-Əhzab surəsi, 33/56.)


Tarix: 04.05.2013 / 18:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 504 Bölmə: Ramazan
loading...