Bismilləhir-Rəhmanir-Rəhim
Əbu Hüreyrədən (A.O.R.O) rəvayət olunur ki, Peyğəmbərimiz (S.A.S) belə demişdir: "Kim Ramazan ayını imanla və əməlinin savabını hesaba çəkərək (hiss edərək və əməlinin qarşılığını Allahdan gözləyərək) qalxarsa (yəni gecələri namaz qılarsa), onun keçmiş günahları bağışlanar." (Səhihdir, Buxari rəvayət etmişdir.)
Hörmətli müsəlman bacılarımız və qardaşlarımız! Hamımızın bildiyi kimi Ramazan ayı ibadətlər ayıdır. Bu ayda oruc tuturuq, Qur'ani Kərimdən daha çox oxuyuraq, nafilə və gecə namazlarını çoxladırıq, xeyir əməllərimizi artırırıq. Həmçinin bu ayda çoxlarına məlum olan Təravih namazları vardır. Bəzilərimizin bu namaz haqqında çox məlumatı yoxdur. Ramazan ayının gəlişindən istifadə edərək, sizlərə bu namaz haqqında qısaca məlumat vermək istərdik.
Birincisi, niyə bu namazları təravih adlandırıblar? Təravih dincəlmək mənasını ifadə edir. Peyğəmbər səllallahu aleyhi və səlləm və səhabələr bu namazları qılarkən dörd rəkətdən sonra dincələrdilər. Elə buna görə də o, təravih adlanmışdır.Peyğəmbərimiz (S.A.S) Ramazan ayında təravih namazını qılardı və ona görə də təravih namazını qılmaq sünnədir (Peyğəmbərin səllallahu aleyhi və səlləm etdiyi müstəhəb əməllərdəndir). Təravih namazını camaatla qılmaq daha əfВ¬zəldir, lakin əlbəttə fərdi olaraq da qılmaq olar. Elə buna görə də, təravih namazını evdə də qılmaq olar, onu məhz məsciddə qılmaq vacib deyil.
Təravih namazının müəyyən olunmuş sayda rəkətləri yoxdur. Peyğəmbər səllallahu aleyhi və səlləm gecə namazlarını on bir və ya on üç rəkətdən çox qılmazdı. Lakin təravih namazını bundan az və yaxud çox qılmaq da olar. Belə ki, bir kişi Peyğəmbərdən səllallahu aleyhi və səlləm gecə namazı barəsində soruşduqda o, demişdir: "Gecə namazları iki (rəkət)-iki (rəkət) qılınır...." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Təravih namazını işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar. Təravih namazı üçün elə bir müddət təyin olunmamışdır, həmçinin təravih namazında Qur'ani Kərimdən oxunan ayələrin miqdarına məhdudiyyət yoxdur. Lakin camaata namaz qıldıran imam onların arasındakı qocaları, qadınları və uşaqları nəzərə almalıdır.
Gecə namazlarını həm səslə, həm də səssiz qılmaq olar.
Bundan başqa, bu gecələrdə Quran oxumaq, Allahı xatırlamaq, dua etmək, elm tələb etmək sünnəyə müvafiqdir. Bu gecələrdə səhərə kimi oyaq qalıb ibadət etmək də olar, amma bu vacib deyil.
Allah sizləri Ona layiqincə ibadət etməkdə və zikr etməkdə müvəffəq etsin!
Tarix: 06.01.2013 / 16:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Ramazan