"Tərləmiş arizinə çəkdi əlin ol gülru"
Tərləmiş arizinə çəkdi əlin ol gülru,
Gör nə ustaddır, ey dil, çıxarır oddan su,
Qanə döndü meyi-gülfam görüb ləli-ləbin,
Xum ayağına həsəddən yıxılıb sındı səbu.
Xal düşmüş üzünə, mərdümi-çeşminə baxır,
Şəh hüzurunda durub sanki qulami-hindu.
Gün tutuldu, şəbi-yelda tək hava oldu qara,
Üzünə şanə ilə açdı nigarım geysu.
Nafəyi-mişkin atar Çinə, qaçar səhrayə,
Zülfi-ənbərşikənin görsə, Xətadən, ahu.
Dəri-meyxanədə gördükdə əlimdə şişə,
Dostlar, zahidi-bədkiş mənə oldu ədu.
Vaqifa möizəyi-vaizə aldanma dəxi,
Neçə yüz məscidi viranə qoyub ol bayqu.
Tarix: 30.03.2013 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Qezeller
loading...